“Ömrüm-Günüm”: Özümü təzədən oxudum, təzədən tapdım...


Mütləqə İnam Dünyabaxışının Yaradıcısı İnam Atanın (Asif Atanın) “Ömrüm-Günüm” əsərinin dili xatirat janrına uyğun duyğusal olduğu dərəcədə mahiyyət ölçüsündə qısalıq ifadə edir. Atanın xatirəsini Doğayla (Təbiətlə) başlaması təbiidir: onun dünyabaxışında Doğa-İnsan birliyi ardıcıl mənalandırılır. Habelə əsərdə İnsan-Ailə ilişgiləri, Sovet dövrü ideologiyasının insanların psixologiyasında yaratdığı ölümcül gərginliklər, hər sahədəki aşıntılar çatdırılır. Biz bu anda varıq, yaşayırıq. Bizdən öncəkilərin yaşantıları, dünyaya, həyata, təbiətə, insana yanaşmaları hər zaman diqqətçəkici olub. İnam Ata (Asif Ata) kimi özünəməxsus həyatı olan insanların duyğuları sabahkılara gərək ola bilər: ardıcıllığıyla, ümidiylə, insana sevgisiylə...

Sayğıyla: İşıqlı Atalı

***

İNAM ATA (ASİF ATA)

ÖMRÜM-GÜNÜM

2-ci yazı

ATA

Gülüşünü görməzdim.

Gülüşünü sındırdılar.

Atasını apardılar.

Bacısını apardılar.

Əmisi oğlunu apardılar.

Ömrünün yönünü dəyişdilər.

Bacısı oğlunu stolun üst başında oturtdurardı.

Özü üçün yaşamırdı.

Bizim üçün yaşayırdı.

Kimini oxudurdu, kimini böyüdürdü, kimini evləndirirdi.

Evinin qapısını açmışdı insanların üzünə.

Öyünməzdi.

Özü haqqında danışmazdı.

Özünü görməzdi.

Müharibə başlanan günü pəncərəmizi örtdü.

Sonra əsgər paltarı geydi. Qatara minib getdi.

Müharibədən qayıtdı və yenə də özünü unutdu.

Əmisi oğlunu düşündü.

Bacısını düşündü.

Əmisi nəvələrini düşündü.

Məni düşündü.

Qardaşımı düşündü.

Bilikliydi – bunu bildirmirdi.

Qabiliyyətliydi – bunu bildirmirdi.

Tələbələrinin sevimlisiydi – bunu bildirmirdi.

Qayğılıydı atam, – Qasım müəllim, bunu bilirdik.

Qayğıdan nəşələnirdi atam, – Qasım müəllim, bunu bilirdik.

Sevincini kəsdilər atamın.

Qardaşsız qoydular atamı.

Ata oldu başqalarına atam!

Qardaş oldu başqalarına atam!

Sevinc payladı başqalarına atam!

Az şey aldı həyatdan, çox şey verdi həyata!

Amansız oldu həyat atama qarşı.

Atam həyatdan küsmədi!

Gülüşünü qaytarmadılar atamın!

Heç kəsin gülüşünə sahib olmadı atam!

ANA

Axşamlar ehmallıca, atamı, qardaşımı oyatmadan məni geyindirərdi, kinoya aparardı.

İohann Ştraus haqqında film göstərirdilər.

“Vena meşəsinin valsı” yaranırdı ekranda.

Araba səsləri quş səslərinə qovuşurdu, məhəbbətli məqamlar göz önündən keçirdi.

Meşə nağıl danışırdı.

Mənim ən böyük nağılım isə yanımdakı anam idi, onun mehri idi.

Axşamlar ağ rəngli çarpayıma yanaşardı, danışardı, gülərdi, bəxtiyarlığın zirvəsinə yüksələrdim.

Yayda qaynı Xalidlə bağçaya qonardılar, cəh-cəh vurardılar.

İlk dəfə Dilicanda gördüm anamı. Uzaqdan üstümə yüyürdü, bağrına basdı, sevincimin həddi-hüdudu yox idi.

Girdə sifət, alçaq boylu, qara qaş, qara göz cavan anaydı – anam!

Xalid əminin toyunda yengə idi, gəlinin yanında gəlirdi.

Elə bilirdim dünya mənimdi!

Musiqiliydi, şeirliydi, nəğməliydi anam!

Bayatılar, laylalar, şikəstələr vurğunuydu!

Dava zamanı nənəm ağlayardı, anam oxuyardı.

Ana kimi oxuyardı.

Biz böyüyərdik – anamın sifətində qırışlar artırdı.

Biz böyüyürdük – anamın gülüşləri dəyişirdi.

Biz böyüyürdük – anam boydan kiçilirdi.

Xəstələnirdim – xəstələnirdi!

Qüssələnirdim – qüssələnirdi!

Ayağımıza tikan batırdı – ürəyi qanayırdı.

Günah işlədirdim – günaha batırdı.

