“Epşteyn işi”ndə yeni Türkiyə izi – 2023 zəlzələsi süni yaradılmışdı? – Türk seysmoloq detalları açdı


Turkustan.az Globalinfo.az-a istinadən Türkiyəli geofizika mühəndisi, seysmoloq professor Ali Osman Öncel ilə müsahibəni təqdim edir:

– Ali bəy, 6 fevral 2023-cü il Kahramanmaraş zəlzələsindən sonra Türkiyənin ən iri şəhəri İstanbul üçün dağıdıcı zəlzələ proqnozu verildi və həyəcan təbili çalındı. Bəzi ekspertlər gözlənilən İstanbul zəlzələsinin təxmin edildiyi qədər güclü olmayıb 7 balı keçməyəcəyi fikrini irəli sürür. Bunu fay xəttindəki sürüşmə hərəkəti ilə izah edirlər. Məsələ ilə bağlı son elmi araşdırma və proqnozlar nə deyir?

– Mərmərə fay xətti seqmentli bir quruluşa malikdir. Bəzi mütəxəssislər gözlənilən zəlzələnin 7 balı keçməyəcəyini iddia etsələr də, 2025-ci ildə Silivridə baş verən 6.2 ballıq zəlzələdən sonra şərqə doğru irəliləyən aktivlik və İstanbula bağlı olan Şahzadə Adaları seqmentindəki sürüşmə boşluğu zəlzələnin 7 maqnitudanı aşma potensialını göstərir. Bu boşluq son 250 ildə toplanmış enerjini təmsil edir. Ən çox ehtimal olunan ssenari 7.0–7.3 maqnitudadır, lakin, bir neçə seqmentin qırılması halında (6 fevral 2023-cü ildəki kimi) 7.5+ maqnituda ehtimalı az da olsa istisna edilmir. İstanbul və Mərmərə dənizi ətrafındakı fay sistemi mürəkkəb quruluşa malik olub birdən çox seqmentdən ibarətdir və hər seqment fərqli hərəkət edə bilər. Bəzi mütəxəssislərin “7-ni keçməyəcək” deməsinin səbəbi, bu seqmentlərin tək-tək qırılacağı fərziyyəsidir. Lakin, 6 fevral 2023-cü ildə baş verən Kahramanmaraş-Hatay zəlzələləri bizə vacib bir dərs verdi: Şərqi Anadolu fay xəttində 9 saat ərzində iki böyük qırılma baş verdi və faylar seqment sərhədlərini aşaraq birlikdə hərəkət edə bildi.

– Mərmərə dənizindəki seysmik zona niyə bu qədər önəmlidir?

– 1912-ci il Mürefte-Qanos zəlzələsindən bəri Mərmərə dənizinin şərq hissəsi 114 ildir ki, qırılmamış vəziyyətdədir. Bu müddət ərzində Şimali Anadolu fay xəttinin hərəkət etməsilə İstanbulun cənubunda, Mərmərə dənizində yerləşən Şahzadə Adaları seqmentində sürüşmə yaranıb. Bu, son 250 illik enerji yığılmasını göstərir və 7.0-7.3 bal gücündə zəlzələ yaratmaq potensialına malikdir.
Mərmərə üçün hazırkı elmi tədqiqatlar göstərir ki, ən çox 7.0-7.3 bal gücündə zəlzələ ssenarisi ehtimal olunur. Lakin, bir neçə seqmentin qırılması baş verərsə, 7.5 bal gücündə zəlzələ mümkündür. 2025-ci ildə baş verən 6.2 maqnitudalı Silivri zəlzələsi gərginliyin şərqə doğru irəlilədiyini təsdiqlədi və bu da Şahzadə Adaları bölgəsinin əhəmiyyətini artırdı. Ən çox ehtimal olunan ssenari (7.0–7.3 maqnitudalı): yalnız bir seqmentin qırılması; İstanbul mərkəzi üçün geniş yayılmış struktur zədələnməsi, lakin əksər müasir binalar hələ də yerindədir. Ən pis ssenari (7.5+ maqnitudalı): Bir neçə seqmentin qırılması (6 fevral 2023-cü ildəkinə bənzər); Köhnə binalarda geniş yayılmış çökmələr, 40.000–60.000 insan itkisi ehtimal olunur. Buna görə də, mühəndislik və hazırlıq prosesi “ən pis ssenariyə uyğun olaraq” aparılmalıdır.
1912-ci ildən bəri 114 ildir qırılmayan Şahzadə Adaları seqmenti qeyd etdiyimiz hərəkətlənmə ilə “nə zaman?” yox, “nə qədər güclü?” sualını ortaya qoyur. Ən pis ssenariyə hazır olmaq çox vacibdir.

