İŞIQLI ATALI
Nizami Tağısoyun Türklük sevgisinə yönəlik əməkləri ardıcıl inadın, Türklüyün aqibət olduğuna inamın, yalnız ulusal ruhumuzdan güc almağın gərəkliyinə ümidin ifadəsidir
İnsanları İnsanlığa, ulusal dəyərlərə yanaşmada tanıyıram. Mənim üçün bu, ölçüdür. Çağımızda da söz-əməl birliyi çox hallarda gerçəkləşmir. İnsanlıq ölçüsünə köklənən, fitri halı olanlar həmişə azdır, ona görə ki, çətinliyi, çətin yolun yolçularını sevmək zamanı ötən hünər istəyir. Bütün gözəl, eləcə də pis işlər öncə ideya kimi ağlımızda yaranır, sonra gerçəkləşir…
Azərbaycanın ulusal dəyərlərlərinin mayasında türklük ruhu, duyğusu, ölçüsü dayanır. Azərbaycan aydını, professor Nizami Tağısoy Azərbaycan dəyərlərinin vurğunudur. Onun yaradıcılığında bu yön ayrıcadır.
Onu neçə illərdir tanıyıram: həmişə ulusal dəyərlərə sayğı ilə yanaşıb, habelə bu dəyərlərin qoruyucusu olub, ortaya özünəməxsus ulusal əməllər qoyub. Nizami Tağısoyun yaradıcılığında türklüyün insani ifadəsini təqdim etmək gələnəyi və inadı var. Onun bir kökdən gələn Türk uluslarının tarixinin, mədəniyyətinin, uğurlarının Azərbaycan, habelə Türk dünyasındakı oxucuya çatdırılması yönündəki çabaları diqqətçəkəndir. Bu, soydaşlıq məsuliyyətidir, ulusal-mənəvi borc kimi anlaşılır. O, bu kimi dəyərli işlərində ardıcıldır, ulusal-insani təəssübkeşlik yolçusudur.
Türklüyə olan sevgi, bu hal üstə yaşam mahiyyətcə insanlığa təndir. Bu gün dünyanın halı daha qarışıqdır, getdikcə bu qarışıqlıq artacaq. Yəni minillərdən bəri dünyada gedən müxtəlif yönlü proseslər insanın halının qarışıqlığından doğub. Ədalət, həqiqət, xeyir uğrunda mübarizələr çox hallarda tam gerçəkliyini tapmır, bəşər ulusların timsalında sanki yenidən mübarizənin əvvəlinə qayıdır, hər şey yenidən başlayır. Ona görə ki, dünyanın halı insanlıq ölçüsünə uyğun deyil. Sayırıq ki, türklüyün ömürləşməsi dünyanın halsızlığının aradan qaldırılması üçün ciddi bir başlanğıc ola bilər.
N.Tağısoy türklüyün öncə Türk ulusü üçün hava-su kimi gərək olduğunu dərindən anlayan aydınlarımızdandır. Onun bu yöndə yazdığı kitablar Türk ulusunun zəngin tarixinin, mədəniyyətinin öyrənilməsinə ciddi töhfədir.
Zaman-zaman bir-birindən ayrılan, müxtəlif inanclara meyil edən türklərin bu gün birliyi yönündə çaba göstərmək hünər sayılmalıdır. Çox zaman özündən ayrılmanın artıq pik həddə çatdığını deyənlər sanki əllərini hər şeydən üzür, hər cür ulusal çabanı gərəksiz sayırlar. N.Tağısoyun yaradıcılığından qırmızı xətt kimi keçən türklük sevgisinə yönəlik əməkləri ardıcıl inadın, türklüyün aqibət olduğuna inamın, yalnız ulusal ruhumuzdan güc almağın gərəkliyinə ümidin ifadəsidir.
Nə qədər acı olsa da, ucalıq imkanından sanki əl çəkən Türk ulusunun bugünkü durumu ürəkağrıdandır. Yəni insani-ulusal olduğu dərəcədə bəşəri olan imkanlarımızı aşkarlamaq, özümlüyümüzdən güc almaq yetənəyimiz var. N.Tağısoyun türklük yönündəki kitablarında, məqalələrində bu ümid var. Ümidimiz insanlığımızadır, insanlığımız mayasını, gücünü ulusallığımızdan alır.
Zəngin ulusallığımızla bəşəriliyə layiq oluruq.
Uluslar olmasaydı, bəşərin əlvanlığı olmazdı, yeknəsəqlik onun məna gözəlliyini yarada, təsdiq edə bilməzdi.
Türk xarakteri, yaşamı, mədəniyyəti, fitri duyumu öncə Ulusumuzun fərdlərinin içində tam mənasıyla ömürləşməlidir
N.Tağısoyun ayrı-ayrı türk qollarının zəngin mədəniyyəti ilə bağlı gərgin axtarışları indi də davam edir: səfərlərə çıxır, müşahidələr aparır, ulusal aydın olaraq bacardığı qədər mənəvi əməkdaşlıq körpüsü qurur. Bu da onun türklüyümüzə töhfəsidir.
