ABŞ Prezidenti Donald Tramp Venesuelanın xəritəsini “51-ci ştat” yazısı ilə paylaşıb. Trampın dərc etdiyi fotoda Venesuelanın ərazisi ABŞ bayrağının rəngləri ilə təsvir olunub. Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırdıqdan sonra bu ölkə faktiki olaraq Vaşinqtonun nəzarətinə keçib.
“Bir şəxsin hakimiyyətdən kənarlaşdırılması ilə ABŞ Venesuelaya təsir imkanlarını genişləndirib. Maduro dövründə ölkədə həyat səviyyəsi ağır idi. ABŞ özü də bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edirdi. Venesuela iqtisadiyyatı isə ümumilikdə geriləmişdi.
İndi isə vəziyyət dəyişib. ABŞ Venesuela neftinə nəzarət edir. Faktiki olaraq ölkə Trampın nəzarəti altındadır. Venesuela ABŞ-ın maraqlarından kənar addım ata bilmir.

Tramp bir çox hallarda paylaşımlarında yumoristik yanaşmadan istifadə edir. Lakin məsələnin mahiyyətinə baxdıqda, Venesuelanın faktiki olaraq ABŞ-ın 51-ci ştatı kimi davranmağa başladığını demək olar.
Maraqlıdır ki, Venesuela cəmiyyətində də buna ciddi etiraz görünmür. Kütləvi aksiyalar və etiraz dalğası müşahidə edilmir. Venesuelanın vitse-prezidenti Delsi Rodriqes də mövcud vəziyyətə açıq şəkildə qarşı çıxmır.
Bu baxımdan Trampın paylaşımı o qədər də təəccüblü deyil”.