– Bəzən dünyada böyük güclər arasında baş verən qarşıdurma, müharibə və ya genişmiqyaslı siyasi hadisələr zamanı baş verən zəlzələlərin süni şəkildə yaradılması barədə iddialar ortaya çıxır. Bu, elmi cəhətdən nə dərəcədə mümkündür? Bu cür iddialar “Epşteyn işi” qalmaqalı ilə bağlı Türkiyədə baş verən 1999-cu il 17 avqust zəlzələsi haqda da səslənir.

– İnsan amilindən qaynaqlanan (su anbarları, nüvə sınaqları, mədən partlayışları) kiçik miqyaslı təkanlar mümkündür və 3-6 aralığında ölçülə bilər. Lakin, böyük tektonik zəlzələlər (7+ maqnitudalı) yer qabığında böyük enerji boşalmasıdır və insan texnologiyası bu miqyasda zəlzələ yarada bilməz. 7.0 maqnitudalı zəlzələ Xerosimadan 100 qat böyük enerjiyə malikdir. Böyük zəlzələlərin süni şəkildə yaradılması ilə bağlı iddialar elmi və fiziki cəhətdən əsassızdır.

ali

Prof. Dr. Ali Osman Öncel

– Zəlzələlər hansı hallarda süni şəkildə yaradıla bilər?

– Bəli, bunlara insan tərəfindən törədilən təkanlar deyilir. Dünyada zəlzələ monitorinq stansiyalarının inkişafının əsas səbəblərindən biri bu cür təkanların aşkarlanması və təbii zəlzələlərdən fərqləndirilməsidir. İnsan tərəfindən törədilən zəlzələlərin ən yayılmış nümunələri bunlardır:
Nüvə sınaqları: Şimali Koreyanın 2017-ci ildəki yeraltı nüvə sınağı 6.3 maqnituda gücündə qeydə alınıb. Müasir seysmoloji stansiyalar bu hadisələrin vaxtını, yerini, miqyasını və dərinliyini dəqiq müəyyən edir.
Su anbarları: Böyük bəndlərdə suyun toplanması qırılma xətlərində mövcud olan gərginliyin artmasına səbəb ola bilər (2008-ci il Vençuan zəlzələsi). Mədənçilik və neft hasilatı: Qroningen (Hollandiya) təbii qaz yataqlarında illik 3-4 bal gücündə təkanlar qeydə alınır.

– Bəs təbii və insan tərəfindən törədilən zəlzələləri necə ayırd edək?

– İnsan tərəfindən törədilən partlayışların və tektonik zəlzələlərin ilkin və ikinci dərəcəli dalğaları fərqli olur. İlkin dalğa yerdə “itələmə-çəkmə”, səs dalğası kimi sıxılma-genişlənmə hərəkəti yaradır. İkinci dərəcəli dalğalar isə yerdə “titrəmə” hərəkəti yaradır və ipin yellənməsini xatırladır. Tektonik zəlzələlərdə ikinci dərəcəli dalğalar daha güclü və qabarıq olur (fay sürüşməsi səbəbindən). Texniki partlayışlarda isə ilkin dalğa daha dominantdır (partlayış mərkəzindən qaynaqlanır). Müasir seysmologiya dalğa amplitudu nisbətlərinə baxaraq hadisənin təbii və ya süni olduğunu 99% dəqiqliklə müəyyən edir. Məlumdur ki, Türkiyənin şərqindəki bəzi seysmik stansiyalar NATO tərəfindən Soyuq müharibə dövründə Sovet nüvə sınaqlarını izləmək üçün yaradılmışdır. Bu gün dünyada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsinin (CTBT) monitorinq mərkəzləri mövcuddur. Türkiyədəki mərkəz Ankarada yerləşir. 6 fevral 2023-cü il və ya 17 avqust 1999-cu il tarixlərində baş verən böyük zəlzələlərdən sonra sosial mediada bəzən “insan təsiri” və ya “HAARP (ionosfer qatının yüksək tezlikdə tədqiqat proqramı, -red) kimi texnologiyaların istifadəsi” iddiaları yayılır. Lakin bütün seysmoloji məlumatlar ictimaiyyətə açıqdır və bu cür böyük zəlzələlərin tamamilə təbii tektonik proseslərdən qaynaqlandığı aydındır. Müasir dövrdə hətta həvəskar seysmologiya inkişaf edib. Evlərini kiçik zəlzələ stansiyalarına çevirən şəxslər qlobal zəlzələləri qeydə ala və paylaşa bilərlər. Avropada və ABŞ-da “Məktəb Seysmologiyası” proqramlarında iştirak edən lisey şagirdləri hətta dünya miqyasında böyük zəlzələləri real vaxt rejimində izləyə bilirlər.

