Narkotik bazarında gözlənilən “qıtlıq” əvəzinə, qat-qat ağır və qorxunc bir fəlakət baş qaldırıb. Bu gün bütün dünyada heroinin yerini sürətlə ölümcül sintetik zəhərlər tutur, Əfqanıstanda isə 3 illik “sükut” pozularaq tiryək istehsalı bir ilin içində 5 dəfə artıb! Qadağaların kağız üzərində qaldığı, 1 kiloqram tiryəkin yüzlərlə dollara satıldığı və milyonlarla sintetik həbin dövriyyəyə buraxıldığı bu yeni mərhələ qlobal təhlükəsizlik üçün həyəcan təbili çalır.
Musavat.com BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) ən son hesabatlarına və beynəlxalq nəşrlərin noyabr ayında yaydığı səs-küylü araşdırmalara əsasən, qara bazardakı bu kəskin və təhlükəli dönüşün pərdəarxasını təqdim edir.
“Taliban”ın 2022-ci ilin aprelində xaşxaş becərilməsini qadağan etməsindən sonra dünya bazarında “narkotik aclığı” yaranacağı ehtimal olunsa da, kartellər boşluğu dərhal doldurdu. UNODC-nin 2026 “Dünya Narkotik Hesabatı”na əsasən, xüsusilə Avropa və Asiyada təbii heroin tədarükünün azalması istehlakın bitməsinə deyil, nitazenlər, fentanil və metamfetamin kimi daha ucuz, lakin ölümcül sintetik maddələrin kütləvi yayılmasına yol açıb. Bu sintetik zəhərlər aşırı dozadan ölüm hallarını kəskin artıraraq vəziyyəti daha da təhlükəli həddə çatdırıb.
Eyni zamanda, Əfqanıstandakı geriləməni ört-basdır etmək üçün Myanmada tiryək istehsalı 2021-ci ildəki 420 tondan 1000 tonun üzərinə qalxıb, əvvəlki illərdən qalan gizli ehtiyatlar isə bazarı tam çökməyə qoymayıb. Noyabrın 13-də yekunlaşan Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının (INCB) 147-ci sessiyasında da ənənəvi bitki mənşəli narkotiklərdən sintetik maddələrə sürətli keçidin və kimyəvi prekursorların qanunsuz dövriyyəsinin yaratdığı ağır təhlükələr xüsusi vurğulanıb.
Son günlər yayılan hesabatlar göstərir ki, Əfqanıstanda qadağa faktiki olaraq iflas edib. UNODC-nin “2026, Əfqanıstan Tiryək İcmalı” və noyabrın 14-də dərc olunan “Afghanistan Analysts Network” (AAN) araşdırması xaşxaş tarlalarının yenidən sürətlə genişləndiyini üzə çıxarıb.
Rəqəmlər bu kəskin dönüşü açıq göstərir. Belə ki, qadağadan əvvəl - 2022-ci ildə ölkədə 232 min hektar əkin sahəsindən 6 200 ton tiryək əldə olunur və 1 kiloqramı 100 dollardan aşağı qiymətə satılırdı. 2023-cü ildə əkin sahələri 95 faiz azalaraq 10 800 hektara, istehsal 333 tona düşsə də, qiymət 440 dollara qalxdı. 2024-cü ildə 12 800 hektardan 433 ton məhsul toplandı və qiymət rekord həddə - 780 dollara çatdı. 2025-ci ildə əkin sahəsi 10 200 hektara, istehsal 296 tona ensə də (570 dollar/kq), 2026-cı ildə partlayış baş verdi. Əkin sahələri 4 dəfədən çox artaraq 43 min hektarı ötdü, tiryək istehsalı isə 5 dəfə yüksələrək təxminən 1 500 tona çatdı. Hazırda 1 kq quru tiryəkin orta qiyməti 500 dollar civarındadır.
Əgər əvvəllər istehsalın 74 faizi “Taliban”ın əsas dayağı olan cənub-qərbdə, Helmənd, Qəndəharda cəmləşirdisə, 2026-cı ildə əkinlərin 76 faizi şimal-şərqdə, Bədəxşan və Təxar vilayətlərinə daşınıb. Fermerlər məhvetmə reydlərindən yayınmaq üçün əkini erkən yaza salır, hasarlanmış həyətlərdə və ya taxıl zəmilərinin içərisində gizli sahələr yaradırlar. Noyabrın 13-də Rusiya XİN-i BMT-nin bu hesabatını “balanssız və siyasi motivli” adlandıraraq peyk müşahidələrinə şübhə ilə yanaşsa da, paralel xəbərlər bazarın çirkləndiyini təsdiqləyir. Əfqanıstan Daxili İşlər Nazirliyi son 6 ayda ölkədə 1,6 milyondan çox sintetik və psixotrop həbin müsadirə edildiyini açıqlayıb.
“Afghanistan Analysts Network”un vurğuladığı kimi, real iqtisadi alternativlər və dəstək olmadığı halda əfqan kəndlisi yenidən sağ qalmaq uğrunda xaşxaşa üz tutur. İqtisadi mənzərə səbəbləri çılpaqlığı ilə ortaya qoyur.
