Rusiyanın Lipetsk şəhərində ötən gecə raket təhlükəsi elan edildikdən sonra istilik elektrik stansiyasının yaxınlığında yanğın baş verib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, yanğın yerli istilik elektrik stansiyası və NMLK zavodunun yaxınlığında baş verib. Vilayət qubernatoru İqor Artamonov Lipetskdə istehsalat obyektlərinin açıq sahəsində 2,5 min kvadratmetrlik ərazinin yandığını desə də, konkret hansı obyektlərin alovlandığını açıqlamayıb.
Daha bir yanğın hadisəsi Rostov vilayətində qeyd alınıb. Vilayətin qubernatoru Yuri Slyusar dron qalıqlarının düşməsi nəticəsində meşə yanğınının başladığını bildirib:
“Milyutinski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində meşə yanğını baş verib. Xəsarət alan yoxdur”.
Vladimir vilayətində dron yaşayış binasındakı mənzilə zərbə endirib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Bundan başqa, Leninqrad vilayətinin Vsevolojsk şəhərində də güclü yanğın baş verib. Lakin hadisənin dron hücumu ilə əlaqəli olmadığı ehtimal olunur. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Ladoqa Sənaye Parkında polimer materialların istehsal olunduğu anbar və istehsal binası yanıb. Yanğın 5900 kvadrat metr sahəni əhatə edib. /axar.az/