Bolşeviklərin Azərbaycandakı qurbanları


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

IV Yazı

Gəncə Soyqırımı

Gəncə Üsyanı (24 may 1920-4 iyun 1920) . May ayının 23-də Azərbaycan Xalq Cümhuriyyətini Gəncədə bərpa etmək üçün rus işğalına qarşı üsyan başçılarının geniş müşavirəsi keçirildi. Gəncə üsyanının ümumi rəhbəri və üsyan uğurlu alınarsa qurulacaq Azərbaycan hökumətinin ümumi lideri və başçısı general-mayor Məhəmməd Mirzə Qacar seçilmişdi. Ona üsyandan sonra təşkil olunacaq yeni hökumətə rəhbərlik etmək tapşırılmışdı. Məhəmməd Mirzə Qacar Qacar Dövlətini (1785-1925) idarə edən Qacar sülaləsi nəslindəndi.Üsyan lideri kimi cəbhə xəttində şəhid olmuşdu.Üsyanın bolşeviklər tərəfindən yatırılması zamanı qardaşları general-mayor Əmir Mirzə Qovanlı Qacar və general-mayor Feyzulla Mirzə Qacar Qovanlı şəhid edilmişdi.

Aprel işğalından sonra may ayında Cavad bəy Şıxlinski,Cahangir bəy Kazımbəyli və Gəncə komendatı Məhəmməd Mirzə Qacar tutduqları vəzifələrdən azad olunurlar.Azərbaycanın ruslar tərəfindn işğalına etiraz olaraq Gəncə şəhərində yerləşən Azərbaycan hərbi hissələri və əhali üsyana başlayır.

1920-ci il mayın 23-də Gəncədə keçirilən geniş müşavirədə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təchizat rəisi,general-mayor Məhəmməd Mirzə Qacar, birinci piyada diviziyasının komandiri,general-mayor Cavad bəy Şıxlinski (Rüstəm bəy Şıxlinskinin qardaşı,general-leytenant Əliağa Şıxlinskinin qardaşı oğludur),süvari diviziyasının komandiri general-mayor Teymur bəy Novruzov (Tovuzun Qovlar kəndindən idi),polkovnik Cahangir bəy Kazımbəyov (Gəncə şəhərind dünyaya gəlib.Sankt Peterburq Hərbi Akademiyasını bitirib) və başqaları var idi.Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası,üçüncü Gəncə alayının bölmələri,üçüncü Şəki süvari alayının təlm komandası,bir topçu batereyası,diviziya qərargahına tabe olan komendant bölmələrinin şəxsi heyəti iştirak edirdi.Üsyan vaxtı Azərbaycan Xalq Cümhuriyyətinin I Azərbaycan piyada diviziyası hələ sovet üsulu ilə yenidən formalaşdırılmamışdı.Üsyançılar Azərbaycanla-Gürcüstan arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə olduğu üçün Gürcüstandan hərbi yardım istədilər.Üsyançıların 2000 təlim görmüş əsgəri, 6 topu,22 pulemyotu var idi.Sonradan şəhər əhalisindən formalaşan könüllülərin sayəsində üsyançıların sayı 10-12 min nəfərə çatır.

Üsyanın əsas səbəblərindən biri,milli başıpozuq avantüristlərdən təşkil olunan “Şəriət Alayı”idi.Bu alaya Zülfüqar adlı birisi başçılıq edirdi.Özünü dindar adlandıran şəxslər şəriət dövləti olmadığı üçün Türk və Müsəlman dünyasının ilk layik,dünyəvi dövlətini və cümhuriyyətçiləri təhqir edib,alçaldırdılar.”Şəriərt Alayı”nı bolşeviklər təşkil etmişdilər.İşğalın ilk vaxtında İttihadçılar və dindarlarla bolşeviklər əməkdaşlıq edirdilər.Bütün bu gedişat üsyanın başlanmasını sürətləndirdi.

