7 metrlik qızıl heykəli ucaldıldı - VİDEO


ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı qolf kurortunda nəhəng qızıl heykəli ucaldılıb. Təxminən 7 metr hündürlüyündə olan heykəl “Don Kolossus” adı ilə təqdim edilib.

Turkustan.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, heykəl “Trump National Doral Miami” ərazisində təşkil olunan mərasim zamanı ictimaiyyətə nümayiş etdirilib.

Açılış tədbirində dini liderlər və çoxsaylı qonaqlar iştirak ediblər.

Məlumata görə, qızıl örtüklü bürünc heykəlin hazırlanmasına təxminən 450 min dollar xərclənib.

Heykəldə Donald Trampın 2024-cü ildə Pensilvaniyada baş verən sui-qəsd cəhdindən sonra yumruğunu havaya qaldırdığı məşhur görüntü əks olunub.

Açılış mərasimində iştirak etməyən Tramp tədbirə telefon vasitəsilə qoşularaq təşkilatçılara təşəkkür edib. O, çıxışında heykəlin böyük maraq doğurduğunu deyib: “Hər kəs heykəllə şəkil çəkdirir. Həqiqətən, gözəldir”.

Nəhəng heykəl sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu “güc nümayişi” adlandırsa da, digərləri heykəli tənqid edərək, Bibliyadakı “qızıl buzov” hekayəsi ilə müqayisə ediblər.

Tədbirdə iştirak edən pastor Mark Börns isə heykəlin “ibadət məqsədi daşımadığını” bildirib.

Donald Tramp özünün “Truth” platformasındakı paylaşımında heykəlin gələcəkdə simvolik məkana çevriləcəyini qeyd edib. Hazırda heykəlin qolf kurortunda ən çox foto çəkilən məkanlardan biri olduğu bildirilir.


MANŞET XƏBƏRLƏRİ