AK Partiyasının sözçüsü Ömər Çelik İsraili və Baş nazir Benyamin Netanyahunu sərt tənqid edərək, Qəzzada davam edən hücumların sülh səylərinə zərbə vurduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Çelik açıqlamasında Netanyahu hökumətini "qətlləri davam etdirməkdə" ittiham edərək, son hücumlarda Qəzzada 30-dan çox mülki şəxsin öldürüldüyünü və səhiyyə müəssisələrinin hədəfə alındığını iddia edib.
Onun sözlərinə görə, bu hücumlar Qəzza Sülh Planının həyata keçirilməsi üçün yol xəritəsi üzrə razılıq əldə olunduqdan dərhal sonra baş verib.
"Bu, bir daha göstərir ki, Netanyahu hökuməti sülhə nail olmaq istiqamətində atılan hər addımı düşmənçilik kimi qiymətləndirir", – deyə Çelik bildirib.
AK Partiya sözçüsü əlavə edib ki, "Netanyahunun yeganə məqsədi Qəzzanı tamamilə məhv etməkdir. Bu, bütün insani dəyərlərə qarşı yönəlmiş düşmənçilik aktıdır".
Çelik həmçinin iddia edib ki, Netanyahu hökumətinin hərbi siyasəti hazırda sülhü dəstəkləyən ölkələrin diplomatik təşəbbüslərini də sabotaj edir.
Aytən Yaşar/ Turkustan.az