Tehranın BOMBALANMASI an məsələsi


İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ-ni İrana hərbi müdaxiləyə çağırıb. O, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Reuters" agentliyinə müsahibəsində bildirib ki, ABŞ-ın mümkün hərbi addımı “insanların həyatını xilas edə” və İran hakimiyyətinin süqutunu sürətləndirə bilər.

ABŞ-da yaşayan Pəhləvi qeyd edib ki, İranda mövcud hakimiyyət zəifləyib və dağılmaq üzrədir. Onun sözlərinə görə, hərbi zərbə prosesi sürətləndirə və insanları yenidən küçələrə çıxmağa təşviq edə bilər. Tramp ötən həftə sonu açıqlayıb ki, amerikalılar üçün ən yaxşısı İranda, hakimiyyət dəyişikliyidir. O, danışıqlardan razı qalmadığını hiss etdirib. Eyni zamanda, əraziyə ikinci təyyarədaşıyan gəmini göndərmək niyyətində olduğunu bildirib.

Tehrana zərbəni ləngidən nədir?

Musavat.com-a məsələni şərh edən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, ABŞ-ın İrana zərbə endirməsinin gecikməsinin bir neçə səbəbi var.

Onun sözlərinə görə, birinci vacib səbəb bölgəyə lazım olan hərbi kontingenti yerləşdirməkdir:

“İran nə İraq, nə də Əfqanıstandır. Qonşu ölkənin əlində güclü silahların olması inkar edilmir. Ballistik raketlər və digər silahlara sahibdir. Ona görə də ABŞ əgər hərbi müdaxilə edəcəksə, prosesə ciddi hazırlaşmalıdır. Bu gün Yaxın Şərqə və Fars körfəzinə gətirilmiş ABŞ hərbi kontingenti uzunmüddətli müharibə aparmaq üçün yetərli olmaya bilər. ABŞ bir qədər də gözləyərək, lazım olan səviyyədə silahlandıqdan sonra Tehrana zərbə endirə bilər”.

O, ikinci səbəb kimi Vaşinqtonun Tehranla danışıqlarda yaxşı nəticəyə nail ola biləcəyinə ümid etdiyini göstərib. Fəraməzoğlu qeyd edib ki, Trampın bəzi açıqlamalarından da bunu aydın görmək olar:

“Düzdür, ABŞ-ın tələblərinin İran tərəfindən qəbul edilməsi real deyil. Tehran bunu artıq dilə gətirib. Məsələn, İran ballistik raket projesindən imtina etməyəcəyini bəyan edib. Amma Tramp yenə də nələrəsə ümid edir. Ola bilər ki, bu danışıqlar Yaxın Şərqə əlavə qüvvələrin göndərilməsi üçün Ağ Evə lazımdır”.

Növbəti İsrail-İrana müharibəsi mümkündürmü? – ŞƏRH

Siyasi şərhçi üçüncü səbəb kimi ABŞ-ın İranın daxili ilə bağlı bəzi dəqiqləşdirmələrin hələ əlində olmamasını vurğulayıb:

“Məlum məsələdir ki, istənilən hücumun əsasını sahədəki kəşfiyyat məlumatları təşkil edir. Bu gün ABŞ İran daxilində son baş verənlərdən sonra insanların hansı əhval-ruhiyyədə olmasını müəyyənləşdirməyə çalışır. Bundan da vacib olan odur ki, Ağ Ev hücum edəcəyi təqdirdə, İran əhalinin paralel olaraq etirazlara başlayıb-başlamayacağını hələlik dəqiqləşdirə bilməyib. Bu da səbəbsiz deyil. Çünki məlum qətliamdan sonra İran əhalisində depressiya yaşanır. Onlar baş verənlərin ağırlığını birdən birə üzərlərindən ata bilmirlər. Bu səbəbdən də yeni bir aksiya üçün nə qədər hazır olub, olmadıqlarını qısa zamanda müəyyənləşdirmək çətin məsələdir”.

Fəraməzoğlu yekunda onu da bildirib ki, ABŞ-ın İrana hərbi müdaxiləsi uzunmüddətli olmayacaq. O düşünür ki, indiki dönəmdə uzunmüddətli müharibə Ağ Ev üçün həm maliyyə, həm də siyasi nüfuz itkisinə gətirib çıxara bilər:

“Trampı bu gün qayğılandıran məsələlərdən biri siyasi nüfuzudur. Seçkilərdən sonra reytinqi çox aşağı düşüb. Həmçinin maliyyə mövzusu da onun prioritetlərindən biridir. Çünki İranla uzunmüddətli müharibə böyük maliyyə xərcləri tələb edəcək. Bu isə Trampın işinə yaramır. Güman ki, ABŞ konkret hədəfləri vuraraq, missiyasını başa çatdıracaq. Buna paralel olaraq, əhali etiraza qalxarsa, o zaman artıq İranın içində dəstək üçün addımlar atmaya başlayacaq”.


MANŞET XƏBƏRLƏRİ