Rusların 20-ci atıcı diviziyasının hərbi hissələri Azərbaycan ordusunu tərksilah etmək üçün Gəncəyə yeridildi. Üsyan bu tərksilahı önləmək üçün 1920-ci il mayın 24-dən 25-nə keçən gecə başladı. Qısa müddətdə şəhərin mühüm obyektləri, Azərbaycan türkləri yaşayan məhəllələrdəki rus qoşun hissələrindən təmizləndi. Şəhərin əksəriyyəti Azərbaycan ordusunun nəzarəti altına götürüldü.Hərbi anbar, mərkəzi həbsxana, dəmir yol stansiyası, fövqəladə komissarlığın binası ələ keçirildi. Şəhər həbsxanasına 3000 rus bolşevik əsgəri və “Şəriət Alayı” əsir alınaraq salınmışdı. Ruslar Yelendorf (Göygöl) tərəfdən hücuma keçdilər və həmin hücumların da qarşısı alındı, ruslar məğlub edildilər. General-mayor Məhəmməd Mirzə Qacar tərəfindən Cavad bəy Şıxlinskiyə bolşeviklərdən qənimət kimi alınmış toplardan istifadə yolu ilə şəhərin artilleriya müdafiəsini təşkil etmək, Cahangir bəy Kazımbəyliyə III Gəncə alayına və könüllü dəstələrə rəhbərlik etmək tapşırıldı.

Mayın 28-də üsyançılar Azərbaycanın istiqlal bayramını qeyd etdilər.Şəhər mühasirədə olsa da,həmin il 28 May Gəncədə böyük coşğu ilə keçirilib.Qaçaq Qənbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz slahlıları ilə birlkdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərdilər.

1920-ci ilin qanlı 28 May günü-Azərbaycanın müstəqilliyinin ikinci ildönümü də belə başa çatır. Həmin günü üsyanın gedişində ən ağır və çətin məqamlardan biri saymaq olar.Torpağı şəhid övladlarının və düşmənin qanı ilə səxavətlə sulayan qədim Gəncə öz qəhrəman ruhunu bir daha təcəssüm etdirir.

Gəncədə yaşayan qatı kommmunist Səid Cavadovun casusları gecələr üzümlüklərin arası ilə qaçıb üsyançıların toplaşdığı yerləri, silah-sursat anbarlarını XI ordunun qərargahına xəbər verdilər. Etdikləri xəyanətə görə Səid və əlaltıları Sarı Ələkbərin adamları tərəfindən tutularaq güllələnir.

Mayın 29-da Şəmkir tərəfdən ciddi hücum olacağı xəbərini alan Cahangir bəy Kazımbəyli alman əsilli polkovnik Hauzen ilə kəşfiyyatdan sonra vəziyyətin doğrudan da gərgin olduğunu görüb, əsas qüvvələri Şəmkir istiqamətinə cəmləşdirdi. Kazımbəyli, Hauzen və kapitan Mirizadənin rəhbərlik etdiyi Azərbaycan hissələri bolşeviklərin 18-ci süvari diviziyasını 600 metr irəli buraxaraq, 22 pulemyot, 6 topun köməyi ilə geri oturda bildilər. Kazımbəylinin xatirələrinə görə döyüş gedən sahə öldürülmüş və yaralanmış rus əsgərləri ilə dolu idi.

Mayın 29-da sübh saatlarından etibarən ruslar şəhərə qısırğa kimi top atəşi yağdırdılar. Təxminən saat 8 radələrində isə sıx cərgələrlə Yelendorf səmtindən 1-ci batalyonun mövqelərinə hücuma atıldılar. Həmin gün 2-ci artilleriya batareyasının və tərkibində könüllülərin də vuruşduğu iki pulemyotçu rotasının cəlb olunması ilə daha da möhkəmləndirilmiş 1-ci batalyon düşmənin hücumunu mətanətlə dəf edir.Belə həmlələrin birində batalyonun cəsur komandiri Mirizadə həlak olur. Gün ərzində davam edən döyüşlər zamanı Milli Ordumuzun polyak əsilli podpolkovniki Stankeviç və alman əsilli polkovniki Hauzen savaş zamanı şəhid olurlar.

May ayının 30-dan etibarən rus ordusu şəhər ətrafında və şəhər daxilində hərbi təşəbbüsü ələ keçirməyə başladılar. İlkin olaraq 1-ci tabor və onun ətrafında olan partizan dəstəsi çoxsaylı rus ordusunun güclü təzyiqi altında öz mövqelərinindən geri çəkilməli oldu. Nəticədə,şəhərin erməni məhəlləsi sovet qüvvələrinin nəzarəti altına düşdü. Həmin gün,eynizamanda Şəmkir istiqamətində mövqe tutmuş 2-ci taborun mövqeləri üzərinə də ciddi hücum baş verdi. Lakin bu istiqamətdə sovet qüvvələrinin qarşısını saxlamaq mümkün oldu.

