Faiq Ələkbərli
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
“Türk xalqlarının fəlsəfi fikir tarixi və
müasir fəlsəfəsi” şöbəsinin müdiri
V Yazı
(Bu sislilə yazılar Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyətin anadan olmasının 100 illik yibileyinə həsr olunur)
Son bir əsrdə, xüsusilə də Pəhləvilər dövründə Azrəbaycan Türk ziyalıları arasında marksizm-leninizm təliminə marağın olmasını Heyət, Türk milliyyətçiliyi ilə bağlamağı doğru hesab etməmişdir. Onun fikrincə, Türk mütəfəkkirlərinin marksizm-leninizmə meyil göstərməsinin kökünü Türk etnikliyində axtarmaq doğru deyildir. O, yazırdı: “Əslində isə bu məsələdə (Türk etnikliyində-F.Ə.) başlıca amili İranın milli siyasəti kimi təqdim və təhlil olunan Pəhləvi hakimiyyəti illərində azərbaycanlıları, Azərbaycan dilini təhqir edən və bu dilə düşmənçiliklə yanaşan panfarsist və fars şovinizmi siyasətində axtarmaq lazımdır. Belə münasibət və düşüncə tərzi Sovet dövləti dağıldıqdan və sonra marksizm-leninizm ideologiyası məğlub olduqdan sonra daha da gücləndi. Halbuki, əgər başlıca amil marksizm-leninizm ideologiyası olmuş olsaydı, onun məğlubiyyətindən sonra zəifləməli idi”.[1]
Beləliklə, milli məsələdə C.Heyətin əsas düşüncəsi ondan ibarət idi ki, farsdillilərin milliyyəti fars milləti “iranlı” olduğu kimi, “İran”ın Türk əhalisinin də milliyyəti Türk, milləti iranlıdır. Şübhəsiz, bu düşüncə yalnız Heyətin deyil, əsasən “Varlıq” dərgisi ətrafında cəmləşənlərin də fikrilərinin tərcümanı idi. Onların düşüncəsində “İran mərkəzli” bir dövlətdə Azərbaycan türklüyünün də mövcudluğu mümkün görünürdü. Daha doğrusu, Heyət Tehranda yaşadığı müddətcə Azərbaycanın “İran”dan ayrılmasının əleyhinə olduğunu, özünü türk olmaqla yanaşı həm də iranlı hesab etdiyini və “İran” bütünün özününkü hesab etdiyini ifadə etmişdir.[2]
Eldar Qaradağlıya görə, C.Heyət başda olmaqla “Varlıq” dərgisində çalışanlar bir tərəfdən “iranlıyam”, “iranlıyıq”, “iranlı olaraq qalacağıq” deyir, digər tərəfdən isə türkçülüyün dirçəlməsinə xidmət edirdilər. E.Qaradağlı yazır: “İstər maarif, istər yaşam, kültür, ekonomik, politik və başqa alanlarda öz toleranslı sürəcilə tanınan bu ulusal sürəcin ən aparıcı kimliyini “Varlıq” dərgisində bulmaq olar. Tanınmış cərrah, aparıcı el ağsaqqalı prof. C.Heyət cənablarınnı başçılığıyla 30 illik fəsilnamə kimi yayılan “Varlığ”ın ulusumuzun boşluq dövründən sonrakı intibahında dəriz izlər buraxmışdır. 1979-cu il devrimindən sonra Bakıdan Tehrana köçmüş olan prof. Qulamhüseyn Beqdeli, Məhəmmədtağı Zehtabi kimi alimlərlə birlikdə, Türkiyənin türkçülük məktəbindən təsirlənmiş doktor Həmid Nitqi kimi bilgin kəsim və dr. Məhəmməd Fərzanə kimi intibahçı araşdırıçılar və şairlərlə birlikdə zəngin ulusal varlığı ortaya qoydular. Yaş, sosial yerləşim, Azərbaycan dışında yaşam, siyasi inamsızlıq və çeşidli düşüncə alanı bu qurumun İranlılıq üzərində dayanmasında təsirli olmuşdur”.[3]
Cavad Heyətin dünyagörüşündə əvvəllər türklük və iranlılıq bir-birinin ziddi kimi deyil, tam əksinə tamamlayıcısı olaraq öz əksini tapmışdır. Buradan belə nəticə çıxarmaq olar ki, İran adlanan ölkədə yaşadığı dövrdə Heyət daha çox Azərbaycan türklərinin milli-mədəni muxtariyyatı tərəfdarı olub, “İslam inqilabı”nın vədlərinin tamamının həyata keçirilməsi uğrunda mübarizə aparmışdır. Ancaq ömrünün son dövründə o, türklük və azərbaycançılıq ideyalarının bütünlüyünə üz tutaraq Güney Azərbaycan türklərinin milli hərəkatına xidmət etmişdir.
