Füzuli qəzəllərində mifoloji obrazlar


İŞIQLI ATALI

2-CI YAZI

Əbədi cənnətdə olmaq – Eşq adlı dünyanın sakini olmaqdır. Əgər din “iki dünya” yaradır, onu gerçək fiziki – gördüyümüz və qeyri-real (olacaq) – o dünyaya ayırırsa, Füzuli üçün o dünya mahiyyətcə elə buradadır. Bir dünya var - Eşqdən ayrı düşən, əhli-kamal olmayan, ola bilməyən artıq cəhənnəmdədir: anlasa da, anlamasa da.

Füzuli binəva ta rövzeyi-kuyində sakindir,

Təmənnayi-behiştü meyli-gülzari-İrəm qılmaz.

Burada Füzulinin qənaəti daha da aydınlaşır. Aşiq sevirsə, təmənna ummur, sevməklə fədakarlıq edir, bu, yaşam tərzidir.

Cənnətə zahid bilir can vermədən yetməz, vəli,

Canə qımaz, öz təmənnasındadır miskin bəxil.

Füzuli Cənnətini tapdığından Həqiqətin yoluna bələddir, gəlib-gedənlərin məramını aydınca görə, ürəklərini oxuya bilir, ona görə ki, hal yiyəsidir. Təmənnalı aşiq olmur, yarımaşiq olur. Füzulinin qəhrəmanı təmənnasızlığa yetdiyindəndir ki, zahidin halsızlığını aydınca görür.

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

Məşhur beytdə təkrarlanan “Vətənimdir” nidası elə Füzulinin Cənnətidir ki, dinin o dünyada nə zamansa bəxş edəcəyi səadəti Füzuli bir olan sandığı (inandığı) dünyada sevdiyində tapır.

Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,

Xah mömin, xah kafər tut, budur dinim mənim.

Burada istək, məram lap aydınlaşır. “Heyrət, ey büt” elə bu deməkdir. Yəni Büt – aşiq Füzulinin sevdiyidir, ruhunu – İnsanlıq imkanlarını aşkarlamaqla yaratdığıdır; Füzuli xülyadan ayrıldığı üçün mütləq xəyallı bədiyyata (Əslində xəyalsız bədiyyat olmur, bu, bədii yaradıcılığın ilkin və ibtidai görəvidir…) vara bilir, çünki bu məqam idraklı olduğu dərəcədə mənəviyyatlıdır. Buradakı Səcdə ayini elə Cənnətin – Füzuli Vətəninin məharətli ifadəsinin daha bir çalarıdır.

Göründüyü kimi, vardıqca Füzulidə Mənaçılığın yeni-yeni çalarları aşkarlanır.

Füzuli qəzəllərində Əjdaha (Nihan eşqimi məlum etsə aləm, dudi-ahimdən, Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görgəc”, yaxud (Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm, Əjdəhadır kim, yatır çevrəmdə zənciri-cünun) Hüma (cənnət quşu) (Ey Füzuli, fəqr toprağında dövlət istə kim, Sayə ol toprağə salmışdır hümayi-himmətim) kimi mifoloji obrazlar aşiqin hallarının yüksək bədiyyatlı ifadəsidir; gerçəklikdə aşiqi anlayan yoxdur, eşq yolunda dəli sayılmaq var, aləmin aşiqi əjdaha belə sayması var, duyan yoxdur, ancaq o, nəyə bənzədilirsə bənzədilsin, yenə öz məqamındadır.

Nuh tufanı da Füzuli qəzəlində obrazlaşır:

Gözüm mərdümləri çoxdan qılırlar də’viyi-eşqin,

Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın.

Bu, aşiqin zarımağı deyil, heç şikayətlənməyi də deyil, təbii halıdır. Mifoloji duyum, ifadə gerçək təsəvvürləri aşır, xəyala yetir, yalnız Füzuli bədiyyatının gücü onu belə qüdrətli təsvir etməyə qadirdir: burada aşiqin yaşantılarının ölçüsü dünyaya belə sığmır, ancaq həqiqətə yetən idraka sığır…

Qiyamət (Məhşər)

Qiyamətdə hesabi olmayanlardandır ol qafil

Ki, fərq eylər fəraqın şamini sübhi-qiyamətdən.