Mayın 30-da Gəncəni mühasirəyə alan XI Qızıl Ordunun, 5 atıcı və 6 süvari alayı,7 xüsusi dəstəsi,2 zirehli maşın divizionu,8 zirehli qatarı,57 ağır topu var idi. Mayın 28-də Gəncə üsyançılarına çatan xəbər ürəkaçan deyildi. Gürcüstan Rusiya ilə hücum etməmək müqaviləsi imzaladı. Gürcülər də ruslar tərəfindən aldadıldılar.Mayın 31-dən iyunun 1-nə keçən gecə Gəncəyə rusların bütün qüvvələrinin şiddətli hücumları oldu. İyunun 2-dən vağzal tərəfdən ruslar zirehli qatarlarla atəş açmağa başladılar.Şəhər dayanmadan top atəşinə tutulurdu. Üsyançılar iyunun 2-dən 4-dək mühasirəni yarıb adamları xilas etmək üçün çalışdılar. Şəhərdə yaşayan ermənilər rus əsgərləri ilə birlikdə dinc əhaliyə qarşı soyqırım törətdilər. Nəhayət Avropa modeli əsasında təşkil olunmuş Azərbaycan ordusunun üsyan qaldırmış hissələri mühasirəni yara bildi. Camaatın bir hissəsi Gəncəşay, Quşqaraşay tərəfdən çıxmağa başladılar və ətraf kəndlərdə gizləndilər.

Üsyanın iştirakçısı olmuş Samuxlu qaçaq Məmmədqasım Gəncə üsyanının yatırılmasını belə xatırlayırdı: Nəhayət,bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər.Onlar üç gün,üç gecə heç kimə fərq qoymadan-uşaqları, qadınları, qocaları da vəhşicəsinə məhv etdilər. Küçələrdə o qədər meyit var idi ki, hərəkət etmək mümkün deyildi. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı.Gəncə çayı daşdığından şəhərə daxil olmağa maneçilik törədirdi. Şəhərin su hovuzları da təzə qanla dolmuşdu. Şəhərin II hissəsi ilə düşmənin irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və ismətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra isə özlərini suya atıb məhv olurdular.Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçirməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün deyildi.Bu faciə idi, gözlənilməz bir faciə.Belə hərəkətlərlə bolşeviklər Azərbaycana hürriyyət, qardaşlıq, sosializm gətirdilər. Onlar Gəncəyə daxil olanda şəhər bomboş idi.

XI Qızıl Ordu qərargahının əməliyyat kitabçasında 1920-ci il 1 iyuna qeydlərdə bunlar yazılıb: Mühasirədəkilər inadkarcasına müqavimət göstərib bizə ciddi itkilər verdilər. Bolşeviklərin qəzəbi saha da artıb güclənirdi.Yəqin üsyançılar bizim nümayişkəranə hücumumuzun uğursuzluğunu və bizim zəifliyimizi görüb eyni vaxtda bütün üsyan boyunca bizim hissələrin yerləşdiyi şəhərin erməni hissəsinə və stansiyaya böyük enerji ilə hücum etdilər.Bundan sonra üsyançılar bir daha hücuma cəhd etmədilər.Lakin bizim hissələri artilleriya atəşinə tutub bizə hiss ediləcək qədər itkilər verirdilər.

Rus qoşunları top mərmilərinin hara düşməsinin fərqinə varmadan şəhəri davamlı atəşə tutdular. Top atəşindən sonra Gəncənin böyük hissəsi dağıdılmışdı.Bu dağntılardan canlarını salamat qurtarmaq istəyən əhali isə qırmızı süvarilər tərəfindən yerindəcə məhv edilirdi.

Bolşeviklər üsyanın yatırılması üçün şəhərə Azərbaycandakı bütün ordu hissələrini yeritdilər. Gəncədə yaşayan ermənilər rus ordusuna kömək edirdilər. Üsyan başladıqdan sonra Gəncə ətrafındakı Zəylik kəndindən 140, Çardaqlıdan 150-200,Badakənddən 40 erməni bolşevik qüvvələrinə qoşuldular. Üsyan ərzində üst-üstə təxminən 20 mindən artıq Azərbaycan türkü öldürüldü. Şəhər,demək olar ki,boşaldı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38.880 -ə endi.

