Su... - Əkbər QOŞALI yazır...


Su…

Öncələrdə su vardı.

Öncələrdə nə söz vardı, nə söhbət — yalnız su, yalnız su… və sonsuz bir ruhi dalğalanma vardı.

Dünya, yaradılışın kökündə su ilə mayalandı, mənalandı...

İnsan, ana bətnində bir su damlası kimi var olmağa başladı. - Şair necə deyir? -

“İnsan ana bətninə düşən bir damla sudur,

Doqquz aylıq əsarətdən qayıdır” (M.İsmayıl)…

Həyat

suyla yazıldı,

suyla oxundu,

suyla ağladı... - Bax, bax, “suyla qaraladı” yazmırıq, “ağladı” yazırıq… Suyun günü ağ olsun!

Ustad der, öncələrdə yalnızlıq yox idi, çünki su özü artıq bir bağ idi: öz-özünə sevgi, öz-özünə axış, alxış, öz-özünə səs və söz!..

Su - yaşamın bəzən lal, bəzən pıçıltılı, bəzən də hayqırtılarla dolu hadisəsidir: özü su içmir, olur da kükrəyib-daşır amma illa danışmır... Danışmayan su ilə yalnız onu anlayaraq “danışa” - həmsöhbət ola bilərsən…

Nuhun gəmisi,

bir tufanın içində —

ümidsizliyin və vəd edilmiş sabahın arasında —

yenə suyun belində üzürdü, göz işlədikcə, ağıl işlədikcə də, işləmədikcə də üzürdü, üzürdü...

Nuh bilirdi ki, su qərq edər, amma onu da bilirdi ki, Yaradana təslim olan su, yaşadar həm də...

Nuh tufanı suyun İlahi qəzəbi və rəhmətiydi.

Nuhun öyküsündə su bir sınaqdır:

ya imanla axıb qurtulacaqsan

ya azğınlıqda batıb yox olacaqsan.

Bəli, tufan oldu,

qəzəb oldu,

amma yenə də su, bağışlayan əllər kimi

nəhəng gəmini saxladı, insanı xilas etdi... Bəlkə elə o zaman da suya bəlliydi - vaxt gəlib-vədə yetişəcək, türklər Nuhçıxana, Ağrıdağa çox da uzaq olmayan boğazdan bir gəmini çıxardıb quru ilə “üzdürəcək”lər, “üzdürəcək”lər, sonra yenidən o biri üzdən suya salıb, bir böyükmü-böyük şəhəri - İstanbulu fəth edəcəklər! - Və bu fəth bir çağın qapanışı, yeni çağın başlanğıcı olacaqdı!

Su çağlar üstü, üstünmü-üstün doğa hadisəsidir - daha doğrusu, doğanın özüdür, çox şey elə onun doğasındadır…

Su səndən təslimiyyət istəyir,

su səndən təmiz niyyət istəyir.

Yoxsa, səni yuyar, aparar, göyün ağuşunda itirib, dönər...

Su — İlahi Fərmanın həm qəzəbidir, həm rəhməti…

Biz Nuhun gəmisi kimi dalğalarda üzürük;

biz suyun yaddaşına sirrimizi əmanət edirik.

Nuh bir quş uçurtmuşdu öz gəmisindən…

Göz işlədikcə, ağlın isə gah işlədiyi, gah işləmədiyi suların ortasında bir parça torpaq, bir əlçim ümid sorağıyla...

