Əziz oxucular, bu günlərdə çağdaş ədəbiyyatımızın tanınmış nümayəndələrindən olan, şair Əlisəmid Kürün 70 yaşı tamam oldu.
Xatırladaq ki, Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.
Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dərc edilib.
“Rəngli kölgələr”, “Əlisəmid və qırx tanış üz”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində”, “Tənha kentavr” kitablarının müəllifi, bir sıra ədəbi mükafatlar laureatıdır.
Hörmətli yubileyarımızı təbrik edib, müxtəlif illərdə ədəbi imzaların özü və yaradıcılığı haqqında qələmə aldığı şeirlərdən, yazılardan bir neçəsini diqqətinizə çatdırırıq.
***
Böyük-kiçik şair yoxdu. Adam ya şairdi, ya da deyil!
Əlisəmid Kür təpədən-dırnağa şairdi!
Əlisəmid şair olmaqdan da ötə şeirdi, şeirin özüdü!..
Əzizim Əlisəmid! Özün də bilirsən ki, yalnızlığı dərk eləyən adama qorxu hissi aşılamaq, dənizə su aparmaq, dağa daş daşımaq qədər dəlilikdi!..
Yubileyin qutlu olsun, dəyərli dostum!
Rüstəm Behrudi
şair
***
Əli Kərim “Kür, sənə bənzəyən nəğməm olaydı...” deyirdi, Əlisəmid həmin o nəğmədir. Nəğmə oxduğumuz şeirlərin ən munis qatındadır, bir gün uşaq əlindən qaçan çərpələng kimi havaya uçacaq. Onda biləcəyik azadlıq nədir. İndi bu sözün qarşısında hamı susur.
Hər bir şair söz, sənət dünyasında bir iqlim qurşağıdır, hər bir şair bir fəsildir, ayrıca bir materikdir və sair.
Əlisəmid bizim poeziyada məcrasına sığmayan yeganə çaydır.
Şairlər var, sularına gül atılan dəniz kimidir – Müşfiq. Şairlər var, oxuyanda misraların arasıyla zirvələrdə ağaran həsrət bəllənir – Məmməd Araz. Şairlər var, özgə dildə yazanda da Təbriz qoxuyur – Şəhriyar.
Əlisəmidin şeirlərində rəng, qoxu, ətir... dünyaya gözünü açdığı ilkin formadadır. Onun mətləbini bu rənglər, bu qoxular bəlli edir, nəinki sözlər.
Cavanşir Yusifli
tənqidçi, ədəbiyyatşünas
***
Əlisəmid Kür mənim üçün ilk növbədə «şairlik karyera deyil, taledir» görüşünün canlı mücəssəməsidir. Cəmiyyətdə öz müəllif və şair obrazı olan tək-tək şairlərimizdəndir Əlisəmid.
Maraqlıdır ki, bütün həyat enerjisini özünü «yoğurub-yapmağa» sərf edən ədiblərimizdən fərqli olaraq, Əlisəmid bunun üçün heç bir xüsusi səy göstərməyib. Ona görə, bunu «tale», qismət» və ya «alın yazısı» adlandırmaq hər kəsin öz işidir. «Stil – insandır» paradiqmasından çıxış etsək, Əlisəmid tamamilə bənzərsiz, yeni və yalnız özünəxas ifadə tərzi olan böyük bir insandır. Yersiz bəlağət, pafosa xidmət edən ritorik fiqurlar, stilistik əllaməçilik... belə şeylər onluq deyil.
«Payız gəldi, güllərin qanı bahasına» ifadəsi onun yaradıcılığının əhəmiyyətli hissəsinə epiqraf kimi götürülə bilər.
Sənətkarı 70 yaşı münasibətilə təbrik edir, ona hüzurlu, sağlıqlı, yeni-yeni ugurlarla dolu ömür-gün arzulayıram!
Etimad Başkeçid
şair
***
Bütün ədəbi cərəyanlar aşkar-gizli şəkildə iddia edirlər ki, reallığı daha yaxşı məhz onlar ifadə edir, yəni bir növ, hərəsi öz bildiyi yolla "realizm" olmaq istəyirlər. Bu mənada bəlkə də dünyada "realizm"dən başqa cərəyan olmadığını deyənlər səhv etmirlər, əlbəttə təyinat fərqiylə.
Mən özümdən Əlisəmid Kürün şeirlərinə uyğun belə bir təyinat yaratmışam: Nevrotik realizm.