Döyülürdük – döyülürdü.

Söyülürdük – söyülürdü.

Bizi özümüzdən yaxşı duyurdu.

Günlərin birində başımı qaldırıb gördüm ki, anam qocalıb.

Bilmədim günlər necə keçdi, illər necə ötdü!

Cavan anam necə qocaldı!

MƏKTƏB

Səma yox idi məktəbimizdə.

Günəş yox idi məktəbimizdə.

Çay yox idi məktəbimizdə.

Kənd yox idi məktəbimizdə.

Ürəyi riqqətə gətirmirdi məktəb.

Xəyalı qanadlandırmırdı məktəb.

Fizikadan danışırdılar – fizikanı söndürürdülər.

Riyaziyyatdan danışırdılar – riyaziyyatı söndürürdülər.

Ədəbiyyatdan danışırdılar - ədəbiyyatı söndürürdülər.

Tarixdən danışırdılar – tarixi söndürürdülər.

Ölü ciddilik vardı məktəbimizdə.

Ölü bilik vardı məktəbimizdə.

Ölü nizam vardı məktəbimizdə.

Bayırda həyat vardı. İçəridə həyat ölmüşdü.

Bayıra həsrət çəkilirdi.

Bayırda dirilirdik.

PAYTAXTLI GÜNLƏRIM

AĞCAQAYINLAR ARASINDA

Göyrüşümə bənzəyir.

Çinarım tək uca.

Meşələrim tək nizamlı; qışda qar ətəkli, yazda yaşıl libaslı, yayda kölgəli, payızda qüssəli.

Küləklə təmasda, mübahisədə, dalaşda. Səmaya can atan.

Ağcaqayınlar arasındayam. Kəndimizə qayıtmışam.

DAHİLƏR ARASINDA

Ayıq vaxtı olmazdı. Çünki gələcəyin dahisiydi.

Küçə qadınlarına mərhəmdi. Çünki gələcəyin dahisiydi.

Restoranlarda hayqırardı. Çünki gələcəyin dahisiydi.

Kitab oxumazdı. Çünki gələcəyin dahisiydi.

Söyüşdən yorulmazdı. Çünki gələcəyin dahisiydi.

Borcunu qaytarmazdı. Çünki gələcəyin dahisiydi.

Müxtəlif adamları müxtəlif vaxtlarda sevərdi. Çünki gələcəyin dahisiydi.

Cinsi əlaqəni insani münasibətin zirvəsi sayırdı. Çünki gələcəyin dahisiydi.

Qonorar dəlisiydi. Çünki gələcəyin dahisiydi.

İmzasını hərarətlə öpürdü. Çünki gələcəyin dahisiydi.

Çətin idi mənim üçün dahilərin arasında yaşamaq.

İçkipərəst deyildim, küçə qadınlarıyla dostluq etmirdim, söyüş söymürdüm, borcumu vaxtında qaytarırdım, əxlaqı müqəddəs sayırdım, restoranlarda gecələmirdim, şəhvət hərisi deyildim, kitabı sevirdim.

Artıq idim dahilər arasında.

İyrəndim “dahilər”dən.

ƏDƏBİYYAT TƏDRİSİ

Şairlərin ayaqqabısının tozu diqqətlə öyrənilirdi.

Asqırığı, tüpürcəyi, dərin təhlil obyektinə çevrilirdi.

Sifətindəki sillə yeri – tarixi hadisə sayılırdı.

İşrətliləri – Məcnunlaşırdı.

İşvəkarları – Məryəmləşirdi.

Zəifliyi – qüdrətləşirdi.

Xəyanətləri – sədaqətləşirdi.

Bütün şairlər – başdan-binadan inqilabçı idilər; hamısının məqsədi ideal cəmiyyət qurmaq imiş, despotizmi kökündən qopartmaq imiş!

Əyyaşlıq edəndə belə şairlər – pir oğlu pir olurlarmış!

Varlı olanda belə şairlər – yoxsul olurlarmış!

Qorxudan əsəndə belə şairlər – qorxmaz olurlarmış!

Qumar oynayanda belə şairlər – ibadət zirvəsinə ucalırlarmış!

Qadınına xəyanət edəndə belə şairlər – mənəviyyatın üst qatına yüksəlirlərmiş!

Mənsəbə yalmananda belə şairlər – vüqar taxtında qürrələnirlərmiş!

Ədəbiyyat dərsində ədəbiyyatdan bezirdim.

“Görəsən dünyada şairlərdən də pis adam olubmu?” – deyirdim.

FƏLSƏFƏ TƏDRİSİ

“Birinci materiyadır” – deyənlər – materialistlərdir.

“Birinci şüurdur” – deyənlər – idealistlərdir.

Materialist düz deyir; idealist yalan danışır.

Dünya, Həyat, Cəmiyyət üç qanun əsasında inkişaf edir: əksliklərin mübarizəsi və vəhdəti qanunu, kəmiyyətin keyfiyyətə keçməsi qanunu və inkarı inkar qanunu əsasında.