O quş, min illər sonra Çingiz Aytmatovun yazdığı “Dəniz qırağıyla qaçan alabaş”dakı quş misaliydi:

Quru torpaq tapmadıqda, öz sinəsinin tükündən yolub, lələklərindən qoparıb, su üzərində dimdiyə dəyər nə varsa, onlarla düzüb-qoşub, elə su üzərindəcə bir yuva qurmalıydı... Qurmalıydı ki, ilk dəfə yumurtalamağı suya dönməsin… Yumurta qoymaq, balalamaq, artmaq… - bunlar suyun-qurunun, göyüzünün, gözişlədiyi hər şeyin, hər yanın ortaqsız yiyəsinin öz yaratdığına verdiyi ruhi gücdür, doğal hünərdir…

Quş dimdiyində zeytun budağı dönməsə də, su üzərində yuva qurmalıydı… Qurmalıydı ki, insanoğlu umuduna umud calasın, yenidən torpağa dönə bilsin: umud-umud, addım-addım, yuva-yuva, ağrı-ağrı… Və də Ağrı deyü…

Fədakarlıq — o, həyatın altun törəsidir.

Özündən verə bilməyən, nə özünə dönər, nə yaşada bilərdi. Nuhun gəmisinin yan aldığı dağın Sevinc dağı yox, Ağrıdağı olması da çox manidar deyilmi, sizcə?..

Yenə Aytmatovun təsvir etdiyi sular qoynundakı quş mövzusuna qayıtmaq istəyirəm. Öz canından yuva qurmaq!.. - Deyirəm, hikmətə bax, fitrətə bax!.. - Böyük suların ortasında, “umudsuz bir uçurum”un içində bir qayğılı quş öz sinəsini didib, tükünü, sonra lələklərini suya atırdı: özündən verdikcə, özünə yuva qururdu. Qururdu ki ilk yumurtasını ora qoysun... Bəli, yaradılışın kodu, şifrəsi, varlığın “özündəşeylər”i, mexanizmi işləyirdi…

Bir baxıma, bu, ana instinktinin rəmzidir.

Ayrıca, su, burada yalnız bir maddə deyil,

özündə heç bir dayaq olmayan, amma yenə də həyat daşıyan bir əsasdır.

Yəni su, həm ümid, həm də təhlükədir — ancaq fədakarlıq sayəsində umuda çevrilir.

Ana quşun suyun üzərində yaratdığı yuva, sanki insanın kainatdakı varlığını xatırladır:

-zəiflik, zəriflik içində güc axtarışı qutsaldır;

-doğa, insan və bütün kainat bir-birinin içində və bir-birinə bağlıdır.

İnsanın da yaşamı, fədakarlıqla suyun üzərində qurulmuş kövrək bir yuva misali...

Yaşamaq — suya yıxılmaq deyil, su ilə anlaşmaq, suyu anlamaq və üzüsulu yaşamaqdır.

Canını verən yaşadır,

can olur

canı qoruyan qorumasa, zatən su bilir nə edəcəyini...

Su üzərində qurulan yuva — bütün yaradılmışların öyküsü olmazmı ola?..

Deyir,

torpaqdan gəldik, torpağa dönəcəyik;

bir də, “Mənim sadiq yarım qara torpaqdır” deyiblər…

Hələ “Sudan gəldik, suya dönəcəyik” demək də var bu dünyada... Dünyada suların atəşlə oynaması var, bir də…

Amma suyun yaddaşında bir iz buraxdın yoxsa, yox? — bax, varlıq dastanı odur, o!..

Quş öz qanadında, öz göyündə,

sular suluğunda,

torpaq sadiqliyində,

dağlar ağrılığında olsun…

İnsanoğlu da belədir:

bir həyat toxumu üçün,

bəzən öz varlığından, öz sevgisindən, öz ruhundan qoparır.

Təlatümlər, dalğalar arasında, umudla - umuddan ötə inamla yaradır-qurur, yuva qurur...

Su, hər şeyi yadda saxlayır:

-İnsanın alxışını,

-Quşun yuvalıq lələyini,

- Dağ ağrılığı-uğruluğunu,

-Yanan şəhərlərin göz yaşını,

-Ana bətnində atan ilk ürək döyüntüsünü...

“Suya heyranam, suya.

Ağacla dost olarsa,

üzə gülər tumurcuq.

Od ilə birləşsə, onu söndürər.