1 hektar xaşxaş sahəsi 2024–2026-cı il qiymətləri ilə 15 000 – 20 000 dollar gəlir gətirdiyi halda, eyni sahədə buğdanın gəliri cəmi 700 – 800 dollar edir — yəni gəlir fərqi 60 dəfəyədək çatır. Zəfəran (3 500 – 5 000 $), nar, üzüm və qoz-fındıq bağları (2 500 – 4 500 $) isə böyük ilkin sərmayə, daimi suvarma, soyuducu anbarlar və sabit ixrac kanalları tələb edir ki, bunların da əksəriyyəti yerində yoxdur.
Bununla yanaşı, bank kreditlərinin olmadığı mühitdə məhz tiryək tacirləri payızda fermerlərə toxum, gübrə və ailənin qış xərcləri üçün nağd avans verir, borcu isə yazda məhsul – tiryək şəkilində geri alırlar. Orta əkin sahəsi cəmi 0,5 – 1 hektar olan yoxsul kəndli ailəsi üçün buğda 8–10 nəfəri ilboyu çörəklə belə təmin etmir; quraqlığa dözümlü, xarab olmayan və qapıda nağd pula alınan tiryək isə ailəni ayaqda saxlayan yeganə xilas yolu kimi görünür.
Hazırda dünya narkotik bazarında “qıtlıq” mərhələsi arxada qalıb. Təbii heroinin yerini ölümcül sintetik zəhərlər alıb, yoxsulluğun sıxışdırdığı Əfqanıstan tarlaları isə yenidən “qara bazar”ın nəbzini vurmağa başlayıb.
Baş verənlər Azərbaycana necə təsir göstərir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a dünya narkotik bazarında baş verənləri şərh edib. Deyib ki, dünya narkotik bazarında təbii heroin və tiryək tədarükündə yaranan dalğalanmalar, 2026-cı ildə Əfqanıstanda xaşxaş istehsalının yenidən artması və sintetik narkotiklərin yayılması Azərbaycana həm tranzit marşrutlarının dəyişməsi, həm də daxili bazarda sintetik maddələrin payının artması baxımından birbaşa təsir göstərir:
“Coğrafi mövqeyinə görə Azərbaycan tarixən Şərq-Qərb və Şimal-Cənub narkotik qaçaqmalçılığı xətlərinin kəsişməsində yerləşdiyindən, qlobal bazarın hər bir “sarsıntısı” sərhəd və daxili təhlükəsizlik mühitində öz əksini tapır. Tranzit marşrutlarına gəldikdə, Əfqanıstandan gələn opiatların daşınmasında 'Balkan marşrutu' ilə yanaşı, Mərkəzi Asiya və Xəzər hövzəsi - Cənubi Qafqaz xətti də qaçaqmalçılar üçün alternativ keçid kimi istifadə olunur. Əfqanıstanda 2023–2025-ci illərdə qıtlıq və yüksək qiymətlər - 1 kiloqram tiryəkin 500–780 dollara çatması qaçaqmalçıları daha kiçik həcmli, lakin dəyəri çox yüksək yükləri daha ehtiyatlı və gizli marşrutlarla daşımağa sövq edirdi. 2026-cı ildə istehsalın yenidən artması, xüsusilə Əfqanıstanın şimal-şərqində əkinlərin çoxalması fonunda tədarük cəhdlərinin yenidən fəallaşması riskini artırır. Eyni zamanda, qaçaqmalçılar ənənəvi böyük partiyalar əvəzinə daha az çəkidə, lakin təsiri qat-qat güclü olan maddələrə, gizli və qeyri-standart daşıma üsullarına üstünlük verirlər ki, bu da sərhəd və gömrük xidmətlərindən yüksək texniki aşkarlama və operativ çeviklik tələb edir”.
Arzu Nağıyev deyib ki, digər tərəfdən, qlobal səviyyədə təbii heroinin bahalaşması və qıtlaşması fonunda daxili bazarda da sintetik maddələrə meilin artması müşahidə olunur: “Metamfetamin, psixotrop həblər və digər sintetik narkotiklərin hazırlanması və dövriyyəyə buraxılması daha asan, təsiri isə daha kəskin və proqnozlaşdırılması çətindir. Bu hal hüquq-mühafizə orqanları üçün aşkarlama və mübarizəni çətinləşdirməklə yanaşı, ictimai sağlamlıq və asılılıqla mübarizə sahəsində də əlavə yük yaradır. Əfqanıstanda tiryəkin qiymətinin 100 dollardan aşağı səviyyədən yüzlərlə dollara qalxması regional “qara bazar”da qiymət strukturlarını dəyişərək daha ucuz və güclü sintetik əvəzləyicilərin bazara girməsini sürətləndirib. Azərbaycan üçün əsas təhlükəsizlik çağırışlarından biri tranzit təzyiqinin davam etməsi, digəri isə sintetik narkotiklərin və psixotrop maddələrin payının artmasıdır. Bu tendensiyalara qarşı Azərbaycanda təsirli mübarizə tədbirləri həyata keçirilir, lakin eyni zamanda maarifləndirmə və reabilitasiya tədbirləri ilə paralel şəkildə aparılmalıdır”.