Kılıçdaroğlundan daha bir addım! CHP-nin qrup toplantısı keçirilməyəcək


Cümhuriyyət Xalq Partiyasında (CHP) məhkəmənin “mütləq etibarsızlıq” qərarından sonra yaranan siyasi böhran dərinləşməkdə davam edir.

Turkustan.az xəbər verir ki, Kamal Kılıçdaroğlu və Özgür Özəl tərəfdarları arasında partiyadaxili gərginlik sürərkən, Kılıçdaroğlu diqqətçəkən yeni addım atıb.

Kılıçdaroğlu CHP millət vəkillərinə göndərdiyi rəsmi məktubda CHP Parlament Qrupu Baş Məclisinin iclas tarixinin hələ müəyyən edilmədiyini bildirib və öz göstərişi olmadan toplantının keçirilməyəcəyini vurğulayıb.

Məktubda qeyd olunub:

“Baş Məclisin iclas tarixi ilə bağlı CHP Parlament Qrupu üzvləri arasında müxtəlif suallar və tərəddüdlərin yarandığı müşahidə olunur. Bu səbəbdən bildirirəm ki, CHP Parlament Qrupunun Baş Məclisinin iclas tarixi hələ tərəfimdən müəyyən edilməyib. Tarix müəyyənləşdirildikdən sonra sizə məlumat veriləcək. Mənim tərəfimdən rəsmi məlumat verilmədiyi müddətdə CHP Parlament Qrupunun Baş Məclisi toplanmayacaq”.

Kılıçdaroğlunun bu açıqlaması partiya daxilindəki qarşıdurmanın daha da sərtləşdiyi barədə şərhlərə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