Müharibəyə başlaya biləcək gərginlik! İki gəmi ələ keçirildi


ABŞ və İran arasında atəşkəsin qeyri-müəyyən müddətə uzadılmasına baxmayaraq, Hörmüz boğazı ətrafında yaranan gərginlik regionda vəziyyəti pik həddə çatdırıb.

Turkustan.az xəbər verir ki, səhər saatlarında Oman sahilləri yaxınlığında üzən konteyner gəmisinə xəbərdarlıq edilmədən İran İnqilab Keşikçilərinə məxsus silahlı qayıq tərəfindən atəş açıldığı bildirilir. Hadisə ilə bağlı mübahisələr davam edərkən, İslam İnqilabı Keşikçiləri Korpusu dəniz təhlükəsizliyini pozduğu iddiası ilə biri İsraillə əlaqəli olan iki xarici gəmini ələ keçirdiyini açıqlayıb.

Qurumun Dəniz Qüvvələri Komandanlığının yaydığı bəyanatda “MSC-Francesca” və “Epaminodes” adlı gəmilərin “lazımi icazələr olmadan fəaliyyət göstərdiyi və naviqasiya sistemlərini manipulyasiya edərək dəniz təhlükəsizliyini təhlükəyə atdığı” iddia olunur. Bildirilir ki, “MSC-Francesca” gəmisi İsraillə əlaqəli hesab edilir.

Açıqlamada hər iki gəminin ələ keçirilərək İran sahillərinə doğru yönəldildiyi qeyd olunsa da, müdaxilənin dəqiq yeri açıqlanmayıb. Eyni zamanda vurğulanıb ki, Hörmüz boğazının təhlükəsizliyinin pozulması İran üçün “qırmızı xətt” hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