Füzuli kimi ayrılıq – eşq odunda yanan aşiq ilahi durumunu belə ustacasına yetirə bilər. Füzulinin qiyaməti sevdiyinə qovuşa bilməməsidir; Aşiq fərağın şamını sübhi qiyamətdən ayıra bilir, çünki sevir. Sevdiyi onun Məkkəsidir. İnsanın İnsana sevgisinin bitdiyi yerdə cəhənnəm yaranır. Eşqsiz İnsan bir heçdir. Sevməyən İnsan özünü tanımaz. Sevmək İnsanı içdən təmizləyir, kamilləşdirir.

Məhşəri əşkim verər seylabə, gər ruzi-cəza

Olmasa məqbul dərgahə sirişkim gövhəri.

Aşiq üçün eşqinə cavab almamaq məhşərdir, bundan da dəhşətli məqam yoxdur. Füzulinin Eşq dünyasında işlənən Qiyamət obrazlaşır, dindəki qiyamət anlayışından fərqlənir; burada Aşiqə əzabları yaşadan Məşuqdur; Füzuli şikayətlənmir, sadəcə, durumunu çatdırır.

Fələk (Zaman) Füzulinin qəzəllərində mifoloji obrazlaşır, çoxçalarlığa örnək olur.

Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak,

Demin ki, yeddi kəmandarə bir nişanə yetər.

Füzuli hər misrasında qüdrətlidir. Fələyin əli hər yana yetir, cəfa oxunun nişangahındadır aşiq.

Bəla zimnində rahət olduğun izhar edər xəlqə

Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz.

Bəlanın içində özünü rahat saymaq Füzulinin aşiqinə xasdır. Füzuli Fələk – Zamandan üstündür ki, durumunu anlayır, faciəsizliyə yetir. Eşqlənmək onu özünüdərkə çatdırır, Fələyin zərbələrindən qoruyur…

Səninlə dəviyi-hüsn etdigiçün mülki-hüsn içrə,

Fələk təzir edib Leylini rüsvayi-cəhan etmiş.

Fələyin ipinin üstünə odun yığmaq olmaz, etibarsızdır. Füzuli Fələyə bel bağlamır, onun məqamı gerçəklikdən ötədir, eşqində Fələyin məntiqini aşır, həqiqət məqamını qoruyur.

Qan edib bağrım, işim ah etmə hər dəm, ey fələk,

Hörmətim tut bir-iki gün kim, sənin mehmaninəm.

Füzuli anlayır, Fələyi mənalandıran Aşiq İnsandır. İnsan zəif olanda Fələk – Zaman onu yenik saxlamağa çalışır. Əslində İnsan bunu öz halsızlığıyla yaradır. Füzulinin Eşqi Fələküstü olay olduğuna görə məna ilə zəngindir, ifadəsi çoxçalarlıdır.

Fələkdir mehri zayil, yar qafil, ömr müstəcil,

Nədir tədbir, bilmən, canə yetdim bivəfalərdən.

Füzulinin eşqi fiziki buluşma soraqçısı deyil, ilahi qovuşma üçündür. Bu qəzəlin onun gənclik dönəmində yazıldığını da təxmin etmək olar, şübhəsiz, ömrün müəyyən məqamında artıq həqiqətini tapır, kədərdən fərəhlənmək qüdrətinə yetir.

Əhli-zəmanə qanına çox təşnədir zəmin,

Qanın kimin tökərsə fələk, ol zəman içər.

Yaxud ünlü qəzəlində:

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Başqa qəzəldə:

Fələkdə bərqi-ahimdən sərasər yandı kövkəblər,

Qalan odlara yanmış kövkəbi-bəxti-zəbunumdur.

Fələk obrazının bu dərəcədə çoxçalarlığı Füzuliyə fikrini geniş, hərtərəfli yetirməyə imkan verir. Füzulinin bədiyyatı qüdrətli halının ifadəsi kimi bilinir. Füzuli Fələyə meydan oxuyur, onun qarışıqlığı, adiliyi, bir sözlə, ötəriliyi, keçiciliyi, sonluluğu, qeyri-kamilliyi üzərində yüksəlir, kamala çatır, yetkin halını göstərir.