– Niyə böyük zəlzələlər süni olaraq yaradıla bilməz?

– Böyük zəlzələlər enerji miqyası baxımından süni şəkildə yaradıla bilməz 7.0 maqnituda gücündə zəlzələ Xerosima üzərinə atılan atom bombasının enerjisindən (15 kiloton) təxminən 500 dəfə çoxdur. 7.8 maqnituda gücündə Kahramanmaraş zəlzələsi tarixdəki ən böyük hidrogen bombası sınağının enerjisindən (Çar Bombası, 50 meqaton) 2.5 dəfə çoxdur. Bu enerji adətən yer qabığının 10-20 km dərinliyində boşalır. Süni partlayışlar maksimum 1-2 km dərinlikdə baş verir və bu dərinlikdə böyük tektonik gərginlikləri yaratmaq üçün heç bir mexanizm yoxdur. 7 və ya daha yüksək maqnitudalı zəlzələni süni şəkildə yaratmaq mövcud insan texnologiyası ilə fiziki olaraq mümkün deyil. Çünki bu böyüklükdə zəlzələnin baş verməsi üçün yer qabığında yüz illər ərzində yığılmış tektonik gərginliyin birdən-birə boşalması lazımdır. Süni partlayışlar nə bu enerji miqyasına çata bilər, nə də lazımi dərinlikdə təsir yarada bilər. Buna görə də, böyük tektonik zəlzələlər tamamilə təbiidir və konspirologiya nəzəriyyələri elmi reallığa uyğun gəlmir.

– 6 fevral zəlzələsindən 3 il ötür. Son iki ildə Hatay, Kahramanmaraş, Osmaniye, Adıyaman ve digər illərdə inşa edilən zəlzələyə davamlı mənzillərin açarları yeni ev sahiblərinə təslim edilib. Bundan əlavə, İstanbulda zəlzələ riski altında olan binaların olduğu 39 ilçənin hamısı şəhərsalma layihəsinə daxildir. Türkiyədə zəlzələyə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

– Türkiyədə 6 fevral 2023-cü il zəlzələlərindən sonra aparılan yenidənqurma işləri beynəlxalq miqyasda diqqətəlayiqdir. Üç illik qısa bir müddətdə təxminən 500.000 fərdi yaşayış evinin təhvil verilməsi fəlakətdən sonrakı bərpa prosesinin sürəti baxımından dünyada nadir göstəricidir. Lakin müasir fəlakət risklərinin idarə edilməsinin qızıl qaydası reaktiv (zəlzələdən sonra) deyil, proaktiv (zəlzələdən əvvəl) tədbirləri nəzərdə tutur. Türkiyənin real potensialı zəlzələ baş verməzdən əvvəl bu enerjini və təşkilatçılığı səfərbər etməkdədir. Türkiyədə zəlzələdən sonrakı yenidənqurma işləri oxşar fəlakətlərlə müqayisədə həqiqətən təqdirəlayiqdir. Məsələn, 2011-ci il Tohoku zəlzələsindən sonra Yaponiyada daimi mənzil tikintisi 5-7 il çəkdi. Lakin Türkiyədə zəlzələ zonasında 3 il ərzində 500.000 yaşayış mənzilinin təhvil verilməsi logistika, texniki imkanlar və təşkilatçılıq baxımından mühüm nailiyyətdir. Bu, dövlətin fəlakətdən sonrakı səfərbərlik qabiliyyətini nümayiş etdirir.

Lakin vacib sual budur: Zəlzələ baş verməzdən əvvəl bu potensial niyə eyni sürətlə səfərbər edilə bilmir? Zəlzələdə ciddi şəkildə zədələnmiş və ya dağılmış təxminən 500.000 ev zəlzələdən əvvəl müəyyən edilərək bərpa olunsaydı:
50.000-dən çox ölümün qarşısı əsasən alına bilərdi: 6 fevral zəlzələlərində həyatını itirənlərin 85%-i binanın uçması nəticəsində ölüb. Tikinti fondunun proaktiv şəkildə gücləndirilməsi ölüm hallarını 60-80% azalda bilərdi. Təxminən 100 milyard dollarlıq iqtisadi itki minimuma endirilə bilərdi: Türkiyə Böyük Millət Məclisinin hesabatlarında zəlzələ nəticəsində dəyən maddi ziyan təxminən 100 milyard dollar olaraq qiymətləndirilib. Lakin, proaktiv bina möhkəmləndirməsinin dəyəri zəlzələdən sonrakı yenidənqurma xərclərinin yalnız 1/4-1/6 hissəsini təşkil edir. Başqa sözlə, həmin 100 milyard dollar, zəlzələdən əvvəl xərclənsəydi, 400-600 milyard dollar dəyərində qorumanı təmin edərdi.
Sosial travmanın qarşısı alına bilərdi: Zəlzələ qurbanları olmadan şəhər planlaması yolu ilə həyata keçirilən evakuasiya və köçürülmə insanların psixoloji və sosial travmasını xeyli azaldır.