Kirlə qarşılaşsa, təmizlər onu.

Unla qucaqlaşsa, xəmir olar, kündələnər.

Günəş ilə birləşərsə, göyqurşağı yaranar...

Ancaq yalnız qalarsa, lillənib, lillənib,

iylənər gün keçdikcə.

Könlümüz də su kimidir -

Başqasında var olan və ona məna qatan…

Di gəl ki yalnızlıqda pozulub,

qəhr olar gedər”…

- Bu, ünlü şair Füruğ Fərruxzadın suyu poetik şərhidir…

Bəli, şair belə yazır…

Su tək qalarsa öz mahiyyətindən uzaqlaşar...

Füruğ suyu çiçəkləndirir, kəpənəklər uçurdur -

Su ancaq paylaşanda yaşayır… -

Eynən insan ruhu kimi:

-Ünsiyyətdə,

-Sevgidə,

-Fədakarlıqda həyat tapır.

Tək qalan insan — “ölü su” kimidir. Hətta, suca belə bir ad da var: Ölü dəniz…

Axmayan su — həyat yox, yalnızlıq deyilmi?..

Bəli,

Fərruxzadın sözləri həm poetik, həm də kulturoloji anlamda çox zəngindir.

Burada su — ontoloji (varlıq yönlü) və etika, psixologiya yönlü simvol kimi işlənir:

-Su özü-özlüyündə saf, canlı və yaradıcıdır amma yalnız buraxılanda tənəzzülə uğrayır.

-İnsan qəlbi də eləcədir: başqaları ilə ünsiyyətdə, paylaşımda, qarşılıqlı təsirdə, bir sözlə, bir olduqda diri okur, iri olur; təkliyə, təcridə qapılanda isə ruhi geriləmə baş verir.

Füruğ, burada insanın:

-yaradıcı təbiətinə,

-qarşılıqlı əlaqənin həyatverici gücünə,

-yalnızlığın passivləşdirici, bəzən də məhvedici təhlükəsinə işarə edir.

Bu baxış, gələnəksəl Gündoğar mədəniyyət(lər)indəki su fəlsəfəsi (örnəyi, sufizmdə “su”yun həm ruhi təmizlik, həm də təslimiyyət rəmzi olması) ilə çağdaş varoluş fəlsəfəsinin (insanın münasibətlər içində mənalanması kimi) təbii bir sintezidir.

Su özüylə qaldıqda, axmadıqda, çağlamadıqda qoxar - lillə qoxar, illa qoxar…

Həyat da belədir:

Paylaşmadıqca, fədakarlıq etmədikcə, sevgi bağları qurmadıqca — qopur, çökür, qəhr olur... “Gedilməyən yolu kol-kos basar”…

Könül deyir, gəlin bu məqamda Füzulinin “Su” qəsidəsindən Füruğ Fərruxzadın “Su” fəlsəfəsinə

axan mədəni-mənəvi nəhrin, ən azından duyğu selinin izini sürək…

Füzuli və Su

Füzuli “Su” qəsidəsində suyu yalnız fiziki bir element kimi deyil, eşqin, yaşamın, diriliyin və kamilliyin rəmzi kimi təsvir edir.

Onun üçün su:

-könlün təşnəliyinin dərmanı,

-yaşamın başlanğıcı,

-təmizlik və saflaşma vasitəsi,

-eyni zamanda, sevgilinin lütfü qədər bərəkətli bir nemətdir.

Ən ünlü misralarından biri belədir:

“Saçma, ey göz, əşkdən könlümdəki оdlarə su

Kim, bu dəklü tutuşan оdlara qılmaz çarə su”.

Füzuli üçün su, ilahi sevginin, məhəbbət yolçuluğunun bir rəmzidir.

Füruğ və Su

Füruğ Fərruxzad isə, suyu, yaşamın, dəyişimin və qarşılıqlı təsirin simvolu kimi təqdim edir.

