Aydın Qasımlı
Azərbaycan və ümumən Türk dünyasının ədəbi , ictimai – siyasi və fəlsəfi fikir tarixində müstəsna rolu olan Mirzə Məhəmməd Tağı oğlu Mirzə Fətəli Axundzadə 12 iyul (30 iyun ) 1812 –ci ildə Nuxa ( indiki Şəki ) şəhərində anadan olmuş, himayəsində olduğu anasının əmisi Axund Ələskər onu mollaxanaya qoymuş , burada o , ərəb və fars dillərini mükəmməl öyrənmişdi .
1832- ci ildə Axund HacıƏləskər , Mirzə Fətəlini Gəncəyə aparmış , burada o , məntiq və fiqh elmlərini , həmçinin dövrün tanınmış mütəfəkkiri , Azərbaycan Türkü Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdi . Mirzə Şəfi Vazehlə tanışlığı onun gələcək həyatına mühüm təsir göstərmiş , onun bir mütəfəkkir kimi yetişməsində önəmli rol oynamışdı .Bir il sonra Nuxaya qayıdan Mirzə Fətəli 1833 –cü ildə burada yeni açılan “ Rus Məktəbi “ ndə təhsilini davam etdirmiş , oranı bitirdikdən sonra 1834 – cü ildən ömrünün sonuna kimi Tiflisdə Rusiyanın Qafqaz Baş Dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi kimi fəaliyyət göstərmiş və polkovnik rütbəsinə qədər yüksəlmişdi .
Mirzə Fətəli 1842 – ci ildə anasının əmisi Hacı Axund Ələskərin qızı Tuba xanımla evlənmiş , bu evlilikdən 13 övlad dünyaya gəlsə də onlardan yalnız ikisi – oğlu Rəşid bəy və qızı Nisə xanım sağ qalmışdı .
Mirzə Fətəli Axundzadə 10 mart ( 26 fevral ) 1878 –ci ildə Tiflisdə vəfat etmiş , orada da dəfn olunmuşdur .
Ana dili Türkcə ilə yanaşı ərəb , fars , rus və fransız dillərini mükəmməl bilən Mirzə Fətəli Axundzadə özünəqədərki dünya elm , mədəniyyət və fəlsəfə tarixini nəzərdən keçirmiş , onların arasındakı əlaqələri , oxşar və fərqli cəhətləri tədqiq edərək əsərlərində fəlsəfənin bu və ya digər məsələləri haqqında özünün orijinal fikirlərini irəli sürmüşdü . Filosof qədim Şərq , Yunanıstan və müsəlman Şərqinə aid dünyagörüşləri müqayisə edərək göstərmişdi ki , qədim Yunan filosofları qədim Misirlilərdən , Finikiyalılardan və Hindlilərdən , ərəbdilli filosoflar da öz növbəsində qədim Yunan filosofları Aristotel, Hippokrat , Qalen , Platon və başqalarından yararlanmışlar .
Filosofun fəlsəfi fikirləri əsasən onun “Hindistan şahzadəsi Kəmalüdövlənin İran şahzadəsi Cəmalüdövləyə ( farsca ) üç məktub “ və “ Cəmalüdövlənin ona ( (Türkcə ) cavabı” adlı fəlsəfi əsərində,həmçinin “ Həkimi-İngilis Yuma cavab “ , “ Yek kəlmənin tənqidi “ məktubları, “ Babilik əqidələri “ , “ Mollayi Ruminin və onun təsnifinin babında “ və s . əsərlərində öz əksini tapmışdır .
Elmi , maarifi tərəqqinin əsas amili hesab edən mütəfəkkir öz sosial – siyasi idealının həyata keçirilməsində insan ağlına böyük önəm vermiş və göstərmişdir ki : Dünyanın əsası maddidir . Təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən əbədi və sonsuz maddi substansiyanın təzahürü , öz – özünün səbəbidir . Onun mövcud olması üçün heç bir təbiətüstü metafizik varlığa ehtiyacı yoxdur .
