Belçikada təsirini gücləndirən isti hava dalğası səbəbindən ölkənin böyük hissəsində narıncı istilik xəbərdarlığı elan edilib.
Turkustan.az xəbər verir ki, Belçika Kral Meteorologiya İnstitutunun (RMI) məlumatına görə, bazar ertəsi hava əsasən günəşli və çox isti keçəcək. Daxili bölgələrdə havanın temperaturunun 37 dərəcə Selsiyə qədər yüksələcəyi, ölkənin cənubunda isə günün ikinci yarısında buludluluğun artacağı proqnozlaşdırılır.
Dənizin sərinləşdirici təsiri səbəbindən sahil bölgələrində temperaturun 30 dərəcədən aşağı qalacağı gözlənilir.
RMI ölkənin böyük hissəsində narıncı istilik xəbərdarlığının qüvvədə olduğunu, Qərbi və Şərqi Flandriya bölgələrində isə daha aşağı səviyyəli – sarı xəbərdarlığın tətbiq edildiyini açıqlayıb.
Proqnoza əsasən, çərşənbə axşamı temperaturun 31, çərşənbə günü isə 28 dərəcə Selsi ətrafında olacağı gözlənilir. Sarı istilik xəbərdarlığı sahil əraziləri istisna olmaqla ölkənin əksər hissəsində qüvvədə qalacaq.
Narıncı istilik xəbərdarlığı insanların sağlamlığı üçün yüksək risk yaradan hava şəraitini ifadə edir. Bu səbəbdən vətəndaşlara günün ən isti saatlarında açıq havada olmamaq, bol maye qəbul etmək və ağır fiziki fəaliyyətlərdən çəkinmək tövsiyə olunub.
Aytən Yaşar/ Turkustan.az