Putinin hədələdiyi bölgəyə hərbi gəmilər göndərildi


Rusiya Şimal Donanması Baltik dənizinə idarəolunan raketlərlə təchiz edilmiş müasir “Admiral Kasatonov” freqatını göndərib. Gəmi Rusiyanın “Admiral Levçenko” sualtı gəmi əleyhinə esminesindən bir neçə gün sonra regiona gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniya nəşrinin yazdığına görə, göndərilmə Rusiyanın Avropa ölkələrinin ticarət gəmilərinə qarşı mümkün fəaliyyəti ilə əlaqəlidir. Yerdəyişmə Rusiya Prezidenti Vladimir Putinin Moskvanın “kölgə donanması”na qarşı tətbiq edilən sanksiyalara görə Avropa ölkələrini cavab tədbirləri ilə hədələdiyi vaxtda baş verir.

“Admiral Kasatonov” Rusiyanın ən müasir hərbi gəmilərindən biridir, yalnız 2020-ci ildə istismara verilib, “Admiral Qorşkov” sinfinə aiddir. “Kalibr” və “Zirkon” qanadlı raketləri ilə təchiz olunub. Gəmidən sonuncu dəfə Aralıq dənizi və La-Manş boğazında Rusiya yük gəmilərinin mühafizəsi və müşayiəti üçün istifadə olunub.

Moskvanın gəmilərin yerdəyişməsinin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlaması yoxdur. Amma Rusiya artıq bir neçə aydır hərbi gəmilərdən öz “kölgə donanması”na daxil olan tankerlər və yük gəmilərinin müşayiəti üçün fəal şəkildə istifadə edir.

Vladimir Putin bir neçə gün əvvəl Rusiyanın “kölgə donanmasına” qarşı çıxan Avropa dövlətlərini hədələyib. Kreml sahibinin sözlərinə görə, Qərb ölkələrinin həyata keçirdiyi yoxlamalar quldurluq və qarətdən başqa bir şey deyil. Putin buna “güzgü prinsipi” ilə cavab verəcəyini vəd edib./teleqraf


MANŞET XƏBƏRLƏRİ