Filosof materialist dünyagörüşünü və substantiv fəlsəfi doktrinasını aşağıdakı kimi açıqlamışdır :
“ Təbiətdə hər şeyin əsas səbəbi maddədir . Dünya maddidir və Kainat da maddədən yaranmışdır.Maddə orijinaldır və onun yaranması üçün başqa səbəbə ehtiyac olduğunu görmürəm . Mən , məkan və zaman obyektivliyini qəbul edirəm . Zaman və məkan obyektivdir , maddə isə onun aksesuarlarıdır . Təbiətdəki hər bir hərəkətin və dəyişikliyin Allahın iradəsinə uyğun olaraq həyata keçirildiyi doktrinasını rədd edirəm . Təbiət öz qanunlarına uyğun olaraq inkişaf edir . Bunda şans üçün bir yer yoxdur , bu da hər yerdə ciddi rifaha səbəb olur . Bilinç və ruh maddənin məhsuludur , maddə müstəqil olaraq yaşaya bilməz . Ruh , nə olursa olsun , bədənsiz , yəni bədən olmadan özünü ifadə edə bilməz , necə ki , ağlı da beyinsiz təsəvvür etmək olmaz . Bunun və sonrakı həyatın ölümsüzlüyünün dini doktrinasına isə qarşıyam “ (Seçmələr bizimdir –A. M . Bax : Filosofskaya i sosioloqi- çeskaya mısl narodov SSSR v XIX v . Kratkiy oçerk istorii filosofii , Moskva 1971 ) .
Hissi idrakın rolunu həlledici hesab edən filosof , idrak məsələsində materialist sensualizm mövqeyində olmuşdu . Materialist filosof , varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini irəli sürmüş , Dünyanın Allah tərəfindən heçdən yaradılması fikrini qəbul etməmiş və göstərmişdir ki , Varlıq təkdir , yaradan da , yaranan da odur, o, özü – özünün səbəbidir . Bu Kainat bir vahid , qadir və kamil vücuddur , Əvvəl də , Axır da Odur . Nə Ondan qabaq başlanğıc olmuş , nə də Ondan sonra son olacaq . Zaman onun tələblərindən , Məkan isə keyfiyyətlərindəndir .
Mirzə Fətəli Axundzadənin fəlsəfi irsinin ontoloji aspekti materialist və ateist , qneseoloji aspekti isərasionalist təmayüllü idi. Filosofa görə , Kainat əsasən hissəciklərdən ( atomlardan ) ibarət maddi substansiya , əvvəli və sonu olmayan kamil , bütöv və vahid varlıqdır . Zaman və Məkan onun zəruri atributlarıdır . Maddi varlıq olan Kainat daim hərəkətdədir , qanunauyğunluğa söykənir və bunların mövcudluğunda İlahi qüvvənin iştirakı yoxdur . Kainat həm yaradan , həm də yaradılandır .
Filosof , rasionalizmə əsaslanaraq maddi varlığın İnsan hissləri , ağlı və müxtəlif elmlər vasitəsilə dərkini təsdiq edirdi . Onun fəlsəfi dünyagörüşündə dialektika mexanistik baxışlarla birgə mövcuddur .
Kainatda qarşılıqlıəlaqə , asılılıq , səbəb və nəticə , hissə ilə tamın vəhdətini irəli sürən mütəfəkkir , hərəkəti yerdəyişmə və kəmiyyət dəyişikliyi kimi qəbul etmiş , zaman daxilində kəmiyyət dəyişikliklərini isə dairəvi hərəkət daxilində baş verdiyini irəli sürmüşdür . Filosof , yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etməmiş , fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi və müdafiəsini idealizm , teologiya və aqnostisizm prinsiplərinin tənqidi ilə paralel şəkildə şərh etmişdir .
Filosof , Şərq və Azərbaycan fəlsəfəsinin Peripatetik , İşraqilik və Panteist ənənələrinin dini – mistik cəhətlərini qəbul etməmiş , materialist prinsiplərini isə qəbul etmişdi .
Azadlığı İnsanın təbii haqqı , İnsanın inkişafının zəruri şərti hesab edən filosof göstərir ki, hər bir fərd öz fikirlərini azad şəkildə söyləmək, təbliğ etmək , azad şəkildə yaşamaq hüququna malikdir . Mütəfəkkir İnsan azadlığı problemini İnsan hüquqlarının tam təmin edilməsi ilə əlaqələndirmiş və İnsan haqq və hüquqlarını tapdalayan quruluşların məhv edilməsini qəti şəkildə irəli sürmüşdü . O , azadlığın İnsana əzəli məxsusluğunu qəbul etmiş , azadfikirliliyi təbliğ etmiş , bəşəriyyətə azadlığı filosofların və alimlərin bəxş edəcəyinə inanmışdı .Öz ideya mübarizəsində təkamülə üstünlük verən filosof göstərir ki , azadlıq və ədalət bayrağını yüksəklərə qaldırmaqda əsas məqsəd xalqa öz həyatını dinc yolla həyata keçirməyə , firəvan və xoşbəxt yaşamağa imkan yaratmaqdır .
