"WUF13 çərçivəsində Azərbaycan musiqisinin beynəlxalq səhnədə uğurlu təqdimatı"


Azərbaycan musiqisi beynəlxalq arenada uğurla təbliğ olunur...

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən mədəni proqramlar sırasında Azərbaycan musiqisi də geniş şəkildə təmsil olunub.
Forumun son günlərində təşkil olunan konsert proqramında gənc opera və vokal ifaçıları — Azərbaycan Milli Konservatoriyasının məzunu Altun Süleymanov və gənc ifaçı İsa Məmmədov — “Azərbaycanım” mahnısını duet şəklində ifa ediblər.

Altun Süleymanov bildirib ki, belə mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi mühüm əhəmiyyət daşıyır:

“Azərbaycanda belə beynəlxalq səviyyəli forumun keçirilməsi çox təqdirəlayiqdir. Şəhərsalma Forumu yüksək səviyyədə təşkil olunub. Biz gənclər olaraq Azərbaycan mədəniyyətini və musiqisini hər zaman təbliğ edirik. Bu dəfə də beynəlxalq arenada çıxış edərək ölkəmizi təmsil etdik.”

İfaçı xarici qonaqların və turistlərin çıxışa böyük maraq göstərdiyini vurğulayıb:
“Bir çox xarici qonaq və turist ifamıza yaxınlaşaraq dinləyirdi. Bu, çox sevindirici haldır. Deməli, Azərbaycan musiqisi yalnız ölkə daxilində deyil, beynəlxalq auditoriya tərəfindən də maraqla qarşılanır. Bu bizim üçün böyük qürur və motivasiyadır.”

O, həmçinin media nümayəndələrinə və təşkilatçılara təşəkkürünü bildirib.
WUF13 mədəniyyətlərarası platforma kimi
Altun Süleymanov qeyd edib ki, WUF13 təkcə şəhərsalma məsələlərinin müzakirə olunduğu platforma deyil, həm də müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi beynəlxalq məkandır:

“Burada bir çox ölkələrin pavilyonları fəaliyyət göstərir. İngiltərə, Hindistan, Afrika ölkələri, Bəhreyn, Ukrayna və digərləri öz mədəni irslərini, tarixi abidələrini və milli dəyərlərini nümayiş etdirirlər. Bu isə mədəniyyətlərarası dialoqu gücləndirir.”

“Qısa müddətdə böyük layihələrə imza atmışıq”

Duet ortağı İsa Məmmədov da çıxış edərək, forumda iştirakdan məmnunluğunu ifadə edib:

“Bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Altun bəylə birlikdə ‘Azərbaycanım’ mahnısını ifa etdik və ölkəmizi layiqincə təmsil etdik. Çıxışımız tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.”

O, Altun Süleymanovla əməkdaşlığın qısa müddətdə uğurlu nəticələr verdiyini bildirib:

“Biz təxminən beş ay əvvəl tanış olmuşuq. Bu qısa müddətdə bir sıra layihələrə imza atmış, beynəlxalq müsabiqələrdə iştirak edərək diplom və təşəkkürnamələr əldə etmişik.”

“Azərbaycan musiqisi zəngin və çoxşaxəlidir”

Altun Süleymanov Azərbaycan musiqisinin yalnız klassik ifa ilə məhdudlaşmadığını vurğulayıb:
“Azərbaycan musiqisi təkcə operadan ibarət deyil. Biz həm klassik, həm milli vokal ifa edirik, xalq mahnılarını təbliğ edirik. Bir çox əsərləri isə yeni aranjemanlarda duet şəklində təqdim edirik. Artıq bir neçə layihəmiz YouTube və digər sosial şəbəkələrdə ictimaiyyətə təqdim olunub.”

O, gələcək planlardan da danışaraq bu cür layihələrin davamlı olacağını qeyd edib.

Aşıq sənətinə və milli irsə vurğu...

Söhbət zamanı Azərbaycan aşıq sənətinə də toxunulub. Altun Süleymanov saz sənətinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb:

“Aşıq sənəti Azərbaycanın ən qədim mədəni irs nümunələrindən biridir. Saz bizə Dədə Qorqud və Koroğlu kimi dastanlardan miras qalan müqəddəs musiqi alətidir.”

İfaçılar WUF13-ün mədəni proqramını yüksək qiymətləndirərək, bu cür beynəlxalq platformaların Azərbaycan mədəniyyətinin dünyada tanıdılması baxımından mühüm rol oynadığını qeyd ediblər.

Onların fikrincə, forum təkcə şəhərsalma məsələlərinin deyil, həm də mədəni dialoqun və beynəlxalq əməkdaşlığın gücləndirildiyi qlobal bir mərkəzə çevrilib.

Leyla Turan


MANŞET XƏBƏRLƏRİ