N.Tağısoyla ötən illərdən bəri çoxsaylı yaradıcılıq söhbətlərimiz olub. Onun ulusal yöndəki qayğılanmalarını ruhuma həmişə dogma saymışam. Son yüzildə paralanmış, parçalanmış Türk ulusunun qayğıları hədsiz çoxdur. Sayıram, başlıca qayğımız isə Ulusal İnam məsələsidir. N.Tağısoyun Azərbaycan aydını olaraq bu məsələdə həqiqəti görməsi, dəyərləndirməsi onun fitri duyumundan, ulusal aqibətə yiyə durmağın qaçılmazlığından xəbər verir.
Bu gün Azərbaycan ictimai fikrində özünəməxsus yeri olan İnam Atanın (Asif Atanın) Mütləqə İnam dünyabaxışı addım-addım ömürləşməkdə, aqibətləşməkdədir. N.Tağısoyun İnam Atanın fəlsəfi yaradıcılığına yönəlik yazıları var. O, bu düşüncənin sabahımızda Türk ulusunun birliyinin yaradılmasındakı bənzərsiz rolunu, yerini aydınca görür. Bu cür aydın yanaşmasını ərdəmlik sayıram.
Türkçülük gerçəkdən bənzərsiz halımızı göstərən insançılıq əməlidir. Qoy dünyada hər bir ulusun adıyla bağlı bu kimi insanlıq əməli olsun. Buna yalnız sevinmək olar: Türkün fitri halallığı, haramla yaşaya bilməməsi, ərdəmliyi, üz-üzə savaşmağı, arxadan vurmağı namərdlik sayması, öldürməyi sevməməsi, kutsallığa fitri sevgisi, bağlılığı, insançılığı aqibət sayması var.
N.Tağısoyun türklüklə bağlı araşdırmalarında bu və ya başqa Türk elindən olan yaradıcı insanların irsinin təqdimində akademik yöndə olsa belə bu cəhətlər alt qatda görünür, bilinir.
***
N.Tağısoy onillərlə Azərbaycanın müxtəlif ali məktəblərində “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı”, “Tərcümə nəzəriyyəsi” və s. fənlərdən mühazirələr oxuyub, elmi prioritetlərində tərcümə nəzəriyyəsi, ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı, ədəbiyyatşünaslığın aktual problemləri, müasir ədəbi proses və s. yönlər yer alır. O, qaqauz, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs türkləri, malkar, özbək, karaim, kumux, noqay, xəzər və b. türk qolları ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifidir, Azərbaycan-özbək, Azərbaycan-qaqauz, Azərbaycan-qazax, Azərbaycan-qaraqalpaq ədəbi əldaqələrini, qaraqalpaq yazıçılarından T.Kaipbergenov, İ.Yusupov, qaraçay ədəbiyyatı nümayəndələrindən İ.Xubiyev, H.Bayramukova, qırğız ədəbiyyatından Ç.Aytmatov, tatar ədəbiyyatından Q.Tukay, qaqauz ədəbiyyatından M.Çakır, Q.Qaydarji və b. yaradıcılığını araşdırıb.
Folklor xalqın ruhundan soraqlardır. Folklorçuluq həmişə ağır iş olub. Hər kəs xalqın ruh yaddaşını oturub səbirlə varaqlaya bilmir. Bu, folklora bağlanan şəxsdən güclü diqqət tələb edir. Sovet dövründə çətin də olsa folklorçularımız yetişdi, bu sahədə kitablar ərsəyə gəldi. Ancaq 90-cı illərdən sonra təkcə postsovet məkanında deyil, ümumən dünyanın əhvalında, gedişində öncəkindən fərqli məqamlar müşahidə olunmağa başlandı. Keçmiş SSRİ-nin hər yerinə, o cümlədən də Azərbaycana Qərbdən gələn özgə əhvallar ilk növbədə xalqın folkloruna - ruh yaddaşına zərbə vurmağa başladı. Bu gün folklor söyləyiciləri çox azalıb. N.Tağısoy belə zamanda ulus ruhunun soraqlarını bir yerə toplayıb sabaha çatdırmaq üçün doğulub boya-başa çatdığı Ucarın Şilyan kəndinə üz tutdu. Kitabda özü demişkən, şilyanlıların alqışları və qarğışları, andları, sınamaları və inam yerləri, ayamaları və ləqəbləri, Şilyanda uşaq oyunları, Şilyan bayatıları, Şilyan lətifələri, Şilyan şivəsinin - Azərbaycan türkcəsi yerli dialektdə işlənən söz və ifadələrin özəlliyi, Şilyanın təpərli kişilərinin həyatından və Şilyan şairlərinin yaradıcılığından səhifələr ilk dəfə verilib: "Toplamalarımı el-oba gözündə kişiliyi, mərdliyi, dəyanətilə tanınan Şilyanın müdrik ağsaqqalarına, dili bayatılı, sinəsi nağıllı ağbirçəklərinə oğul sevgisilə ithaf etmişəm".
