“Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüsləri” layihəsinə start verilib


“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüsləri” adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi regionlarda məişət tullantılarının idarə olunması istiqamətində həyata keçirilən fəaliyyətləri monitorinq etmək, mövcud vəziyyəti qiymətləndirmək və hesabat sənədi hazırlamaqdır. Eyni zamanda, vətəndaşlar arasında məişət tullantılarının idarə olunması və çeşidlənməsi ilə bağlı geniş maarifləndirmə və təbliğat kampaniyalarının aparılması nəzərdə tutulur.

Layihə çərçivəsində regionlarda yerləşən beş bələdiyyədə maarifləndirici tədbirlər keçiriləcək. Tədbirlər zamanı iştirakçılara məişət tullantılarının düzgün idarə olunmasının yolları, səbəbləri və əhəmiyyəti barədə seminarlar təqdim ediləcəkdir.

Tədbirlərdə 18–50 yaş arası 100 nəfər yerli vətəndaşın, eləcə də dövlət və bələdiyyə qurumlarının əməkdaşlarının iştirakı nəzərdə tutulub. Seminarlar “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin peşəkar ekspertləri tərəfindən keçiriləcək və iştirakçılarla geniş müzakirələr aparılacaqdır.

Monitorinqlər zamanı əldə olunan tədqiqat materialları, foto və video görüntülər əsasında hesabat sənədi hazırlanacaq, daha sonra ictimaiyyətə və müvafiq qurumlara təqdim ediləcəkdir.


MANŞET XƏBƏRLƏRİ