Son illərdə Azərbaycanda kredit götürən vətəndaşların sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə narahatedici məqamlardan biri bəzi vətəndaşların ilk kreditlərini ödəyə bilmədikləri üçün yeni kreditlər götürməyə məcbur qalmasıdır. Bu praktika zahirdə müvəqqəti rahatlıq gətirsə də, dərin maliyyə böhranlarına yol açır.
Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, insanların ikinci və ya daha çox kredit götürmək məcburiyyətində qalmasının bir neçə səbəbi var:
“Vətəndaşlar əvvəlki kreditin öhdəliklərini yerinə yetirə bilmədikdə, çıxış yolunu yenisində görürlər. Bu, problemin kökünü həll etmir, əksinə, təxirə salır. Həmçinin artan qiymətlər, gündəlik tələbat mallarının bahalaşması və əməkhaqqının bu prosesə uyğun olmaması nəticəsində insanlar əlavə maliyyə resurslarına ehtiyac duyurlar. Bəzən onların gəlirləri ilə üst-üstə düşməyən istehlak vərdişləri olur. Məsələn, bahalı telefon, avtomobil, elektronika və sair məhsullar üçün kredit götürürlər. Mümkündür ki, sağlamlıq, təhsil və ya digər gözlənilməz xərclər üçün təcili maliyyə dəstəyi lazım olsun. Nəhayət, vətəndaş yeni kreditlərə üz tutsun”.
Kənan Quluzadə
İqtisadçı bildirib ki, kredit müqavilələrinin şərtləri, faiz dərəcələri və ödəmə planlarını tam anlamadan bu addımı atmaq çətinlik yaradır:
“Borcu bağlamaq üçün yeni kredit götürmək iqtisadi baxımdan olduqca risklidir. Yeni kreditlərin daha yüksək faizlə verilməsi ümumi öhdəlikləri artırır. Bu, gələcək aylar və illərdə insanın gəlirinin böyük hissəsinin artıq borc ödənişlərinə yönəlməsi deməkdir. Belə vəziyyət insanı daimi borc yükü və ödəmə çətinliyi, kredit tarixçəsinin korlanması və gələcəkdə kredit götürmə imkanının məhdudlaşması kimi maliyyə böhranları ilə üz-üzə qoyur”.