Cəmiyyətin inkişafı – istehsal qüvvələriylə istehsal münasibətləri arasında ziddiyyətlə bağlıdır.

Həmin ziddiyyət inqilabi yolla: köhnə iqtisadi münasibətlərin yeni iqtisadi münasibətlərlə əvəz olunması yoluyla aradan qalxır.

Proletariat kapitalist sinfini ləğv edir, siyasi hakimiyyətə sahib olur və ideal cəmiyyət yaradır.

Bütün bəlaların başı – xüsusi mülkiyyətdir.

Xüsusi mülkiyyət ictimai (ümumi) mülkiyyətlə əvəz olunanda bütün problemlər həll olunacaq, bərabərlik, qardaşlıq, ədalət bərqərar olacaq.

İndiyə qədər olan fəlsəfə labüd şəkildə müasir, yeni, vahid fəlsəfəni yetirmək üçün yaranıb.

Müasir fəlsəfəyə zidd nə varsa – cəfəngiyyatdır.

Həqiqət birdir, o da bizdədir.

Başqa həqiqət axtaranlar – heyvərə və canidirlər.

Yalnız və yalnız...

Fəlsəfə tədrisində fəlsəfə qurtarırdı...

ÖZÜMÜNKÜLƏR

Biri deyirdi: Cansızdır.

O biri deyirdi: Kitab adamıdır, həyat adamı deyil.

Başqası deyirdi: Fərdiyyətçidir.

Digəri deyirdi: Səliqəsizdir!

Biri deyirdi: Özünü bilikli göstərir.

O biri deyirdi: Cavanlığını qurban verir.

Başqası deyirdi: Oxumaqla dahi olmaq istəyir.

Digəri deyirdi: Yəqin vergisinə inamı yoxdur.

Biri deyirdi: Boydan balacadır.

O biri deyirdi: Lütün biridir.

Başqası deyirdi: Nəzakət qaydalarını bilmir.

Digəri deyirdi: Özündən razıdır.

Gündə yüz yol məni asırdılar, kəsirdilər özümünkülər.

KİTABXANA

Hegeli oxuyurdum. Kəndimizi görürdüm.

Platonu oxuyurdum. Kəndimizi görürdüm.

Tolstoyu oxuyurdum. Kəndimizi görürdüm.

Füzulini oxuyurdum. Kəndimizi görürdüm.

Nəsimini oxuyurdum. Kəndimizi görürdüm.

Musiqi tarixini oxuyurdum. Kəndimizi görürdüm.

Rəssamlıq tarixini oxuyurdum. Kəndimizi görürdüm.

Dünya tarixini oxuyurdum. Kəndimizi görürdüm.

Vuruldum kitablara.

Unutdum özümü, şəhəri, institutu, özümünküləri.

Özümü təzədən oxudum, təzədən tapdım.

HİDDƏTLİ SƏSLƏR

- Komsomoldan çıxarılsın!

- İdealistləri oxuyur.

- Dərsə gəlmir.

- Bizi saymır.

- Özünü böyük sayır.

- Dili acıdır.

- İntizamsızdır.

- Laureatları ələ salır.

- Sifətində istehza var.

- Çıxarılsın.

- Qovulsun.

- Bizə bənzəmir...

NÖVBƏDƏ DURANLAR

Dünya Matəm işindəydi.

Stalin ölmüşdü.

Şəhər mərhumla vida növbəsinə durmuşdu.

Uşaqlı, qocalı, qadınlı, xəstəli, şikəstli bütün şəhər.

Növbədə gecələyirdilər, səhəri açırdılar.

Bir-birini itələyirdilər.

Ölənlər də vardı. Heç kəsin ölümü görünmürdü.

Stalinə yas saxlayırdılar.

Stalinin ölümü ildırım tək insanlar vurmuşdu.

Unutmayacaqlar yəqin ki, rəhbərini növbədə dayananlar!

Əziz tutacaq hörmətini rəhbərinin növbədə duranlar!

Qoymayacaqlar “çirkaba qərq eləsinlər xatirəsini rəhbərin!

Kəsəcəklər “rəhbəri tarixdən silməyə çalışan” əlləri!

Öləcəklər rəhbərin ləyaqəti naminə!

Meyidini “murdar qəsddən” qoruyacaqlar...

TƏLƏBƏLİ GÜNLƏRİM

MÜƏLLİMLİK

Füzulidən danışırdım tələbələrimə.

Nəsimidən danışırdım tələbələrimə.

Bayrondan danışırdım tələbələrimə.

Şekspirdən danışırdım tələbələrimə.

Mənəviyyatdan danışırdım tələbələrimə.

İdrakdan danışırdım tələbələrimə.

Sifətlərə çökdüm, gözlərə çökdüm, ürəklərə çökdüm, talelərə çökdüm.

5-ci il (1984)


MANŞET XƏBƏRLƏRİ