Səudiyyə Ərəbistanının Suriyadan Husilərə qarşı mübarizə aparmaq üçün Yəmənə qoşun göndərməsini istədiyi iddia edilir.
Turkustan.az xəbər verir ki, ABŞ-ın “Axios” xəbər saytının üç ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Suriya hökuməti Husilərə qarşı əməliyyatlara hərbi dəstək vermək imkanını müzakirə edib.
Məlumata əsasən, Suriya Prezidenti Əhməd əş-Şara Yəmənə qoşun göndərilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir. Lakin onun bu barədə hələ yekun qərar vermədiyi bildirilir.
İddialara görə, müzakirələr əsasən Ər-Riyad və Dəməşq arasında aparılır. Donald Tramp administrasiyasının isə hər iki ölkə tərəfindən proses barədə məlumatlandırıldığı və Vaşinqtonun prinsip etibarilə bu potensial addıma qarşı çıxmadığı qeyd edilir.
Yəməndə İranın dəstəklədiyi Husilərlə beynəlxalq səviyyədə tanınan hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri arasında qarşıdurma davam edir.
Aytən Yaşar/ Turkustan.az