Xızr. Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl,

Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.

Füzuli Eşq adlı dünyasını yaradıb, özünü Cənnətdə sayır, dərdinin yiyəsidir, kədərindən fərəhlənə bilir, hətta Xızrdan fərqini də bilir. Eşq onu hamıdan, hər şeydən fərqləndirir, ölçüyəgəlməz edir.

Pəri, Pərivəş. Bir pəri silsileyi-eşqinə düşdüm nagəh,

Şimdi bildim səbəbi-xilqəti-Adəm nə imiş.

Vaiz övsafi-cəhənnəm deyər, ey əhli-vərə,

Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.

Pəri və Cəhənnəm obrazları bu qəzəldə əsas yer tutur. Pərisiz olan hər yer cəhənnəmdir. Eşqin həqiqətinə yetən aşiq üçün Pəri – Cənnətin özüdür. Füzulidə Eşq həqiqəti yalansızdır, boyasızdır, doğmadır, İnsan ruhsallığına uyğundur, səmimidir...

Gah ayağ bağılı, gah boynu, nədəndir bilməzəm,

Bir pəri eşqindən olmuşdur məgər divanə şəm.

Heç bir təsvirə uyğun gəlmir, bütün təsvirlər Pərinin təsvirindən əskikdir. Cənnətin Pərisi Füzulinin Eşq dünyasının Pərisinin yanında sönükdür, nisyədir. Bu sevda ilə Füzuli nəqdiliyə yetir. Fələyin idrakı bu ilahi-insani məntiqi anlamır, Füzuli ariflərin onu anlayacağına əmindir.

Pərivəş elə Pəridir, yəni Pəri kimi, Pəriyə oxşar:

Ol pərivəş kim, məlahət mülkünün sultanıdır,

Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.

Ruh. Ruhobrazlaşır Füzulidə,ilahi məzmun kəsb edir. Aşiqin cananına yetmək üçün canından belə keçmək istəməsi ustalıqla ifadə edilir.

Səni canan sanıram, çıx bədənimdən, ey can!

Mənü cananım arasında çox olma hail.

Cananın Füzulini odlandırması onu Həqiqətə yetirməsidir.

Can-Ruh anlamı var, hələ də tam anlaşılmayan, ağıllarda aydınlığa çıxmayan. Füzuli fitrətən anlayır ki, Ruh-İnsanlıqdan soraq verir, xülyəvi bir şey deyil, gerçəklikdən qıraqdakı qüvvənin əlində deyil, İnsanın mahiyyəti ilə bağlıdır, idrakla dərk olunandır; Füzulinin Eşq dünyasında Aşiq hökmü var – taleyini bəlirləyən.

Ey Füzuli, yanıram kim, nə üçün ol üzü gül

Mənə yanar od olur, özgəyə şəmi-məhfil.

İnam Atanın (Asif Atanın) Mütləqə İnam Dünyabaxışında Ruh – İnsanı var edən 4 cəhətin birliyidir: İnam, İdrak, Mənəviyyat, İradə. Bu, ayrıca yazının mövzusudur.

Füzulidə Od mifoloji obraz kimi. Türk mifoloji düşüncəsində Od obrazlaşır, yazılı ədəbiyyatda ayrı-ayrı janrlar üçün yaşarı, bənzərsiz ideya qaynağı olur. Od Füzulidə mifoloji obraz kimi nəinki nəzərdən keçirilə bilər, fikrimizcə, elə bu cür anlaşılsa, daha məntiqə uyğun olar. Odun obrazlaşması – mifoloji mahiyyətli olması ilə bağlıdır: ağılda, düşüncədə gerçəklik ölçüsü aşılır, ayrı-ayrı hadisələrin mayasında Odun – Odlanmanın təsiri aydınca duyulur. Füzulinin Aşiq obrazı gerçəkliyin bütün məqamlarında sınanır, əzablara tuş gəldikcə yenə də istəyir ki, dərdi artsın. Dərddə özünün həqiqətinə yetən Aşiq içdən təmizlənir. Odun burada Azərbaycan-Türk Ruhundan gələn içi təmizləyici xüsusiyyəti Füzuli ölçüsündə mənalandırılır. Bu ölçünün kökü Zərdüşt, Babək, Dədə Qorqud, Nəimi-Nəsimi ruhundan gəlir.

