Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Ukrayna Prezidenti Vladimir Zelenskinin zəng edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinin telefona cavab verəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Uşakov “Rossiya” televiziya kanalına müsahibəsində Ukrayna böhranının həlli ilə bağlı danışıqlar və mümkün təmaslar barədə danışıb.
O, Ukrayna məsələsi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda Avropa nümayəndələrinin iştirakı ehtimalını da dəyərləndirib.
Uşakov bildirib ki, ABŞ-la işçi səviyyəsində əlaqələr mövcuddur və buna görə də danışıqların ilk mərhələlərinin üçtərəfli formatda keçirilməsi məntiqlidir.
Kremlin rəsmisi Zelenskinin Putinlə Moskvada görüşə biləcəyini də söyləyib:
“O, müxtəlif mənbələr vasitəsilə siqnallar göndərir. Bu qədər görüşmək istəyirsə, gəlsin”.
Putinin Zelenskinin telefon zənginə cavab verib-verməyəcəyi ilə bağlı suala isə Uşakov belə cavab verib:
“Düşünürəm ki, Putin cavab verəcək. Putin heç vaxt danışmaqdan imtina etməyib”.
Aytən Yaşar/ Turkustan.az