“Qız özünü güclü və sərt lider kimi sübut edərsə...” - Kim Çen In özünə varis seçib


Lankov: “Şimali Koreya liderinin qızı Kim Cu-e onun ölkə lideri kimi ən çox ehtimal olunan varisidir”

Şimali Koreya lideri Kim Çen In qızı Kim Cu-enin varis mövqeyini, o cümlədən siyasi qərarların qəbul edilməsində iştirakını gücləndirmək istəyir. Bu barədə “Reuters” Cənubi Koreya kəşfiyyatına istinadən məlumat yayıb. Nəşr Cənubi Koreyadan olan deputat Li Sonq-kvunun sözlərinə istinadən yazıb ki, "Əvvəllər kəşfiyyat Kim Cu-eyi “varis qəbul edilir" kimi təsvir edirdi, lakin bu gün "varis kimi təyin olunma prosesində olmaq" termini istifadə olunur".

“Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Cu-e onun ölkə lideri kimi ən çox ehtimal olunan varisidir”. Bu sözləri isə “Lenta.ru”ya Seuldakı Kunqmin Universitetinin professoru və şərqşünas Andrey Lankov bildirib. Tədqiqatçı Şimali Koreya liderinin dörd ildir ki, qızını potensial varis kimi davamlı olaraq təbliğ etdiyini xatırladıb.

“Kim Çen In qızını əvvəlcədən təbliğ etməyə başladı ki, tanınsın, görünsün və eşidilsin”, Lankov qeyd edib.

Lankov deyib ki, Kim Çen Inın qızının adı hələ də məlum deyil - Kim Cu-e sadəcə bir təxmindir. Şimali Koreya liderinin qızının dəqiq yaşını müəyyən etmək də mümkün deyil. Onun ya 2012, ya da 2013-cü ildə anadan olduğu təxmin edilir.

“Bir müddət Kim Çen Inın adı da bilinmirdi və hətta səhv yazılırdı. Bundan əvvəl ona Kim Çen Yen deyirdilər, çünki ailə ilə tanış olan yapon aşpaz "Y" səsini səhv eşitmişdi”, - Lankov vurğulayıb.

Şərqşünas həmçinin qeyd edib ki, Kim Cu e Şimali Koreya mediasında öz adı ilə deyil, müxtəlif titullarla görünür: “Kim Cu-enin müxtəlif “titullar”ı var. Bir müddət ona "tonqji" - "böyük yoldaş" və ya "yoldaş lider" deyilirdi. Daha sonra o, "hyangdo-ui vidaehan” - "yol göstərən böyük insan" adlandırıldı".

Lankov vurğulayıb ki, Kim Cu-e bir lider kimi köhnə, patriarxal hərbi və siyasi rəhbərliyi rədd edə bilər: "Orada problemlər var. Amma əgər qız hökmünü göstərib özünü güclü və sərt bir lider kimi sübut edərsə, elita onu ayaq üstə qarşılayacaq. Buna görə də, Kim Çen In "kişi" lider imicini yaratmaq üçün qızını qəsdən silah və hərbi-sənaye kompleksi obyektləri ilə bağlı tədbirlərə aparır. Qız demək olar ki, atış poliqonlarında böyüyüb. Kim Cu-e heç vaxt "uşaq" tədbirlərində iştirak etməyib”.

28 yanvarda Kim Çen In və qızı iri çaplı çoxnövlü raket sisteminin (MLRS) sınağında iştirak ediblər. Həmin gün dörd raket buraxılıb və 358,5 kilometr məsafədəki hədəfləri uğurla vurub.

Həmçinin 2 sentyabr 2025-ci ildə Kim Cu-e və atası İkinci Dünya müharibəsinin bitməsinin və Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə keçirilən şənliklər üçün Pekinə səfər ediblər.

Eyni zamanda, Lankov Şimali Koreyanın siyasi elitasının feminizmə doğru dəyişdiyini qeyd edib. Ekspert bildirib ki, "Kim Çen In tez-tez qadınları əsas vəzifələrə təyin edir. Xarici İşlər Naziri və Katibliyin rəhbəri qadınlardır. Eyni addım iqtisadiyyat sahəsində də atılır. 1990-cı illərin ağır iqtisadi böhranı zamanı Şimali Koreyada yeni bizneslərin yaranmasında əsas rol oynayanlar qadınlar olub".

“Şimali Koreya elitasının gənc nəsli, prinsipcə, qadınların da insan olduğunu artıq başa düşür”, - Lankov bildirib.

Bundan əlavə, şərqşünas 2010-cu illərin əvvəllərində qadın liderin olma ehtimalını xatırladıb. Onun sözlərinə görə, Kim Çen Inın bacısı Kim Yo-jonq sərt mövqeyinə görə ölkənin ikinci lideri Kim Çen İrin mümkün varisi kimi görünürdü: “Lakin o dövrdə elita daha mühafizəkar idi və belə bir qərara qarşı çıxdı. Kim Yo-jong hazırda hakim Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat şöbəsinin müdir müavini vəzifəsində çalışır və xarici siyasətlə bağlı açıqlamalar verir. O xüsusilə, ABŞ və Ukraynanın hərəkətlərini tənqid edən biri kimi tanınır”. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