Fəlsəfi görüşləri. Fəlsəfi dünyagörüş baxıından birmənalı şəkildə İslam dininə bağlılığı mühüm hesab edən Heyətin fikrincə, vaxtilə farsların zərdüşti, türklərin Gök Tanrıçı olması bir fakt olsa da,[4] artıq 1400 ildir ki onların hər ikisi İslam dininə tapınıblar. Ona görə də, artıq farsların zərdüştliyə, türklərin Gök Tanrı dininə qayıtması doğru olmazdı. Bu anlamda o, xüsusilə də Pəhləvilərin zərdüştizmi təbliğ edən ideyalarını, Kəsrəvinin yeni din yaratmaq fikrini tənqid edirdi. O, yazırdı: “Kəsrəvinin uydurdğu dinə (pakdini) gəlincə, görəsən, hansı bir ağıllı insan yaşadığımız 20-21-ci əsrlərdə öz dədə-baba dinini buraxıb özünü yeni bir dinə, illah da Kəsrəvinin uydurduğu dinə giriftar edər? İran xalqı 1400 ilə yaxındır ki, İslam dinini qəbul edib, bu dinə söykənərək böyük, bənzəri az olan mədəniyyət və ədəbiyyat yaradıb (Və Kəsrəvi ədəbiyyat və mədəniyyətə aid kitabları yandırmaqla onu yox etmək istəyirdi). Beləliklə, yalnız dinimiz deyil, mədəniyyətimiz də İslamla bağlıdır. Bu din xalqımızın ən gözəl müştərək nailiyyəti olaraq üzun əsrlər boyu bizi vahid bir millət şəklində formalaşdırıb, milli birlik və istiqlalımıza səbəb olub”.[5]
O, “Quran və İslam” məqaləsində İslamın və sünnənin mahiyyətini açmağa çalışmışdır. O, yazırdı: ““Quran” və İslam” başlığı ilə İslam dininin müqəddəs kitabı olan “Quran”ın necə və nə zaman nazil olması, kitab şəklində toplanması, surə və ayələrin tərtibi, yazısı və onun inkişaf mövzusu, elmlə, əql və məntiqlə münasibəti, Tanrı, məxluq, kainat, insan və cəmiyyət haqqındakı düşüncələri, tövsiyə etdiyi əxlaq qaydaları barədə qısa və yığcam izahat verdikdən sonra, Quran və İslam haqqında bəzi qərblilərin görüş və düşüncələrni nəql edəcəyik”.[6] Heyət daha sonra yazır: “Quran, insanları tək bir Tanrını tanımağa, ancaq ona pərəstiş və ibadət etməyə, ona təslim olmağa (tövhid) və ondan başqa kimsəyə əyilməməyə çağırır. “Qurani-Kərim” sayəsində peyğəmbər Ərəbistanda hakim olan şirk, bütpərəstlik, zülm və cəhaləti aradan qaldırdı və onun yerinə tövhid, ədalət və qardaşlığı gətirdi. O, cəhalət dövründə bir-birləri ilə döyüşən cahil qəbilələrdən bir vahid islam ümməti və cəmiyyəti yaratdı və onları “Allahu Əkbər” şüarı altında birləşdirərək, böyük bir millət – ümmət və dövlət qurdu. Həzrəti Məhəmməd (s) tarixdə yeganə rəhbərdir ki, gətirdiyi ideologiyanı özü həyata keçirmişdir və onun gətirdiyi din 15 əsrdir yaşamaqda və bu gün bir milyard iki yüz milyon müsəlman ona inanmaqdadır. Əlbəttə, onun “Qurani-Kərim” vasitəsilə təbliğ etdiyi üsul və qaydalar zamanla dəyişikliklərə məruz qalmış və bəzən də əslindən çox-çox uzaqlaşmışdır. Lakin onun qoyuduğu əsaslar hələ də orijinalığını qorumaqdadır”.[7]
