XXI əsrdə iqtisadi, sosial və siyasi gücün əsas determinantı informasiya resursları və süni intellekt texnologiyalarıdır. Fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirə rəqəmsal transformasiya istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasətin müzakirəsinə həsr olunmuşdu. Dövlət başçısı öz çıxışında süni zəkanın tətbiqini, data mərkəzlərinin yaradılmasını və rəqəmsal idarəetmə islahatlarının həyata keçirilməsini ölkəmizin gələcək inkişafını müəyyən edən əsas strateji istiqamətlər kimi müəyyən etdi.
Müşavirədə qeyd olunub ki, ölkəyə cəlb edilmiş 350 milyard dollardan artıq xarici sərmayə iqtisadi etibarlılığı və strateji tərəfdaşlıq potensialını gücləndirir. Bu təcrübə, rəqəmsal transformasiya sahəsində tətbiq olunduqda, ölkəni regional və qlobal rəqəmsal ekosistemlərdə etibarlı aktora çevirə bilər.
Azərbaycanın coğrafi mövqeyi – Asiya və Avropanın kəsişməsində yerləşməsi nəqliyyat və enerji dəhlizləri üçün üstünlük olmaqla yanaşı, həm də rəqəmsal informasiya magistrallarının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Bu məqsədlə data mərkəzlərinin inkişafı və süni intellekt texnologiyalarının tətbiqi, həmçinin enerji təminatı kritik amil kimi irəli sürülür. Ölkənin 10 min meqavat generasiya gücü və əlavə 2 min meqavat potensialı, eləcə də bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr rəqəmsal infrastrukturun enerji tələbatını qarşılayacaq strateji bazanı təmin edir.
Beynəlxalq əməkdaşlıq Azərbaycan üçün rəqəmsal transformasiyanın texnoloji və maliyyə imkanlarını genişləndirir. ABŞ, Çin və Avropa İttifaqının bir sıra üzv dövlətləri ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri ölkənin rəqəmsal inkişaf sahəsində strateji mövqeyini də gücləndirir. Bu sahədə fəaliyyət göstərən qlobal şirkətlərlə aparılan danışıqlar Azərbaycanda rəqəmsal transformasiyanın sistemli şəkildə həyata keçirilməsinə şərait yaradır.
Rəqəmsal transformasiyanın mərkəzində dayanan əsas amillərdən biri də İnsan kapitalıdır. Bu baxımdan müvafiq ixtisas profilləri üzrə mütəxəssis hazırlığı xüsusilə vacibdir. Orta məktəblərdə süni intellekt üzrə ilkin tədrisin tətbiqi analitik düşüncənin, problem həll etmə qabiliyyətinin və rəqəmsal etik mədəniyyətin inkişafını təmin edəcəkdir. Ali təhsil və xaricdə təhsil alan tələbələrin bu sahədə peşəkarlıq səviyyəsini artırması ölkəmizdə süni intellektin səmərəli tətbiqi üçün zəruri potensialın yaradılmasına hesablanıb.
Dövlət idarəçiliyində rəqəmsallaşma səmərəliliyin əsas vasitəsidir. Müxtəlif rəqəmsal sistemlərin inteqrasiyası və ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsi idarəetmədə şəffaflığın və effektivliyin təmin olunmasında mühüm rol oynaya bilər. Odur ki, dövlət başçısı hər bir dövlət qurumunda rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə məsul strukturun yaradılmasını zəruri hesab edir. Prezident Əliyev dövlət xidmətlərinin vahid “mygov” platforması üzərindən təqdim edilməsi, texnoloji innovasiyaların tətbiqini sürətləndirmək məqsədilə özəl sektora dəstək mexanizmlərinin yaradılması və startap ekosisteminin stimullaşdırılması üçün lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdi..
Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan üçün rəqəmsal transformasiya post-neft dövrü iqtisadiyyatının əsas komponenti kimi nəzərdə tutulur. Bu gün Azərbaycanın malik olduğu enerji infrastrukturu, əlverişli coğrafi mövqeyi, geniş formatlı beynəlxalq əməkdaşlıq əlaqələri və insan kapitalı kimi amillərin sintezi ölkəni regional rəqəmsal mərkəzə çevirmək potensialına malikdir. Belə bir yanaşma həm milli iqtisadi müstəqilliyin gücləndirilməsini, həm də ölkəmizin beynəlxalq rəqabət qabiliyyətini artırmaqla gələcəkdə texnoloji inkişaf sahəsində liderlər sırasına çıxmağını təmin edə bilər.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı