Ermənistan Türkiyə ilə sərhədin açılması üçün bütün hazırlıqları tamamlayıb və sərhədi istənilən an açmağa hazır olduğunu bildirir.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan açıqlayıb.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqələri insanların, malların və nəqliyyat vasitələrinin keçidi üçün artıq hazırlanıb. Hazırda diplomatik prosesdə müəyyən fasilə olsa da, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına və bütövlükdə regionda sülhün bərqərar olmasına imkan verəcək həll yolları üzərində işləyir.
Xaçaturyan bildirib ki, Türkiyə ilə sərhədin açılması Azərbaycanla münasibətlərin yaxşılaşdırılması kontekstində də nəzərdən keçirilir.
Ermənistan tərəfi prosesin mərhələli şəkildə həyata keçirilməsini, o cümlədən ilkin mərhələdə sərhədin diplomatlar və üçüncü ölkə vətəndaşları üçün açılmasını təklif edib.
Prezident Ermənistan-Türkiyə əməkdaşlığının praktiki nümunələri sırasında Ani körpüsünün birgə bərpasını və İrəvanda Ermənistan-Türkiyə biznes forumunun keçirilməsini göstərib.
Xaçaturyanın sözlərinə görə, Qars-Axalkalaki dəmir yolu vasitəsilə aparılan ticarət artıq nəticə verir. Ermənistan məhsulları indi vasitəçilər olmadan, birbaşa kodlarla Türkiyəyə daxil olur.
Ermənistan prezidenti vurğulayıb ki, İrəvan qonşu ölkələrlə tam iqtisadi və siyasi münasibətlərin qurulması istiqamətində fəaliyyətini davam etdirəcək./Musavat.com