Rusiya Xarici İşlər Nazirliyi-nin sözçüsü Mariya Zaxarova rusiyalı müxalifətçi Aleksey Navalnının həbsxanada ölümcül toksinlə zəhərlənərək öldüyü iddiasını “Qərbin diqqətini öz həyati problemlərindən yayındırmaq məqsədi daşıyan uydurma” adlandırıb.
Turkustan.az xəbər verir ki, Zaxarova bu barədə açıqlamasında bildirib ki, sözügedən iddialar reallığı əks etdirmir.
TASS xəbər agentliyinin məlumatına görə, Zaxarova 2024-cü ilin fevralında həbsxanada vəfat edən Navalnı ilə bağlı Qərb ölkələrinin birgə bəyanatına münasibət bildirərək deyib: “Bütün bəyanatlar və müzakirələr Qərbin diqqətini öz həyati problemlərindən yayındırmağa yönəlmiş uydurmalardır”.
Zaxarova əlavə edib ki, Qərb Navalnını “Şimal Axını” təbii qaz boru kəmərindəki partlayışla bağlı istintaqın nəticələrinin açıqlanmalı olduğu bir vaxtda xatırlayıb. Onun sözlərinə görə, keçmişdə Navalnının test nəticələrinin açıqlanması üçün rəsmi müraciət edildikdə, qarşı tərəf ikiqat agent kimi təqdim edilən Sergey Skripalla bağlı sensasion iddialar irəli sürüb. Zaxarova həmçinin Skripal və qızının harada olması məsələsinin də cavabsız qaldığını vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az