Zelenski və Makron ballistik raketlərə qarşı əməkdaşlığı müzakirə etdi


Ukrayna lideri Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığından sonra bildirib ki, Fransa ballistik raketlərə qarşı müdafiə sahəsində əməkdaşlığa hazırdır.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə “Facebook” hesabında paylaşım edib.

Ukrayna prezidenti qeyd edib ki, Makron Rusiyanın Ukrayna şəhərlərinə və yaşayış məntəqələrinə hücumlarını qəti şəkildə pisləyib. Onun sözlərinə görə, bu hücumlar Rusiyanın yaratdığı təhlükəni açıq şəkildə göstərir və ortaq müdafiənin gücləndirilməsini zəruri edir.

Zelenski bildirib ki, Fransa ballistik raket əleyhinə sistemlər üzərində işləməyə hazırdır və bu addımı mühüm qərar kimi qiymətləndirib. O, həmçinin Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələsinin də müzakirə olunduğunu vurğulayıb.

Tərəflər danışıq zamanı Ukraynanın Avropa inteqrasiyası və yaxın gələcəkdə danışıqlar klasterlərinin açılması məsələlərini də müzakirə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