Böyük demokrat və azadlıq tərəfdarı kimi çıxış edən filosof , İnsan ağlının hər cür ətalətdən , din , cəhalət və xürafətdən , mürtəce quruluşun bütün buxovlarından azad olması ideyasını irəli sürmüş , bütün dünyada ağlın əbədi həbsdən qurtulmasını bəşəriyyətin xoşbəxtliyi və səadətinin əsası hesab etmişdi .
Öz yaradıcılığında sosial – siyasi problemlərə böyük önəm verən mütəfəkkir , feodal qayda – qanunlarını , despotik dövlət quruluşunu kəskin tənqid etmiş , ictimai həyatın ədalət əsasında yenidən qurulmasını irəli sürmüş , ilk əvvəl maarifpərvər ədalətli hökmdar fikrini , sonra isə “Konstitusiyalı Monarxiya “ fikrini müdafiə etmişdi .
Bütün Yaxın Şərq ölkələrində azadlıq ideyasının carçısı olan mütəfəkkirin ictimai – siyasi və fəlsəfi dünyagörüşündə zaman keçdikcə ciddi dəyişikliklər baş vermiş , 1870 – ci illərdə o , artıq yetkin , kamil bir inqilabçı – demokrat kimi özünü təsdiq etdirmişdi .
Mirzə Fətəli Axundzadənin fəlsəfi irsində dinin tənqidi mərkəzi yerlərdən birini tutur . Filosof , elmi dinə qarşı qoymuş , onların bir araya sığışmadığını sübut etməyə çalışmış , dini tərəqqi yolunda ən böyük əngəl hesab etmişdi . Mütəfəkkir dövrünün bir çox Türk maarifçilərindən fərqli olaraq dinlə , dini dünyagörüş və fanatizmlə ardıcıl mübarizə aparmış və son olaraq bəyan etmişdi ki : “ Mən bütün dinləri puç və əfsanə hesab edirəm ! “ . Sırf ateist mövqedən çıxış edən mütəfəkkir , dinin “ Axirət “ anlayışını və Ruhun ölməzliyi haqqındakı ehkamlarını rədd etmişdir .
İnsanların əmlak bərabərliyindən daha çox , hüquq bərabərliyindən bəhs edən filosof , qadınlar və kişilər arasında hüquq bərabərliyinə də xüsusi önəm vermişdi . Mütəfəkkir qadının cəmiyyətdə yeri və rolu məsələsinə dönə- dönə qayıtmış , ictimai həyatın bütün sahələrində qadınlara kişilərlə bərabər hüquq verilməsi fikrini qətiyyətlə müdafiə etmiş , qadın azadlığını bütün cəmiyyətdə azadlığın təbii ölçüsü saymış və göstərmişdi ki : “ Şəriətin nə haqqı var ki , qadın tayfasını “ Hicab ayəsi “ vasitəsilə daim həbsə atıb ömrü boyunca bədbəxt edir və yaşamaq nemətindən məhrum edir “ .
Filosof , yaşadığı dövrdə savadsız mollaların şəriət qaydalarından öz mənafelərinə uyğun istifadə edib qızları və qadınları cəhalətə məhkum etmələrini tənqid etmiş , əsərlərində qadınların hüquqsuzluğunu təsvir edərək onların başına gətirilən amansız bəlaları ifşa etmiş , qadının cəmiyyətdə mühüm mövqe tutmasını təbliğ etmişdi . Əsərlərində qadın obrazlarına geniş yer verən mütəfəkkir , çoxarvadlılığı tənqid etmiş , onun nə kimi faciələrə gətirib çıxardığını təsvir etmiş , cəmiyyətdə baş verən bütün bəlaların kökünü kişi ilə qadın arasında bərabərliyin olmamasında , qadınların hüquqsuzluğunda görmüş , qadınların üzləşdikləri cəhalətdən yaxa qurtarmağın yolunun məhz təhsildən keçdiyini irəli sürmüşdü .
