ABŞ və İran arasında aparılan dolayı danışıqlarda mümkün sülh planının icra mexanizmi və tərəflərə veriləcək təminatlar müzakirə olunmağa başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Al Arabiya" yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, vasitəçilər artıq İranın xarici işlər naziri Abbas Əraqçiyə Vaşinqtonun cavabını çatdırıblar. Hazırda tərəflər mümkün razılaşmaların necə həyata keçiriləcəyini və proses iştirakçılarına hansı təminatların veriləcəyini müzakirə edirlər.
“ABŞ və İran arasında dolayı danışıqlar planın həyata keçirilməsi mexanizminin və təminatların müzakirəsi mərhələsinə keçib”, - deyə mənbə bildirib.
Məlumata görə, Tehranın təklif etdiyi yeddi günlük plan hələ ciddi şəkildə işlənməlidir. Danışıqlarda əsas məsələlərdən biri tərəflərin addımlarının ardıcıllığıdır.
Tərəflər mümkün razılaşmanın şərtlərini kimin ilk olaraq yerinə yetirməyə başlayacağını müəyyən etməlidirlər./publika.az