Sumqayıtda, Sahil küçəsində yerləşən zavodlardan birində partlayış baş verib.
Turkustan.az Report-a istinadən xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.
***
Sumqayıtda baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır".
***
Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib.
Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan 1984-cü il təvəllüdlü Oqtay Əli oğlu Bəşirov və 1976-cı il təvəllüdlü Nahid Qürbət oğlu Behbudov da var.
Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.
Çilingər işləyən 1979-cu il təvəllüdlü Təbriz İnqilab oğlu Salahovun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.
Bundan əlavə, 1963-cü il təvəllüdlü İlham Muxtar oğlu Muxtarov və 1984-cü il təvəllüdlü Ramiz Çaparxan oğlu Əzimov üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.
Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.