Şokedici kəşf: "Wi-Fi" artıq sadəcə internet deyil - İnsanları izləyən sistem hazırlanıb


Karlsrue Texnologiya İnstitutunun almaniyalı tədqiqatçıları ənənəvi "Wi-Fi" siqnallarından istifadə edərək insanları demək olar ki, 100 faiz dəqiqliklə tanımağa imkan verən yeni üsul kəşf ediblər.

Bu barədə "ScienceDaily" jurnalı məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, radiodalğaların əks olunmasının təhlili həm ətraf mühitin, həm də orada olan şəxslərin "təsvirini" formalaşdırmağa imkan verir.

Bu halda şəxsin tanınması üçün üzərində hər hansı aktiv cihazın olması şərt deyil - hətta söndürülmüş telefon belə izlənilmədən qorunmağa zəmanət vermir.

"Radiodalğaların yayılmasını izləməklə biz mühitin və oradakı insanların vizual modelini yarada bilirik. Bu, işıq dalğaları əvəzinə radiodalğalardan istifadə edən adi kamera kimi fəaliyyət göstərir. Bu səbəbdən üzərinizdə "Wi-Fi" cihazının olub-olmamasının heç bir fərqi yoxdur", - deyə almaniyalı professor Torsten Ştrufe bildirib.

Bu sistem ruterlər və onlara qoşulmuş cihazlar arasındakı standart rabitə protokolları əsasında işləyir. Şüa formalaşdırma məlumatları şifrələnməmiş şəkildə ötürüldüyü üçün şəbəkənin əhatə dairəsində olan hər kəs potensial olaraq onları ələ keçirə bilər. Modelin öyrədilməsindən sonra şəxsiyyətin müəyyən edilməsi prosesi cəmi bir neçə saniyə çəkir.

Alimləri ən çox narahat edən məqam isə bu texnologiyanın hər bir ruteri potensial müşahidə vasitəsinə çevirməsidir.

"Əgər siz davamlı olaraq "Wi-Fi" şəbəkəsi olan hər hansı bir kafenin yanından keçirsinizsə, orada xəbəriniz olmadan sizin kimliyinizi müəyyənləşdirə bilərlər", - deyə tədqiqat qrupunun təmsilçisi Yulian Todt xəbərdarlıq edib.

Tədqiqatçılar hazırlanmaqda olan "Wi-Fi IEEE 802.11bf" standartına məxfilik və təhlükəsizliklə bağlı daha etibarlı təminatların daxil edilməsinə çağırış edirlər.

Tədqiqatın nəticələri Taybeydə keçiriləcək "ACM CCS" konfransında təqdim olunacaq. /oxu.az/


MANŞET XƏBƏRLƏRİ