90-cı illərin qarışıq, xaotik, ümidsiz illərinin ən dəqiq bədii ifadələrindən biri Əlisəmidin sonradan kitabının da adı olan şeiridir: "Qan-tər içində." İmperiyanın dağıntıları altından sağ çıxanların çaş-başlıq, fərəh-qəzəb arasında gedib-gələn ovqatını üç sözə çevirəsi olsaq, bundan yığcam, bundan dəqiq ifadə tapmaq çətindir: Qan-tər içində. Bütün ideologiyaların domino daşları kimi dağıldığı, kompasların işləmədiyi zamanın şeiri belə başlayırdı: "Əqrəbləri itmiş saat kimiyəm..."
Əlisəmidin şeirləri həmişə sinir uclarından, əsəblərin oyaq yerindən doğulur. Məncə, onun ən fərəhli misralarında belə ipə-sapa yatmazlıq, dəlisovluq var; məsələn, bircə misralıq bu işıqlı şeirin yaratdığı gərginlik sahəsinə fikir verin: "Bahar dil uzadır nəlbəkilərdən."
Onu hər görəndə yadıma Məmməd Araz alnından çənəsinəcən süzdüyü qocanı təsvir edərkən yazdığı "Ömür - alnına tərsinə bir dırmıq çəkibdir" misrası düşür, elə bilirəm, bizim Əlisəmidə aiddir.
Qismət Rüstəmov
şair
Ağrılar sevdalısı
Həə, əziz oxucu! Bir az vaxtını alıb “Nəsimi ili”ndə sənə
“Hamı iftar açır günah içində...
Al, xışla hamını, al, xışla, Allah!
Sənin sağlığına içmişəm, Allah...
Bağışla sən Allah, bağışla, Allah!”
— deyib Nəsiminin Allahının yox, Peyğəmbərin Allahının sağlığına içən, bu günə kimi də sağ qalıb-qalmamasından xəbəri olmayan, öz qəbrinə qısılan Əlisəmid Kürdən danışacağam. Deyəsən, tanımadın axı... Kür Əlsəmidi deyirəm də — alnının qırışından taleyin suvarı keçən, el-obası qan tər içində olan, bu şəhərdə bütün dilənçiləri tanıyan, qolları üstündə can verən, balabançı kor Əlisəmidin dostu Kür Əlisəmidi.
... Demək, yay aylarıdı... Günlərin bir günü özü ilə döyüşə-döyüşə ölümünə doğru gedən bu şərablar Tanrısı ilə bu şəhərdə qəfl rastlaşırıq. Üzündəki qırışlara salam verirəm... Nə başını ağrıdım... Stolu, stulu özümüzə tabe edib bir ağacın kölgəsinə bürünürük... Baxıram, qarşımdakı bu səhra adamına, tənhalıq aşiqinə... Yenə barmaqları saçlarında qaçışır, Allah boyda susqunluq ağuşunda dərin-dərin nəfəs alır... Mənsə bu an eləcə Məmməd Arazı xatırlayıram; içində dünya müharibəsi, çölündə qurtula bilmədiyi sükut... Amma bir fərq var idi ki, onun sükutu təbiətin hökmü idi, önümdəki bu şərablar Tanrısının sükutu isə öz xarakterinin hökmü...
Qayıdıram, müşahidəmi davam etdirməyə... Gözləri havaya dikilib, qarşısındakı çay dolu stəkan da “Sonrası, sonrası nə ola, ola...” — deyib, ürəyi yana-yana qurbanlıq quzu tək bir ovcuna sığınıb.
... və özümü daha da toplayıb, yolumu taleyindən salıram bu susan köynəkli çovğunun. Başlayıram sükuta güllə ata-ata, xəfif-xəfif, oğrun-oğrun addımlaya-addımlaya ad günü keçirməyən həbsxanaların, 2400 kilometirlik həsrətin, köhnə divar saatında kəfgirdə yellənən qızın yanından keçməyə...
Bircə onu görürəm ki, hər sual verdikcə suallarımın əlindən tutub, gözündən öpüb gedir lap ömrünün unutduğu fəsillərinə.
Uzaqlaşdıqca dabanı yeyilmiş çəkmələrinin boğuq, kədərli səsini eşidirəm...
Zaman keçir... çay üşüyür... Daha sual da vermirəm... Elə bil ömrü bu saat bitəcək, eləcə ara vermədən özü danışır... gah həyatdan, gah ömürdən... gah da şeirdən. Gözləri qızarır, dodağı səyriyir, nəfəsi təngiyir... siqaretlərin naləsi ərşə qalxır... və birdən dediyi bir neçə cümlənin içindən bir söz çınqıl daş kimi gözümə düşür;
“Bax, gör nə deyirəm, ay Emil. Bilirsən, hazırkı çağımızda Salam Sarvan da şairdi, Ramiz Rövşən də, Rüstəm Behrudi də... Amma mən onları taleyimlə yemişəm, taleyimlə!”
