ABŞ-İran gərginliyinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyat imkanlarını müzakirə etmək üçün Ağ Evin Situasiya Otağında toplantı keçirdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, ABŞ-ın “Axios” xəbər platformasının məsələ ilə tanış üç mənbəyə istinadən yaydığı məlumata görə, görüşdə Tramp və ABŞ rəsmiləri Hörmüz boğazı ətrafında davam edən qarşıdurmadan daha genişmiqyaslı hücum ssenarilərini müzakirə ediblər.
Məlumata əsasən, müzakirələr zamanı yeni hərbi planların yalnız Hörmüz boğazındakı İran mövqelərinə deyil, eyni zamanda İran ərazisindəki strateji hədəflərə daha geniş və dağıdıcı zərbələrin endirilməsini nəzərdə tutduğu bildirilib.
Görüşdə ABŞ-ın vitse-prezidenti J.D. Vance, dövlət katibi Marko Rubio, müdafiə naziri Pete Hegseth, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Caine, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Witkoff və milli təhlükəsizlik komandasında yer alan digər rəsmilərin iştirak etdiyi qeyd olunur.
Tramp daha əvvəl “Fox News”a müsahibəsində bildirib ki, İran danışıqlar masasına qayıtmasa, ölkənin elektrik stansiyaları və körpüləri də daxil olmaqla mühüm infrastrukturlarını hədəfə ala bilərlər.
Aytən Yaşar/ Turkustan.az