Üsyan yatırıldıqdan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Qeyri-rəsmi məlumatlara görə Gəncə Soyqırımında 20 mindən artıq dinc əhali qətlə yetirildi. Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən 13 min adam məhkəməsiz güllələndi. Qızıl Ordu isə Gəncə döyüşlərində 9000 nəfərdən artıq əsgərini itirdi.6 mindən artıq Qızıl Ordu əsgəri isə yaralandı.

Gəncə Soyqırımı barədə Qafqazda Fransa missiyasının məxfi hesabatında deyilirdi: Şəhərin bütün müsəlman hissəsi dağıdılıb,ölənlər arasında 2-3 yaşlı uşaqlar var. Zorakılığa məruz qalmış qadınlar arasında 8 yaşlı qıza da rast gəldik.

İlk günlər meyitləri basdırmağa icazə vermirdilər. İyunun 4-də fövqəladə komissar Mirzə Davud Hüseynov Gəncədən Azərbaycan inqilab Komitəsinə yazırdı:”Şəhərin küçələrində meyit qalaları indiyədək durur! Yalnız epidemiya təhlükəsi qarşısında, məsələ Bakıda müzakirə edildikdən sonra,Gəncə Vilayət Komitəsi öldürülənlərin meyitlərinin qohumları tərəfindən maneəsiz basdırılmasına dair” göstəriş verdi.

Gəncə üsyanının bir çox iştirakçısı sonradan başqa ölkələrin ordularında xidmət ediblər. Aslan Hacızadə, Firudin bəy Dəryal, Məmməd Ağpolad, Səməd bəy Rəfibəyli, Cahangir bəy Novruzov kimi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri öncə Gəncə üsyanında, daha sonra isə Qarabağ üsyanında iştirak etdikdən sonra ölkəni tərk etmiş Türkiyəyə köçərək orada Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişlər. I Cavanşir piyada alayının komandiri Səməd bəy Rəfibəyli 1948-ci ildə Türkiyə ordusunda xidmət edən digər Azərbaycan türkü Cahangir bəy Novruzovla birlikdə general rütbəsinə yüksəlirlər.

Üsyan yatırıldıqdan sonra repressiya ziyalılardan da yan keçmədi. Görkəmli ədəbiyyatçı Firudun bəy Köçərli, maarifçi Mirzə Abbbas Abbaszadə sorğu-sualsız güllələndilər.Maarif və teatr xadimi Mirzə Məhəmməd Axundzadə isə 10 il həbs cəzası aldı.29 may tarixində həm də Azərbaycan Xalq Cümhuriyyətinin Əksinqilab ilə mübarizə təşkilatının rəisi Məmmədbağır Şeyxzamanlı da həbs olunaraq güllələnir. Həbs olunanlar arasında Qafqazın VII Şeyxülislamı Axund Məhəmməd Molla Əli oğlu Pişnamazzadə də var idi.

1920-ci ildə bolşevik emissarı tərəfindən Leninə yazılmış gizli məktubda Gəncədəki qanlı hadisələr haqqında qısaca olaraq bunlar yazılıb: Ciddi qırğınlar baş verdi.Yelizavetpoldakı hissələrimiz tərəfindən müsəlmanların kütləvi məhv edilməsi şübhəsiz ki, müsəlmanların əhəmiyyətli hissəsi ilə sovet hökuməti arasında olan fikir ayrılığının dərinləşməsinə səəbəb olacaq.Yerli əhali sovet hökumətinə sadəcə Moskva təmsilçisi kimi baxır.

Rusiyalı tarixçi və siyasətçi Segey Melqunov isə qeyd edirdi ki,bolşeviklər üsyanın yatırılması zamanı 40 min müsəlmanı qətlə yetiriblər.

Ceyhun Hacıbəyli 1952-ci ildə çapdan çıxmış “Azərbaycan” dərgisində Gəncə üsyanı haqqında belə yazırdı: Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hərəkatında millətimizə atılan ləkəni silb-götürdü.

Gəncə Soyqırımı Bakıdakı Mart soyqırımı kimi tariximizin bir parçasıdır.Bu soyqırımı yaddaşlarda saxlamaq üçün anım tədbirləri digər tədbirlər ilə yaddaşımızda saxlamalıyıq.

Ardı var


MANŞET XƏBƏRLƏRİ