Amam Tanrım!..Qəfl gözlərim titrəyir... “Taleyimlə yemişəm”... — bu sözün enerjisindən özümü bir canavar dişində hiss edirəm bu taleyi canavar adamın qarşısında... Bəli, taleyi canavar adam!
... Əlisəmid Kür şəhər-şəhər, içki-içki, dilənçi-dilənçi, şeir-şeir, yalquzaq-yalquzaq azan səsində öz taleyinə təslim olmağı bacardı, öz taleyinə uduzmağı bacardı amma taleyi yenə qələbə çala bilmədi ki, bilmədi bu qəribə və bir az da qərib adamın.
... Həə, əziz oxucu!
Bilirsənmi, bu il həmin o ağrılar sevdalısının, şərablar Tanrısının, SÖZ səhrasının 65 illiyidir. Heç bəlkə özünün də xəbəri yoxdu.Çünki o dünyanın əqrəbləri itmiş saatıdır... Ehh, nə bilim e... Görsən, bircə deyərsən ki...— niyə dəyişmədin, Cəfərin oğlu?!.
Emil Rasimoğlu
şair
***
(Əlisəmid Kürə)
Düyün düşüb fikir kimi.
Günortanın istisində ünvansız çöldə Kür kimi
tüstülənə-tüstülənə
Axıb, axıb o gedəndi
Əlisəmid Kür!
Üzü laylay çalınmış torpaqdı,
Yuxusunda azadlıq görən vətəndir,
Əlisəmid Kür!
Suların paytaxtı ucsuz Xəzərdə
Kürün aqibəti kimi,
Gəlib, gəlib bu şəhərdə
O itəndi
Əlisəmid Kür!
Canına çör-çöp daraşmış,
Özü-özünə dolaşmış qəzəbli burulğan kimi,
Özünə də çətindi,
çətindi,
Əlisəmid Kür!
Dünyada yerini bir kimsə bilməz!
Harda gəldi, necə gəldi xoşbəxtdi, bədbəxtdi,
Bir üzü toydu-bayramdı,
Bir üzü ölüm-itimdi,
Əlisəmid Kür!
Hirsi əngində kilidli,
Gözünün yaşı ovcunda,
Bilmirsən ögey atadır,
Bilmirsən yetimdi,
Əlisəmid Kür!
Aqşin Yenisey
***
O, sətirlərin arasında günəşin qaranlıq tərəfi ilə sevişən şairdir. O, ürəyinin istisi ilə ovuclarından vurulan dilənçi əllərinin xəritəsini çəkən kentavrdır.
O, uzaqların ağrısını köhnə saat kəfkirindən asmağı bacaran, öz evindən küsərək, komasından birdəfəlik çıxarkən götürdüyü pencəyini alın yazısına bürüyən söz adamıdır.
Onun adı Əlisəmid Kürdür.
Dünyaya öz alın yazısını güllələyək gəlib. Alnındakı qırışlardan bütün müharibələrin səngərləri gizlənib.
Əlisəmid Kürün alnı doğrudan da səngərə bənzəyir. Bəlkə də öz taleyini alnındakı qırışlarda (səngərlərdə) gizlədib. Amma taleyini ara müharibələrindən qoruya bilmədi...Həmin qırışıq səngərlərdə isə cəmi üç qüvvə var;
Tanrı, söz və Əlisəmid Kür...
Kövrələndə göz yaşları ilə gizlən-qaç oynayacaq qədər qəddar, gülümsəyərkən anidən kövrələ biləcək qədər yuxa insandır bu adam! Hərdən gözlərinin rənglərində uzaqların ayaq izlərinin səsləri gizlənir. Hərdən də özünü ovudan bir ovuc duaya bənzəyir bu adam...
Ömrün 70 baharını qucaqlayıb alnından öpən, doğum günlərini öz balası kimi böyüdən adamdır Əlisəmid! Onun poeziyasındakı bütün paslı bıçaqlardan dost-doğma Vətəni baxır.
Şair bütün zamanların ölümə qaçan əqrəblərinə sözdən başdaşı yoğurub.
Ağzındakı dişlər də elə unudulmuş, doğmaları itkin düşmüş qəbirləri xatırladır.