C.Heyətə görə, Qurani-Kərim insanlara ədalət, azadlıq, bərabərlik, barış və qardaşlıq tövsiyə edir, insanlardan bir-birilərinə şəfqətli və mehriban olmalarını, aralarında rəng, irq, dil ayrılığına görə fərq qoymamalarını istəyir: “Fəzilətli və üstünlüyü müttəqlikdə (şərdən özünü qorumaqda) görür və müsəlmanları hər hansı bir millət və təbəqədən olursa-olsun, bir-birinə qardaş bilir. Quran ən mükəmməl bir insan yetişdirməyə qərar vermişdir. Ləzzətə və rifaha qarşı olmadığı halda, insanlıq zirvəsinə çatmağı kamali-məqsəd olaraq göstərmişdir”. [8] O, daha sonra yazırdı ki, Qurani-Kərim başdan başa bir hikmət xəzinəsidir;onun qissələri də ibrətlə dolu olub insanları fəzilətə təşviq edir: “Haqqın batilə, ədalətin zülmə qələbə çalacağını müjdə verir. “Qurani-Kərim” iman və əməlisaleh, yəni inam və yaxşı işlər yolu ilə insanların xoşbəxt olacağını bildirir”.[9]
Heyət vəhyin nə olmasını anlatmaq üçün yazırdı ki, vəhy –“İşarət etmək”, “xəbər”, “səs” mənasındadır. Həzrəti Məhəmməd (s) peyğəmbərliyə Allahın vəhyi ilə məbus olmaqdan qabaq, əmanət və sədaqəti ilə məşhur olduğu üçün “Məhəmməd Əmin” (əmin, etibarlı Məhəmməd) adlanırdı. Heyətə görə, surələr Məkkə və Mədinə olmaqla iki qrupa ayrılır ki, buna diqqət etmək vacibdir: “Məkkə ayələri dinin əsaslarına və tövhidə dəvət edir. İnsanda gözəl əxlaq yaratmağa, qəlbindən şirk və şər köklərini çıxartmağa çalışır. Bunun üçün ona Tanrını xatırladır, ədalət, ehsan (bağışlamaq), vəfa kimi əxlaqi fəzilətləri tövsiyə edir, yalan, zina, adam öldürmək, qızlarını diri-diri torpağa basdırmaq, alış-verişdə hiylə işlətmək, küfr və şirkdən çəkinməyi əmr edir”.[10] Eyni zamanda, Məkkə surələri nəsihət və vəzlə doludur. Heyətə görə, fərzlərə və ehkama aid ayələrin çoxu isə Mədinə surələri ilə bağlıdır. Bu ayələrdə adam öldürmə, zina, iftira, böhtan və oğruluq cəzaları, evlənmə və boşanma üsul-qaydaları bildirilmişdir. Bu surələrdə cihad ayələri və savaşlar var.[11]
[1] Yenə orada, s.587
[2] Qaradağlı Eldar. Azərbaycan mərkəzli türkçü düşüncə. İstanbul, ÇAV yayınları, 2012, s.337
[3] Yenə orada, s.337
[4] Heyət Cavad. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı, Azərnəşr, 1993, s.55-56
[5] Heyət Cavad. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda (məqalələr toplusu 1). Bakı, Elm və təhsil, 2011, s.584