Onun yorumunda su:

-Öz-özünə qapanmayanda canlı və yaradıcıdır,

-Başqaları ilə təmasda çoxalır, gözəlləşir, təmizləyir,

-Ancaq yalnızlıqda sululuğunu itirir…

Burada su, artıq yalnız bir maddə deyil, insanın mənəvi enerjisinin, bağlarının, ictimai varlığının rəmzidir.

Axar su

Füzuli ilə Füruğun su təsəvvürləri arasında bir poetik çay axır:

-Hər ikisində su həyatla, təzəliklə, diriliklə eyniləşir.

-Hər ikisi tənhalığın və qırılmış bağların təhlükəsindən xəbər verir:

-Füzuli eşqsiz bir həyatın quruluğundan danışır.

-Füruğ tənha qalan suyun suluqdan çıxacağını deyir.

Deməli, Füzuli suyu ilahi və könül bağının şərti sayır,

Füruğ suyu ictimai və mənəvi əlaqənin şərti sayır.

Əslində hər ikisi eyni həqiqəti fərqli dillərlə deyir:

Sevgi varsa — həyat var; bağ varsa — həyat var; o bağ qırılarsa — tənəzzül var. Tənəzzülsə olmasın, olmasın! - Tənəzzül və “Ol”un yalnız bir məqbul variantı var: tənəzzül haqdan, haqlılıqdan uzaq olsun!

Beləliklə,

Füzulinin su yolu, zamanın içindən axıb gəlir və Füruğun qəlbində təzələnərək yenidən canlanır...

Böyük mədəniyyətlər və böyük qəlblər həmişə bir-birinə su kimi axar, bir-birində tamamlanar…

Suyun şərhi

…Sən hələ bir məni dinlə:

Deyirəm ki, “su dili”ylə danışdıq bəzən:

Atıldınsa bir gözəlin yalın ayaqlarına –

sevgi oldun sən...

bir igidin arxasınca atıldınsa –

uğur oldun,

çırpıldığın sifətlərdə – soyuq oldun...

Dəryasan - Sakit dedik,

çay olunca - Kür dedik...

Deyirəm,

kür yaşayıb, sakit ölmək

qismət ola,

ana su... – Sakit ölmək...

Ya sənə atılırıq,

ya sən atılırsan üstümüzə...

Üzüsuluykən ölsəydim

bircə...

Sucan şeirim olsun...

HAŞİYƏ 1:

Bax, elə bu yerdə, suyun yaddaşı olduğunu kəşf edən yapon alimi Masaru Emotonun su kristalları üzərindəki ünlü araşdırmalarına da vurğu edəlim. Hərçənd, onun işləri elmi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Biz olaya kulturoloji-fəlsəfi baxışla aydınlıq gətirməyə çalışalım:

-Masaru Emoto su üzərində apardığı eksperimentlərdə göstərdi ki:

-Gözəl sözlər, alxış, musiqi, sevgi dolu münasibət suyun molekulyar strukturunda harmonik və gözəl kristallar yaradır.

-Qəzəb, nifrət, qarğış, pozuq musiqi və ya çirkin fikirlər isə su molekullarını deformasiyaya uğradır, xaotik və necə deyərlər, gərgin strukturlar əmələ gətirir.

Emoto suyun üzərinə müxtəlif sözlər yazaraq və ya musiqilər səsləndirərək bu fərqləri mikroskop altında fotoşəkillərlə sənədləşdirib.

Emoto vurğulayır ki,

2003-cü ildə ABŞ-İraq müharibəsi başlayanda, Yaponiyadakı suların kristal şəkillərində də mənfi dəyişikliklər müşahidə olunub.

-Bu müşahidə kainatın enerjisəl bağlılığı və bir yerdəki şiddətin, başqa yerdəki varlıqlara da təsir etməsi fikrini gücləndirir.