Əlisəmid Kür poeziyasından ayaqlarını relslərin üzərində unudan çəlikli bir qatar keçir. Öz ömrünü poeziyaya köçürən şairin söz yaddaşı içinin daş yaddaşından boylanır.
Bir sözlə, o, ilk nəfəsindən sonuncusuna qədər şairdir.
Doğum gününüz qutlu olsun, qorlu qutların atası!
Tural Turan
şair-publisist
Dalağa dəyən şair
“Ay nə gözəl qaydadı… şal sallamaq” (M.Şəhriyar) – “oranjeman” etsək: sosial şəbəkədə kimin ad günü oldusa, təbrik etmək gözəl qaydadır!
Bəri başdan deyim: Əlisəmid Kürü “oranjeman” etmək olmur! Çün həm orijinaldı, həm original! Bütün etdiklərini təkrar etməyə, “oranjeman”a ilk olaraq, kişilik çatmaz, ardından da istedad, sonra da yaşantılar.
Əlisəmidin etdiklərini heç bir “ağıllı” adam eləməz, eləyə bilməz – vurub öldürərlər! Amma Əlisəmid eləyib və elədiyinə, qədeşfason yanaşsaq, deyə bilərik ki, “otveçat” da olub. Onçun da yaşayır! Yaşayır və yaradır!
Mən ilk gəncliyimdən tanıdığım Əlisəmid Kürlə birgə yaşadığım bu şəhərdə təsadüfdən təsadüfə rastlaşmışam.
Tanıyanların hamısı Əlisəmid Kürlə yeyib-içməyə hazır olub və yaxud da əksinə, amma mən bu yeyib-içməklərə qıcıq olmuşam həmişə: zalım balası, Əlisəmid Kür bir süfrədə oturub şeir içməyə, həyat içməyə layiq ən yaxşı müsahbdi e.
Ədəbi mühitdən kimi dindirsən, hamısının Əlisəmid Kürün yeyib-içmək məclislərindən, “dəlilik” olaylarından bir xeyli ehtiyatı var saxlancında! Zalım balası, adamın o qədər şeiri var ki, deyəsən, yada salasan, sonra da gedib arvadların qul bazarından doqquzunun gündəlik haqqını və hərəsinin də əlinə bir dəsmal verib deyəsən ki, ağlayın, əziz bacılar, ağlayın, əziz analar, ağlayın, əziz qızlar, sizi ağlayan halına ağlamalı Əlisəmidi – atanızı, qardaşınızı oğlunuzu... ölkəni!
Mən bilmirəm Əlisəmid Kürü axır vaxtlar görənlər “Baksovet”dəki – "Vahid" Poeziya Evinin qarşısında Əliağa Vahidin büstünü gətirirlərmi gözlərinin önünə? Əlisəmid Kürün sifətidi eynən elə bil – həm də Azərbaycan ədəbiyyatınının ÇTZ traktoru ilə kotan ağzına şırımlanmağa verilmiş sifəti! Azərbaycan ədəbiyyatının bütün və son əzablarının ifadəsi!
İkisinin də adı mürəkkəb isimdir. İkisinin də Əlisinə beyəti var! Amma Əli-AĞAmız Ağa kimi yaşamadı, ƏliSƏMİDimiz adam kimi! Taleyin ironiyasına bax ki, guya Əli SƏMİD – lal-dinməz, sakit, möhkəm dayanan olacaqmış deyə adamı dünyaya gəldiyi andan birinci olaraq, ismiylə mürəkkəbləşdiriblər, sonra da həyatıyla! İkisi də şair kimi faciələrdən heykəl yapdı, salnamə yaratdı!
Əlisəmid! Təkcə “Yol” adında ədəbi-bədii qəzetin sahibi olmadı mən tanıdığım illərdən bu yana, həm də YOLu olan oldu – bir daha heç kimin keçməyə cəsarət edə bilməyəcəyi yolun!
Əlisəmid! Ədəbi Arazlara qovuşan Kür şairimiz! Bütün yaxşılıqların içində, önündə və həm də şahidi! Bütün pisliklərin hədəfi və acıların-ağrıların mərkəzində! Hər dəfə Əlisəmid Kür hərlənib-fırlanıb mənə rast gələndə, yaxud da məclisdə ondan söz düşəndə dədəmin və qardaşımın, üstəlik də sevgilimin mənə dediyi yadıma düşür:
Dədəm Məmməd deyirdi ki:
- Ay bala, sənə bu qədər əziyyət çəkirik, sevirik, əzizləyirik, varımızı-yoxumuzu veririk, amma sən bir niyyətini nümayiş etdirirsən: doğulan gündən ölmək üçün əlləşirsən - əvvəllər, uşaq vaxtı xəstələnirdin, bir az böyüdün, başladın dalaşmağa, ağlının ümidinə buraxdıq, getdin qan çanağının içinə, diplom aldın, ağa demədin, xan demədin, rəiyyət demədin... Adam da öl(dürül)mək uğrunda vuruşarmı? Bəs sən haçan yaşamaq üçün mübarizə aparmaq istəyəcəksən?
