Qlobal enerji ticarətinin əsas tranzit marşrutlarından biri sayılan Hörmüz boğazında gərginlik davam edərkən, İran yeni addım atıb.
Turkustan.az xəbər verir ki, İbrahim Əzizi bildirib ki, Hörmüz boğazında gəmi hərəkətini tənzimləmək üçün yeni tranzit mexanizmi hazırlanır və yaxın vaxtlarda təqdim olunacaq.
Onun sözlərinə görə, bu sistemdən yalnız İranla əməkdaşlıq edən ticarət gəmiləri və tərəflər yararlana biləcəklər.
Əzizi əlavə edib ki, mexanizm çərçivəsində təqdim olunacaq xüsusi xidmətlərə görə müəyyən ödənişlərin alınması da nəzərdə tutulur.
İran dövlət televiziyası Avropa ölkələrinin Hörmüz boğazından gəmilərin keçməsi ilə bağlı Tehranla danışıqlar apardığını açıqladı. Dövlət televiziyasının verdiyi xəbərdə deyilirdi: "Şərqi Asiya ölkələrinə, xüsusən də Çin, Yaponiya və Pakistana məxsus gəmilərin keçməsindən sonra bu gün Avropa ölkələrinin də İnqilab Keşikçiləri donanması ilə keçid üçün icazə almaq üçün danışıqlara başladığı barədə məlumat aldıq". Məlumatda hansı ölkələrin adı çəkildiyi dəqiqləşdirilməyib.
Aytən Yaşar/ Turkustan.az