Od obrazının doğmalığı Füzuli qəzəliyyatında üzvi biçimdə ifadəsini tapır. Od obrazı Aşiqi niyə bu qədər cəzb edə bilir? Əksinə, niyə dindəki Cəhənnəm odu insanları, burada konkret Aşiqi cəlb etmir? Niyə Aşiq gerçəklikdəki yaşamda da az-çox anlaşılan, “duyulan” Cəhənnəmin od əzabından qorxmur, üşənmir? Mifoloji obrazlaşan Od qorxudan, cəzalandıran vasitə deyil, əslində ruhsallıq (həqiqət) imkanıdır. Füzuli Od obrazının verdiyi imkandan bəhrələnə bilir, Eşq dünyasını yaradır, bu imkana yetdiyindən içi işıqlanır, iradəsini gerçəkliyə qarşı qoya bilir, pis sarsıntını (pis həyəcanı) ötür, ruhunun aydınladıcı – kutsal (müqəddəs) həyəcanına yetir…

Od obrazı Füzuli qəzəllərində hətta başqa mifoloji obrazlardan da ötədir, öndədir. Ona görə ki, Füzulini içdən yeniləyən, Eşqində ardıcıllaşdıran yenilməz ruhsal gücüdür. Bu gücün qaynağı ulusallıqdan (millilikdən) gəlir. Bu imkanı aşkarlayan Füzuli ona yetdiyi dərəcədə güclüdür.

Şəmi-şami-firqətəm, sübhi-vüsali neylərəm?

Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?

Yanmağı aqibət seçən Füzuli usanmır, bezmir, ardıcıllığında qalır.

Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən

Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm?

Həqiqətini Eşq dünyasında tapan Aşiq Füzuli dinin ölçüsünə sığmır, onu dünyasızlıq sayır.

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,

Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!

Cəmaət izdihami məscidə salmış küdurətlər,

Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!

Yaxud:

Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,

Xah mömin, xah kafər tut, budur dinim mənim.

Görməyincə hüsnünü imanə gəlməz aşiqin,

Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzat.

Füzulidə mifoloji obrazların çoxçalarlığı onun gerçəkliküstü düşüncəsinin ifadəsi olub, yaradıcı potensialının genişliyindən, duyum, duyğu zənginliyinin əlvanlığından irəli gəlir. Şair dünya, həyat, insan birliyini mahiyyət ölçüsündə anlayır, özünəməxsus halıyla mahiyyətə yetir, aydınladır. Eşqin Füzuli ölçüsü bu məqamda yaranır, əbədiliyə əsaslanan ifadəsini tapır, ömürləşir. Mifoloji obrazların çoxçalarlığı Füzulinin bədiyyat imkanlarının genişliyini də aydın biçimdə çatdırır: habelə zamanında, yaşam ortamında daha çox işlənən, dindən gələn obrazların müəyyən qəzəllərə uyğununu ustad olaraq ifadə edir. Füzulinin seçimi yetkinliyi ilə diqqəti çəkir: burada söz mənaya yetir, uzunçuluğa yer qalmır, obrazlaşıb qəbul edilir. Füzuli ardıcıl olaraq yüksək insani ölçüyə - İnsanlıq həqiqətinə yetməsini, aşiqliyini çatdırır, məsləhətçi deyil, eşqini izharçıdır. Burada Füzuli qəzəl janrının təbiətindən gələn yığcamlıq ölçüsünü, tələbini sanki yenidən yaradır, şəxsində örnək göstərir: şair-aşiqin canlı yaşantıları söz-əməl birliyinin ifadəsi olur, Eşqin din ölçüsündə Azərbaycan-türk dəyərlərindən biri olaraq Bəşərin özündən sonrakı ruhsal yaşamına yön verir.

(Son)


MANŞET XƏBƏRLƏRİ