“Ermənistan hakimiyyətinin Rusiyaya qarşı siyasəti ölkə üçün ciddi iqtisadi nəticələrə səbəb ola bilər”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Baş nazir Nikol Paşinyanın Moskvaya son səfərini şərh edərkən deyib.
Köçəryan Ermənistanın Rusiyadan böyük iqtisadi asılılığını xatırladıb:
“Ermənistanın Rusiyadan iqtisadi asılılığı böyükdür. Rusiya Ermənistan rəhbərliyinin xarici siyasətini ölkənin iqtisadi maraqlarından tamamilə kənara çıxarmasını qəribə hesab etməlidir. Bunlar tamamilə fərqli istiqamətlərdə hərəkətlərdir: bir tərəfdən Avropa İttifaqı ilə yaxınlaşma barədə zahiri siyasi bəyanat verilir, digər yandan isə Avropa İttifaqının xarici ticarətdəki payı azalır, Rusiyanınkı isə artır”.
Köçəryan qeyd edib ki, Ermənistan ittifaqa qoşulmaq perspektivlərinin tamamilə qeyri-müəyyənliyinə baxmayaraq, Aİ-yə doğru geosiyasi dönüş edir:
“Yəni avropalılar Rusiyanı qıcıqlandıra biləcək bütün addımlarda Ermənistanı təşviq edirlər. Ermənistan da bu yolu tutub. Biz əsas geosiyasi oyunçuların münaqişələrinə qarışa bilmərik, bu halda mütləq fəlakət gələcək”. /yenisabah.az/