N.Tağısoyun “Etnos və epos: keçmişdən bugünə” (Bakı: Mütərcim, 2010. – 372 səh.) kitabında II və III bölmələr türklük mövzusunda araşdırmalardan ibarətdir.
“Türk xalqları: etnogenez və folklor” adlı II bölümdə “Xəzərlər”, “Malkar-Qaraçay “Nart” qəhrəmanlıq eposu, digər Qafqaz xalqlarının “Nart”ları ilə oxşar və fərqli cəhətləri”, “Başqurd dili və “Başqurd” etnoniminə bir baxış”, “Qaqauzlar: keçmişindən bu gününə”, “Qaqauzların tarixindən səhifələr”, “Qaqauzların toy-düyün mərasimləri”, “Qazax xalq qəhrəmanlıq dastanı “Koblandı batır”: Azərbaycan türkcəsinə tərcümə problemləri”, “Qaraqalpaqlar: etnogenez və epos”, “Molla Nəsrəddin”in Kıbrıs və rum (yunan) variantları” / “Hoca Nasreddin” və “Aslani Hoca”, “Molla Nəsrəddin (Azərbaycan) və Nəsrəddin Hoca (Qaqauziya)”, Meyxana folklor janrıdır”, “Meyxana"nın semantikası” kimi məqalələr yer alıb.
III bölmədə (“Çağdaş Türk xalqları ədəbiyyatı”) “Qaqauz ədəbiyyatı. Qavriil Qaydarjiı yaradıcılığı”, “Qırğız ədəbiyyatı. Çingiz Aytmatov”, “Çingiz Aytmatov və müharibə”, “Qaraqalpaq ədəbiyyatı. Tulepbergen Kaipbergenov yaradıcılığı”, “Harid Fədai: Kuzey Kıbrıs türk mədəniyyətinin yorulmaz tədqiqatçısı”, “Kuzey Kıbrıs türk ədəbiyyatında ilk roman” kimi” yazılarla tanış olmaq mümkündür.
N.Tağısoy mövzunu dərindən araşdırırarkən (tarix, folklor, epik abidələr, dini baxışlar, ritual sistem, mərasimlər, adət və ənənələr, etnik-milli düşüncə tərzi, etnos-dil problemləri və s.) faktlara əsaslanır. Eləcə də ötən illərdə N.Tağısoyun Türk uluslarının ədəbiyyat, mədəniyyət soraqları ilə bağlı müxtəlif adda kitabları çap olunub. “Каракалпакская литература” (Баку, 2007), “Hacıniyaz. Şeirlər” (Tərcümə edənlər: N.Tağısoy, Ş.Məmmədli, 2020), “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” (2019), “Мой Азербайджан” (Баку, 2018), “Koblandı-Batır. Qazax xalq qəhrəmanlıq dastanı” (2017, tərcümə), “Qaraqalpaq ədəbiyyatı” (2015, dərslik) və s. bu sıradandır.
Nəsimi aşiqdir, filosofdur, cəngavərdir – fikir, aqibət, insanlıq döyüşçüsüdür, yaradıcılığı başdan-başa Türk insançılığının ifadəsidir, bənzərsizdir. “Nəsimi dini-fəlsəfi təlimində Haqqın və insanın dərki” (2020) kitabında N.Tağısoyun Nəsiminin - aşiq-insan obrazının dünyanı, insanı dərk məsələsinə baxışı ifadə olunur, qazax, özbək, rus ədəbi mühitində Nəsimi poeziyasının anlaşılması, tərcümə problemlərinə də toxunulur.
Ədəbi yaradıcılıqla da məşğul olan N.Tağısoyun “Natiqlə qara zurnanın nağılı və ya hər ikisinə elegiya” (2008) povesti, eləcə də “Axtaracaqsan məni” (2000), “Bəlkə dünya öz yolunu çaşıbdı” (2004), “Мой Азербайджан” (Баку, 2018) şeirlər kitabları işıq üzü görüb. Azərbaycan, yurd sevgisi, torpağa bağlılıq, habelə insanın mənəvi gözəlliyinin vəsfi yaradıcılığının əsas xəttidir.
Dəyərli aydınımız Nizami Tağısoyun 75 yaşı tamam olur. Azərbaycanın ulusal dəyərlərini üstün tutan, türklük-insanlıq ölçüsünə əsaslanan aydınımızı ürəkdən qutlayır, yeni yaradıcılıq uğurları, heç vaxt tükənməyən aqibət yolçuluğu, fərəhli günlər diləyirəm.