Səbail rayonunun Nizami küçəsində, "Torqovı” adlanan ərazidə Pakistan vətəndaşına qarşı soyğunçuluq edən 20 yaşlı qadın barəsində məhkəmə hökmü elan edilib.
Turkustan.az-ın məlumatına görə, 2005-ci ildə Yevlax şəhərində anadan olmuş Ulduza Bukavizin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (bir qrup şəxs tərəfindən), 177.2.4 (təkrar törədildikdə) və 177.2.5 (azyaşlı şəxs tərəfindən törədildikdə) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ulduza Bukavizin azyaşlı bacıları – 12, 15 və 16 yaşlarında olan qızlar, eləcə də iki digər qohumu ilə birlikdə həmin ərazidə dilənçiliklə məşğul olublar.
Onlar "Torqovı”da gəzən üç Pakistan vətəndaşına yaxınlaşaraq pul istəyiblər. İstəkləri cavabsız qaldıqda, qadınlar Jameel adlı Pakistanlı iş adamını əhatəyə alıblar. Bu zaman qızlardan üçü onun diqqətini yayındırmağa və israrla pul istəməyə başlayıblar. Onlardan biri hətta əlləri ilə onun ayaqlarından tutaraq yalvarışla pul istəyib. Bu vaxt Ulduzanın 12 yaşlı bacısı Leyla Bukavizin gizlicə iş adamının cibindən 3500 ABŞ dolları götürüb və ərazidən uzaqlaşıblar.
Əldə olunan pul Ulduza Bukavizin bacıları və qohumları arasında bölüşdürülüb.
Zərərçəkmiş şəxs – iş adamı Jameel – ifadəsində bildirib ki, Pakistan İslam Respublikasının vətəndaşıdır, işləri ilə bağlı həm Pakistanda, həm də Dubayda yaşayır. Azərbaycana isə investisiya yatırmaq və iş qurmaq məqsədilə gəlib. O, hadisə ilə bağlı Ulduza Bukavizindən şikayətçi olmadığını, maddi ziyanın isə ödənildiyini qeyd edib.
Məhkəmənin hökmü ilə Ulduza Bukavizin barəsində 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin müddət ərzində o, Yevlax rayonunun ərazisini tərk etməməli və elektron nəzarət qolbağı ilə nəzarətdə saxlanılacaq. /Qaynarinfo/