ABŞ müdafiə naziri daha bir əməliyyat keçirəcək


ABŞ-ın müdafiə naziri Ostin sidik kisəsindəki problemə görə yenidən müalicə alacaq.

Bildirilib ki, ABŞ Müdafiə naziri Lloyd Ostin dekabr ayında yaşadığı sidik kisəsi problemindən sonra yerli vaxtla bu gün axşam saatlarında Valter Rid Milli Hərbi Tibb Mərkəzində minimal qeyri-cərrahi tibbi prosedurdan keçəcək.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü tərəfindən edilən yazılı açıqlamada, sözügedən prosedurun planlı və seçimli olduğu qeyd edilib. Açıqlamada, Ostinin prosedur zamanı nazirlik vəzifələrini müvəqqəti yerinə yetirə bilməyəcəyi, buna görə də səlahiyyətlərinin müdafiə nazirinin müavini Kathleen Hicks-ə ötürüləcəyi paylaşılıb.

Sözügedən prosedurla bağlı Ağ Ev və Konqresin də məlumatlandırıldığı bildirilib.

Nazir Ostin ilk dəfə 2023-cü il dekabrın 22-də prostat vəzi xərçəngi diaqnozu ilə əməliyyat olunduqdan sonra Walter Reed Hərbi Xəstəxanasına yerləşdirilib və ertəsi gün evə göndərilib, lakin sonradan ağırlaşmalar səbəbindən yanvarın 1-də yenidən xəstəxanaya yerləşdirilib.

Ostinin xəstəxanaya yerləşdirilməsi ilk olaraq 5 yanvarda Pentaqonun verdiyi açıqlama ilə gündəmə gətirildi və daha sonra prezident Co Baydenin də olduğu yüksək səviyyəli Pentaqon rəsmilərinin və Konqres üzvlərinin Ostinin xəstəxanaya yerləşdirildiyini günlər sonra öyrəndiyi ortaya çıxdı.

Müdafiə nazirinin səhhəti ilə bağlı baş verənlərin rəsmi orqanlardan və ictimaiyyətdən gizli saxlanması tənqid və araşdırmalara səbəb olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