Bakıda güclü yağışların fəsadları: Zərəri kim ödəməlidir – vətəndaş, yoxsa dövlət? - ŞƏRH


Son günlər Bakıda və ətraf ərazilərdə davam edən güclü yağışlar bir sıra yaşayış evlərinə, fərdi mülklərə və sahibkarların fəaliyyət göstərdiyi obyektlərə ciddi ziyan vurub.

Yağışların yaratdığı fəsadlar həm vətəndaşların gündəlik həyatını çətinləşdirib, həm də iqtisadi təsirlərə səbəb olub. Bu vəziyyət isə bir sual yaradır:

Belə hallarda dəymiş ziyanın aradan qaldırılması və xərclərin qarşılanması vətəndaşın öz üzərinə düşür, yoxsa bu məsuliyyəti aidiyyəti qurumlar daşımalıdır? Turkustan.az bu sualı iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladı.

Artan işsizlik sosial və iqtisadi risklər yaradır - Günay Hüseynova

Günay Hüseynova

Son günlərdə intensiv və aramsız yağıntılar nəticəsində bəzi yaşayış məntəqələri, fərdi evlər və yollar ciddi zərər görərək yararsız vəziyyətə düşüb. Bu vəziyyət həm vətəndaşların gündəlik həyatına, həm də nəqliyyatın hərəkətinə ciddi təsir göstərib.

Dəymiş ziyanın aradan qaldırılması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, mövcud qanunvericiliyə əsasən dövlətin vətəndaş qarşısında bu tip hallarla bağlı birbaşa və konkret kompensasiya öhdəliyi nəzərdə tutulmayıb. Əgər daşınmaz əmlak əvvəlcədən sığortalanıbsa, bu zaman dəymiş zərər sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta şirkəti tərəfindən qarşılanır. Bu baxımdan əmlakın sığortalanması vətəndaşlar üçün mühüm əhəmiyyət daşıyır.

Yollara, körpülərə və digər infrastruktur obyektlərinə dəyən zərərlərin aradan qaldırılması isə birbaşa dövlət qurumlarının səlahiyyətindədir və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Evlərə dəyən zərərlə bağlı bəzi hallarda dövlət tərəfindən müəyyən həcmdə maliyyə yardımı və ya kompensasiya ayrılması mümkündür. Lakin bu, qanunvericilikdə məcburi öhdəlik kimi təsbit olunmayıb və daha çox situasiyadan, zərərin miqyasından və dövlətin qərarından asılı olur.

Əgər vətəndaş dəymiş zərərlə bağlı hər hansı narazılıq yaşayırsa və ya hüquqlarının pozulduğunu düşünürsə, o, məsələni məhkəmə qaydasında qaldıraraq hüquqi müstəvidə həllini tələb edə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