Əzizgirami qardaşım da özüm-özümü zülmlərə salmağıma baxıb-baxıb köksünü ötürüb demişdi:
- Bu yer üzündə səni tanıdığım 40 ildə səndən başqa birini görmədim ki, sənin qədər özü özünə düşmən olsun!
Sevgilim deyirdi ki:
- Sən xoşbəxt yaşamağı bacarmırsan, hökmən gərək öz başına bir müsibət açacan!
Hə, Əlisəmid Kür, sən 65-ə çatıbsan, mən 50-ni keçmişəm! Bəlkə “bəs” deyək? Yoxsa hələ də “yeri var”? Dalağa dəyməyib? Axı sən dalağa dəyən şairsən hər misranla!
Axı nə qədər “sonrası nə ola-ola” deyərsən, deyərik?
Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.
Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.
Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.
Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.
Axı belə getsə:
səni büllur külqabı kimi satacaqlar hərracda!
Axı:
türmələrdə ad günü keçirmirlər!
Axı bəs deyilmi:
Ürək qızdırdığıN, çörək kəsdiyiN
Qəfildən üstüNdən atdanıb keçir.
Axı bəs deyilmi:
Adam nə qədər cibindən üşüyər, adam nə qədər canından çürüyər? Qoy Ağacın dərdini yarpaqlar çəkSİN də, qoy “Ağaclar ölSÜN ayaqüstə” də...
Axı:
Yüz əliqılınclı hazır
bir bənövşə boynu vurmağa...
Ehh, Cəfər kişinin oğlu, Sən-də-Mİ sübut etmək istəmirsən bu həyata Kİ, BİRÜZLÜ olub da xoşbəxt olmaq olar? Day onda bizə yazığın gəlmədi gəlmədi, özünə niyə 65 il zülm elədin?
Nə qədər ki, ölməmisən, xoşbəxt olmağı da bacar, qalan hər şeyi bacardın, BİRÜZLÜ oğlan!
YAZIYA SÖZARDI:
Cəlilabaddan bir cavan şair peyda olur, Salam Novruzov. Əlisəmid ağrısını aldığım da istedadı göydə tutan adamdı axı, istedad uğrunda gülləyə gedər, nəinki evinə qonaq getmək ola. Bəli, bir dəstə, başda Əlisəmid olmaqla gəlirlər bu Salam Novruzovgilə. Nəinki Salamgilin, ölkənin kasıb vaxtları olur, yığışıb həyət evinin dalında, başlayırlar vurmağa. 1..., 2..., 3..., 5..., 7..., 9..., 11..., nəhayət, 13-cü araq butulkasını boşaldanda, Əlisəmid qayıdır ki, hə, dəydi! Soruşurlar ki, Əlisəmid, nə dəydi?
Ustad da qayıdır ki:
- İndi dəydi, dalağa dəydi!
Biz Əlisəmid Kürün dalağına bəlkə də 13-cü butulkadan sonra dəyə bilirik, amma o hər şeirilə dəyir dalağımıza! İnanmırsınız? Buyurun:
ALO, MƏN SƏNİ GÖRÜRƏM
Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…
Aydın Canıyev
jurnalist
***
(Əlisəmid Kürə…)
Alnının qırışından,
taleyin qarğışından,
şikəstə oxuyan aşığa
ağlamağından tanıyıram mən səni…
ağla, Kürüm, ağla, mən ölüm.
Saçının ağlığı taleyin qara oyunu,
dara atların telini,
ara bu ömrün toyunu —
Bir qol qaldır,
çağla, Kürüm, çağla, mən ölüm.
Torpağımı cadar-cadar
gördüm, böyüdüm,
qarğadım Günəşə,
sonra tez yalvardım Aya
məni bağışlasın deyə…
Əllərini cadar-cadar görəndə
əlimi əlimə vurub
bir şaqqanaq çəkdim
bu nainsaf dünyaya,
bu naqolay gərdişə.
Açdın qollarını əzaba sarı,
bağla, Kürüm, bağla, mən ölüm.
Nadir Yalçın