İstanbul üçün zamana qarşı yarış: İstanbulun 39 ilçəsində şəhər planlaması davam edir və təxminən 924.000 obyekt tamamlanıb. Bu, müsbət göstəricidir. Bununla belə, İstanbulun ümumi tikinti fondu təxminən 3,5 milyon mənzildir və riskli binaların nisbəti hələ də 30-40% civarındadır. Hazırkı templə dönüşümün tamamlanması 15-20 il çəkə bilər.
Bununla belə, Mərmərə zəlzələsi gözləntisi daha qısamüddətlidir: 7+ maqnitudalı zəlzələ üçün 30 illik ehtimal təxminən 60-70% -dir. Sadə dillə desək, bu o deməkdir ki, 2055-ci ilə qədər İstanbulda böyük bir zəlzələnin baş vermə ehtimalı 60-70% -dir. Lakin, şəhər planlaması 15-20 il çəkərsə, bu, təxminən 2040-2045-ci illərdə başa çatacaq. Beləliklə, zəlzələ şəhər planlaması başa çatmamış baş verə bilər.

– O cür böyük zəlzələyə hazır olmaq üçün nə edilməlidir?

– Bunun üçün tempi 2-3 dəfə artırmalıyıq. Hazırkı şəhər planlaması nisbəti ildə 60-80 min vahid civarındadır. Bu nisbətin ildə 150-200 min vahidə çatdırılması lazımdır.

– Bu mümkündürmü?

– Türkiyə zəlzələdən 3 il sonra 500.000 ev tikib. Yəni ildə təxminən 165.000 ev inşa etmək qabiliyyəti artıq sübut olunub. Sadəcə bu qabiliyyəti zəlzələdən əvvəl nümayiş etdirmək lazımdır.

– Bunun üçün konkret nələr tələb olunur?

– Zəlzələdən əvvəl risklərin azaldılması strategiyasına bunlar daxil olmalıdır:
Sürətləndirilmiş struktur gücləndirilməsi: Əsas infrastrukturun (körpülər, viaduklar), xəstəxanaların, məktəblərin və yüksək riskli yaşayış komplekslərinin prioritetə çevrilməsi. İstanbulda təxminən 1,2 milyon riskli ev 5 il ərzində (ildə 240.000 vahid sürətlə) yenidən qurula bilər.
Erkən xəbərdarlıq sistemlərinin genişləndirilməsi: Türkiyənin SAKOYNA (Seysmik Aktivlik və Koordinasiyalı Xəbərdarlıq Şəbəkəsi) sistemi inkişaf etmişdir. Lakin ictimaiyyətin 80%-i erkən xəbərdarlıq bildirişi aldıqda nə edəcəyini bilmir. İctimai maarifləndirmə vacibdir.
İctimaiyyətin məlumatlandırılması və təlimlər: Yaponiyada milli səviyyədə ildə iki dəfə zəlzələ ilə bağlı təlimlər keçirilir. Türkiyədəki məktəblərdə və iş yerlərində bu cür geniş yayılmış təlimlər məcburi olmalıdır.

Təşkilatlararası koordinasiya: AFAD, Ətraf Mühit və Şəhərsalma Nazirliyi, bələdiyyələr, universitetlər və vətəndaş cəmiyyəti təşkilatları arasında vahid mərkəzi risklərin azaldılması platforması yaradılmalıdır. Əgər Türkiyə zəlzələdən sonra göstərdiyi yüksək performansı zəlzələdən əvvəl risklərin azaldılması yönündə nümayiş etdirə bilsə, dünyada zəlzələyə davamlı şəhər planlaması modeli kimi lider ola bilər. Bu yanaşma təkcə Türkiyə üçün deyil, həm də İran, Yunanıstan, İtaliya, Nepal və İndoneziya kimi zəlzələ riski ilə üzləşən bütün ölkələr üçün nümunəvi model ola bilər.


MANŞET XƏBƏRLƏRİ