Bu sonuc qədim Gündoğar (Türk-İslam) fəlsəfəsindəki “vəhdəti-vücud” ideyasına — yəni kainatın bölünməz ruhani bir bütün olduğu düşüncəsinə çox uyğun gəlir.

Türk-İslam mədəniyyətində, özəlliklə sufizmdə böyük filosoflar vəhdəti-vücud düşüncəsini əsaslandırıblar:

-Kainatda bir tək əbədi, dəyişməz, mütləq varlıq var;

-Bütün varlıqlar Onun təzahürləri, “kölgələridir”;

-Hər şey bir-birinə bağlıdır, bir-birini təsirləndirir.

Deməli:

-İnsanların iç dünyası,

-Dilimizdən çıxan sözlər,

-Qəlbimizdəki duyğular,

-Dünyadakı hadisələr

kainatın toxumasını dəyişdirir...

Masaru Emotonun kəşfi, sanki elmi müşahidə ilə Sufi hikmətini birləşdirir.

Bəs bütün bu sonuclar bizə nə deyir? - Deyir ki:

-Sözlərimizin, alxışlarımızın, düşüncələrimizin kainatda gerçək təsiri var;

-Sevgi, şəfqət, xoş münasibət — suyu, su vasitəsilə də həyatı gözəlləşdirir;

-Qəzəb, nifrət isə yalnız insan ruhunu deyil, təbiəti və maddi aləmi də çirkləndirir.

Bu isə həm fəlsəfi, həm də mədəni anlamda böyük bir məsuliyyət çağırışıdır:

İçimizi-çölümüzü təmiz saxlamalı, üzümüzün suyunu tökməməliyik ki, kainatın suyu da təmiz qalsın.

(Haşiyənin sonu).

Tarixin və əfsanələrin canlı axtarışı -

“Dirilik suyu”

Tarixdə “Dirilik suyu”nu, “ab-u həyat”ı, “ömür suyu”nu tapmaq arzusu sanki insanlığın ölümsüzlüyə qarşı üsyanı dəyərindədir...

Qədim Gündoğar əfsanələrində bu suyu Xızır və İlyas tapmış sayılır.

Deyirlər, Xızır dirilik suyunu içdikdən sonra zaman və məkan tanımayan, könüllərə yetişən bir ölümsüzlük simvoluna çevrilib.

Bəzi miflərdə İskəndər Zülqərneynin dirilik suyu üçün atəşli gəziləri anılır.

Hətta, yüzillər sonra, Günbatarda belə, Ponce de Leonun (Juan Ponce de León) Amerikada “Gənclik bulağı”nı (La fuente de la Juventud) axtarması buna bənzər universal bir ehtiyacın göstəricisidir.

Bu miflər suyun sadəcə həyatverici deyil, həyatın özünə çevrilən simvolik gücünü ortaya qoymuş olmurmu?..

***

“Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da”…

-Dünya şairlərinin baş komandanı - hikmətin və ölçü-ülgünün şairi, sirlər xəzinəsi Gəncəli Nizami belə deyir.

Bax, bu, sadəcə məişət və fizioloji bildiriş, uyarı deyil, bəlkə yaşam fəlsəfəsinin bir düsturudur:

-sevgi də,

-güc də,

-sərvət də,

-bilgi də — artıq olanda (yumşaq desək) gərginlik yaradır.

Su Nizamidə ölçünün, bəsirətin və kamalın simvoludur. Həddindən artıq olan — hətta və hətta su belə olsa… olmasın.

Bir də,

Şövkət Sürəyya Aydəmirin “Suyu arayan adam”ı var axı…

Bu ünlü türk yazarının 1959-cu ildə yazdığı “Suyu arayan adam” əsəri əslində, təkcə fiziki deyil, ideoloji, mənəvi və tarixi susuzluqdan əziyyət çəkən adamın portretidir. Aydəmirin özkeçmişini yazdığı bu əsərdə “su” həm gerçəklər axtarışı, həm də kimliyə, anlama və məfkurəyə çatmaq yolunun metaforudur.

