ABŞ-da aralıq seçkilər: Trampın hakimiyyəti üçün həlledici sınaq


Noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərdə seçicilər Nümayəndələr Palatasının bütün 435 üzvünü və Senatın 100 yerindən 35-nin sahibini müəyyənləşdirmək üçün səsverməyə qatılacaqlar.

Turkustan.az xəbər verir ki, seçkilərin nəticələri ABŞ Prezidenti Donald Trampın prezidentlik müddətinin qalan iki ilində ölkənin siyasi balansını müəyyən edəcək.

Trampın ikinci prezidentlik müddətinin ortasında keçirilən seçkilərdə seçicilər Konqresin aşağı palatası olan Nümayəndələr Palatasının bütün üzvlərini, eləcə də Senatda yenidən seçkiyə çıxarılan 35 yerin sahibini müəyyənləşdirəcəklər.

Seçkilər çərçivəsində 36 ştatda qubernatorlar, həmçinin bir sıra ştatların qanunvericilik orqanlarının üzvləri və yerli idarəetmə orqanlarının nümayəndələri də seçiləcəklər.

Son iki ildə Konqresin hər iki palatasında çoxluğa sahib olan Respublikaçılar bu üstünlüyü qorumağa çalışırlar. Demokratlar isə həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq qazanmağı hədəfləyirlər.

Noyabrın 4-də açıqlanması gözlənilən seçki nəticələri Tramp administrasiyasının 2027 və 2028-ci illərdəki qanunvericilik fəaliyyətinə birbaşa təsir göstərəcək.

Demokratların Nümayəndələr Palatasında və ya Senatda çoxluq qazanması Tramp administrasiyasının büdcə, vergi və immiqrasiya siyasəti ilə bağlı təşəbbüslərinin Konqresdən keçirilməsini çətinləşdirə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