Epşteyn işi Fransanı qarışıqlığa saldı: Parisdə basqınlar


ABŞ Ədliyyə Nazirliyinin cinsi istismar şəbəkəsi yaratmaq və azyaşlı qızları fahişəliyə məcbur etməkdə ittiham olunan amerikalı milyarder Ceffri Epşteynlə bağlı yayımladığı son sənədlərdə fransız diplomat Fabris Aydanın və keçmiş mədəniyyət naziri, 2013-cü ildən Ərəb Dünyası İnstitutunun rəhbəri olan Cek Lanqın adlarının hallanması Fransada genişmiqyaslı araşdırmaya səbəb olub.

Turkustan.az xəbər verir ki, Fransa polisi Epşteyn sənədləri ilə əlaqədar bir neçə ünvanda axtarış aparıb. Prokurorluğun açıqlamasına görə, axtarış edilən yerlər arasında vaxtilə Lanqın rəhbərlik etdiyi Ərəb Dünyası İnstitutu da var. Bu addım 2012–2019-cu illərdə Epşteynlə əlaqəsi olduğu iddia edilən, lakin ittihamları rədd edən Lanqla bağlı istintaq çərçivəsində atılıb.

Paris Prokurorluğu Epşteyn sənədlərində adı keçən Fransa vətəndaşları ilə bağlı mümkün hüquqi məsuliyyətləri araşdırmaq üçün xüsusi istintaq qrupu yaradıldığını açıqlayıb.

Sənədlərdə bir neçə fransız diplomatın adı da yer alır. Fransanın xarici işlər naziri Jan-Noel Barro Fabris Aydanla bağlı iddiaların “çox ciddi” olduğunu bildirib. Nazir qeyd edib ki, məsələ prokurorluğa təqdim olunub, həmçinin Xarici İşlər Nazirliyində daxili araşdırma və intizam prosesi başlanıb.

Barro vurğulayıb ki, inzibati araşdırma konkret və yoxlanıla bilən faktlara əsaslanacaq və iddialar təsdiqlənmiş məlumatlar əsasında qiymətləndiriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