Aydəmirin “su”yu — türklüyün öz kimliyini və azad yolunu axtardığı savaşdır. Bu, həm də sömürgəçilikdən qurtulmaq istəyən toplumların iç yanğısının hekayəsidir.

“Su” — artıq sadəcə maye deyil, “özünü tapmaq”dır, “özünü aydınlatmaq”dır.

HAŞİYƏ-2:

XXI yüzildə enerji və su artıq strateji silaha çevriib.

-Hindistan-Pakistan arasında su amili — özəlliklə İndus çayı üzərindəki su anbarları və paylaşma məsələləri — iki nüvə silahlı dövlət arasında böyük bir potensial partlayış yaratmaqdadır;

-Türküstanda Sırdərya və Amudərya çevrəsində ölkələr arasında qovğa təhlükəsi tam aradan qalxmış sayılmaz;

-Afrikada Nil üzərində Efiopiya-Misir arasında gərginliklər gerçək təhlükəyə çevrilmə potensialına sahibdir.

“III Dünya Müharibəsi torpaq deyil, su üstündə olacaq” deyənlər haqsızmı?.. - Şairin ünlü misralarında “Torpağ”ı “Su”ya dəyişdirsək, günah olmasın gərək:

“Su - uğurunda ölən varsa, Vətəndir” - Mavi Vətə!..

Yəni su artıq siyasətin, strategiyanın və savaşın ocağına keçir.

Bu, suyun təbiətdən qəzəbə, diplomatiyadan geopolitik şantaja çevrildiyi çağdır.

Göründüyü kimi, su sadəcə həyatın mayesi deyil —

o, həm mifdir, həm fəlsəfədir, həm ədəbiyyatdır, həm savaşdır, həm də vicdandır!..

(Haşiyənin sonu).

Su və insan ruhunun ekizliyi

İnsanla su arasında bir sirr, ruhi bağ var. Var belə bir bağ:

-Sevgini qəbul edən su — insanın ürəyindəki sevinc kimidir;

-Nifrəti qəbul edən su — ruhun qorxusu kimi çatlayır;

-Dua oxunan su — insanın alxış edən qəlbi kimidir.

İnsan ruhu da daim axmalı, təmizlənməli, paylaşmalıdır. Axmasa, təmizlənməsə, paylaşmasa, həm su, həm ruh qaranlıq bir sükuta dönməzmi ola?..

Ustad necə deyirdi? -

“Hər şey axar: su, tarix, yıldız, insan və fikir,

Oluklar çift - birinden nur axar; birindən kir.

Axışda dəmətlənmiş, böyük, kiçik, kainat;

O çıxan buluda bax, bu enən suya inad! (N.F.Qısakürək)

Mənim könlüm belə dedi, qələmim belə yazdı.

Arxanızca su atanınız olsun!

Bu poetik lövhə də bu yazının axarıncı bölümü olsun:

Bulaqlar, bulaqlar,

bol sulu bulaqlar,

Özünüz, özünüz su içmədiniz.

Ağaclar, ağaclar,

bar verən ağaclar,

Meyvə yemədiniz, yarpaq dərmədiz.

Ah, Günəş,

ah, Günəş, hələ sən,

hələ sən...

Səni nə isidər?

Çiçəklər, çiçəklər,

nə qoxlarsınız?

Yağışı üstünə yağmayan buludlar,

bəs sizi kim duyar,

bəs sizi kim ağlar?..

Bir də mən, bir də mən –

Ömrünü özünə çox görən...

Qoy,

Arazları ayırıb, su ilə doyurmasınlar!

Sularımız qovuşsun SUQOVUŞAN olsun!

BULAQLARIMIZ QURUMASIN,

SUYUMUZ AXAR OLSUN!


MANŞET XƏBƏRLƏRİ