Kollec məzunları da 1 il əsgərlik edəcək? – Ekspertdən AÇIQLAMA


Azərbaycanda ali təhsil müəssisələrinin məzunları 12 ay, orta ixtisas təhsili alan şəxslər isə 18 ay müddətində həqiqi hərbi xidmət keçirlər. Bu fərqin gələcəkdə aradan qaldırılması, kollec məzunlarının da universitet bitirənlər kimi bir il hərbi xidmət etməsi məsələsi müzakirə mövzusu olaraq qalır.

Bəs mövcud qaydaların dəyişdirilməsi nə dərəcədə realdır? Gələcəkdə bütün təhsil pillələri üzrə hərbi xidmət müddətinin bərabərləşdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda ali təhsilli şəxslər 12 ay, orta ixtisas təhsili alanlar isə 18 ay hərbi xidmət keçirlər. Onun sözlərinə görə, bu fərqin aradan qaldırılması ilə bağlı müxtəlif müzakirələr aparılsa da, hələlik məsələnin həlli istiqamətində konkret iradə görünmür.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

Ekspert qeyd edib ki, hərbi xidmət müddətinin azaldılması yalnız kollec məzunları ilə məhdudlaşmamalı, ümumilikdə təhsil alan gənclərə fərdi yanaşma əsasında nəzərdən keçirilməlidir:

“Şəxsi fikrim ondan ibarətdir ki, ali təhsil müəssisəsini bitirən, elmə və tərəqqiyə meylli olan gəncləri 12 ay hərbi xidmətdə saxlamağın ciddi mənası yoxdur. Çünki həmin müddətdə onlar universitetdə qazandıqları bilik və bacarıqlardan uzaq düşürlər. Hərbi xidmət spesifik sahədir və orada elmi bilikləri təkmilləşdirmək üçün lazımi imkanlar olmur. Buna görə də xidmət müddətinin azaldılması məsələsinə mütləq baxılmalıdır”.

Üzeyir Cəfərov kollec məzunlarının da 12 ay hərbi xidmət keçməsi təklifinin müzakirə oluna biləcəyini, lakin bunun yaxın perspektivdə reallaşmasını çətin hesab etdiyini bildirib. Onun fikrincə, Azərbaycanda yeniliklərin tətbiqinə ehtiyatlı yanaşılması bu məsələnin də həllini ləngidə bilər.

Hərbi ekspert hesab edir ki, hər bir gəncin təhsil səviyyəsi, bilik və bacarıqları, gələcəkdə cəmiyyətə verə biləcəyi töhfə nəzərə alınmalıdır. O, bütün şəxslərə eyni qaydada yanaşmaq əvəzinə, fərdi qiymətləndirmə mexanizminin tətbiqini təklif edib.

Ekspert, həmçinin alternativ hərbi xidmət haqqında qanunun qəbulunun vacibliyini vurğulayıb. Bildirib ki, vətəndaşlara həqiqi hərbi xidmətlə alternativ xidmət arasında seçim imkanı yaradılması konstitusion hüquqlara hörmət baxımından əhəmiyyətlidir.

Onun qənaətinə görə, hərbi xidmət müddətinin təhsil səviyyəsinə uyğun yenidən nəzərdən keçirilməsi və alternativ xidmət mexanizminin qanunvericilikdə təsbit olunması bu sahədə bir sıra məsələlərin həllinə imkan verə bilər.


MANŞET XƏBƏRLƏRİ