Mirzə Fətəli Axundzadə maarifçiliyin də fəlsəfəsini yaratmış , onu sistemləşdirmiş , həm bədii , həm də fəlsəfi əsərlərində milli dövlətçilik prinsiplərini irəli sürmüş , dövlətçilik məfkurəsini tam şəkildə formalaşdırmışdır.
Axundzadə tədqiqatçılarından XX əsrin görkəmli Azərbaycan filosofu Heydər Hüseynov “ M. F. Axundovun fəlsəfi görüşləri “ adlı məqaləsində yazır : “ Bu böyük şəxsiyyətin bəhs etmədiyi heç bir böyük və kiçik məsələ olmamışdır . O ,drama , hekayə və şeirdən başlamış fəlsəfə, din , etika , kritika , moral , dil , dövlət , məktəb , tədris və s . bu kimi müxtəlif məsələlərdən bəhs etmiş və hər məsələyə öz dövrünə görə konkret və aydın cavab verə bilmişdir . Axundov ictimai – siyasi məsələlərlə maraqlanmış , ictimai həyatın dəyişməsi üçün çarələr axtarmışdı ... O , Azərbaycan ictimai fikrinin inkişafında qüvvətli dönüş yaratmışdır .
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin – dən biri olan Əbdürrəhim Bəy Haqverdiyev “M.F.Axundzadə haqqında “ adlı məqaləsində yazır : “ Epoletli ,mükafatlar , medallarla bəzədilmiş mündirlər altında hissləri ilə yanan odlu bir ürək döyünürdü . Bu ürək sahibi, Azərbaycanın milli varlığı , milli ləyaqəti , milli şüurunun formalaşması , milli mədəniyyəti və maarifi uğrunda mübarizə aparan alovlu inqilabçı – demokrat , filosof , mütəfəkkir,yazıçı,dramaturq M.F.Axundzadənin ürəyi idi “(Bax:Ə.Haqverdiyev,M.F. Axundzadə haqqında,“ Maarif və mədəniyyət “ jurnalı,№ 3 , Bakı 1928 ) .
Türk dünyasının XIX əsrdəki ictimai -siyasi,ədəbi- tənqidi fikrinin banisi , filosof Mirzə Fətəli Axundzadə həm də Türk dünyasının milli ideologiyasının banilərindən biridir .O,həm də Türk dünyasının ilk yaradıcı şəxsiyyətlərindən biri olmuş,yaşadığı mühiti , cəmiyyəti , ölkəni , bu ölkənin daxil olduğu bölgəni , Qafqazı və bütünlükdə İslam Şərqini , onun dünyagörüşünü,həyat tərzini,sənət meyarlarını kökündən dəyişmək,onu yenidən qurmaq , yenidən yaratmaq istəmiş,bütün bunları etmək üçün mənalı həyatını və bacarığını əsirgəməmişdir .
Yaşadığı cəmiyyəti kökündən dəyişdirmək kimi milli ideya inqilabına başlayan mütəfəkkirin həyatında və dünya – görüşünün formalaşmasında heç şübhəsiz ki çalışdığı yerin – Rusiya İmperiyasının Qafqaz və Şərq siyasətinin həyata keçirildiyi , siyasi və diplomatik məlumatların toplandığı və mərkəz Peterburqa ötürüldüyü Qərargahın – mühüm rolu olmuşdur . Çünkü dövrün İmperialist dövlətlərinin , xüsusilə, Böyük Britaniya , Fransa və Rusiyanın Şərq və bütövlükdə Asiya uğrunda mübarizələrinin bütün gizli məlumatları haqqında bu qərargah məlumatlandırılırdı . Bu hadisələrin içində olması , İslam Şərqinin və bütövlükdə Asiyanın bu imperialist dövlətlər tərəfindən necə parçalanaraq bölüşdü- rüldüyünü , Şərqingetdikcə daha da siyasi və mənəvi cəhətdən çökdüyünü , Şərqin Qərbə yem olduğunu görən , bu fəlakətin faciəsini yaşayan Mirzə Fətəli bütün bu proseslərə cəsarətlə öz müdrük münasibətini bildirmişdi .
Bütün Türk dünyasında mübariz materializmin əsasını qoyan Mirzə Fətəli Axundzadə yazmışdır : “ Dünyada İnsan üçün ən böyük ləyaqət özündən sonra yaxşı ad qoyub getməkdir ki , bu da yalnız yaxşı əməllər sayəsində ola bilər “ . Bununla mütəfəkkir sanki Özünü nəzərdə tutmuşdur .