ABŞ prezidenti Donald Trampın İrana qarşı hücumlarla bağlı “qələbə” elan etməsinin bəzi yaxın müttəfiqlərini və yüksək vəzifəli köməkçilərini narahat etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzeti adları açıqlanmayan rəsmilərə istinadən bildirib ki, Trampa atəşkəsin pozula biləcəyi riskləri barədə xəbərdarlıq edilib və İranın hələ də “təhlükəli hərbi imkanlara” malik olduğu vurğulanıb.
Hesabatda ABŞ rəsmisinə istinadən qeyd edilir ki, İranın raket buraxılış məntəqələrinin yarıdan çoxu məhv edilsə də, onların əhəmiyyətli bir hissəsi əsasən yerin dərinliklərində yerləşdiyi üçün qorunub saxlanılıb.
Həmin rəsmi həmçinin İran İnqilab Keşikçiləri Korpusunun onlarla kiçik qayığa sahib olduğunu və bu vasitələrin Hörmüz boğazında hərəkət edən gəmilər üçün “təhdid yarada biləcəyini” bildirib.
Hesabatda əlavə olunur ki, rəsmilər və hərbi ekspertlərin fikrincə, İranın hərbi və nüvə potensialına ciddi zərbə vurulsa da, ölkə hələ də əhəmiyyətli imkanlara malikdir.
ABŞ və İsrailin hücumlarına baxmayaraq, xəbərlərdə İranın “qonşularını raket və dronlarla təhdid etmək qabiliyyətini saxladığı” qeyd olunur. Eyni zamanda, Trampın “kövrək atəşkəsi şişirtdiyi” və İranın bölgədəki ABŞ qüvvələrinə hücum etmək imkanının davam etdiyi vurğulanır.
Aytən Yaşar/ Turkustan.az