“Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Bakıda saxlanılan erməni şəxslərin azad edilməsini şərt kimi irəli sürmək niyyətində deyil”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı bildirib.
Nazirin sözlərinə görə, saxlanılan şəxslərin qaytarılması məsələsinin sülh müqaviləsinin imzalanması ilə birbaşa əlaqələndirilməsi danışıqlar prosesini dalana dirəyə bilər: “Siz dediyiniz kimi etsək onlar qaytarılmayana qədər müqaviləni imzalamayacağıq. Bununla sülhə yaxınlaşacağıq yoxsa ondan uzaqlaşacağıq?”- Mirzoyan belə deyib.
O, qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması və sonrakı mərhələdə əməkdaşlığın inkişaf etdirilməsi digər problemlərin də həllinə imkanlar yarada bilər: “Əgər indi müqaviləni imzalasaq və ayrı-ayrı məsələlər üzrə tədricən əməkdaşlıq etsək, gec-tez digər problemlərin həllinə imkan verən vəziyyət yaranacaq”,- deyə Ermənistan XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirdiyi görüşdə Azərbaycanda həbsdə olan müharibə cinayətkarlarının azadlığa buraxılmasını gündəmə gətirib. Paşinyan Azərbaycan tərəfi ilə aparılan bütün danışıqlarda qondarma rejimin rəhbərləri də daxil olmaqla terrorçuların həbsdən azad edilməsi məsələsini qaldırdıqlarını deyib:
“Məhbus problemi reallığımızın ən vacib məsələlərindən biridir. Lakin bunu həll etmək üçün sülhü möhkəmləndirməliyik. Əks halda, məsələ həll olunmayacaq. Məhbusların mövcudluğu düşmənçilik atmosferini əks etdirir. Əgər düşmənçilik güclənərsə, bu, məsələnin mütləq 100 faiz həll olunmayacağı anlamına gələcək. Diplomatik təmaslar zamanı Ermənistan hakimiyyəti Bakıda saxlanılan ermənilərin məsələsini həmişə qaldırır və onların azad edilməsinə yönəlmiş səylərdən əl çəkmək niyyətində deyil”-deyə Paşinyan bildirib.
Lakin Ararat Mirzoyanın son açıqlaması Paşinyanın sözləri ilə ziddiyyət təşkil edir. Baş nazir müharibə cinayətkarlarının azad edilməsi üçün sülhü vasitə hesab edirsə, Ermənistanın XİN rəhbəri ümumiyyətlə, bu mövzunu müzakirə etməyin əleyhinə çıxır. Ararat Mirzoyan hesab edir ki, Ermənistan tərəfinin məhbuslar məsələsini qaldırması sülh prosesinə zərbə vura bilər.
Yəni Ermənistanın Baş naziri sülh müqaviləsinin imzalanmasında kompromis variant təklif edir. Azərbaycanla Ermənistan yekun sülh sənədini imzaladıqdan sonra hər iki cəmiyyətdə barışığın tam bərqərar olması üçün müharibə canilərinin sərbəst buraxılmasını vacib hesab edir. Bu isə sülh sazişi üçün ilkin şərtin irəli sürülməsi deməkdir. Ancaq həmin separatçılar Azərbaycan xalqına qarşı düşmənçilik edib, soyqırım və kütləvi qətllər törədib. Belə olan halda, onların azadlığa buraxılması ilə Azərbaycan cəmiyyətində düşməncilik atmosferinin aradan qalxacağını demək absurd yanaşmadır. Digər tərəfdən, həbsdə olan müharibə cinayətkarları Azərbaycan vətəndaşlarıdır və Ermənistan onların azadlığa buraxılmasını tələb edə bilməz.
Ararat Mirzoyanın açıqlaması Ermənistan hakimiyyəti daxilində müharibə cinayətkarları məsələsinə münasibətdə fikir ayrılığının olması kimi də başa düşülə bilər. Ermənistanın xarici işlər nazirini Baş nazirə qarşı çıxmağa xarici təzyiq amilinin də vadar etdiyi istisna olunmur. Çünki ABŞ və Avropa Ermənistandan sülh sazişinin tezliklə imzalanmasını tələb edir. Bu, Avropa Siyasi Birliyininnoyabrın İrlandiyada keçirilən sammitində bir daha Nikol Paşinyanın nəzərinə çatıdırılıb. Almaniyanın xarici işlər naziri Vandefulun Bakıdan sonra İrəvana səfəri zamanı aparılan danışıqların əsas mesajı da qısa müddətdə sülhə nail olmaq və bu istiqamətdə mövcud olan bütün maneələrin aradan qaldırılması idi. /cebheinfo.az/