10 fevral 1974-cü ildə Qubadlı rayonun Qayalı kəndində doğulur...
1981 / 1990-cı illərdə Qayalı kənd orta məktəbində təhsil alır...
1992-ci ildə Birinci Qarabağ müharibəsinə qatılaraq Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin taborunda topçu olaraq döyüşür...
1993 / 1995-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər məktəbini "Motoatıcı" ixtisası üzrə bitirir...
1995 / 2010-cu illərdə Azərbaycan SQ-nin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində;
2010 / 2012-ci illərdə Balakən rayonunda yerləşən "N" saylı hərbi hissəsində;
2012 / 2013-cü illərdə Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində;
2013-cü ildən isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir...
Xidməti müddətində polkovnik-leytenant rütbəsinə qədər yüksəkir...
2016-cı ilin Aprel döyüşlərində ijştirak edərək düşmənin yüksək rütbəli zabitlərində bir neçəsini məhv edir və bu şücaətinə görə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilir...

Vətən müharibəsində Kəşfiyyat bölməsinin komandiri kimi ilk cəbhənin yarılmasında cəsurluq göstərən, düşmənin “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən biri olan və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq, 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edən, düşmənin artilleriya atəşi nəticəsində vurulan BMP döyüş maşınında yaralanmış döyüş yoldaşını xilas etmək istəyərkən şəhidlik mərtəbəsinə yüksələn ilk yüksək rütbəli zabitlərimizdən olan Silahlı Qüvvələrin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Faiq Qaçay oğlu Qasımov!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli, "Hərbi Xidmətdə fərqlənməyə görə" 3-cü dərəli medallarla, həmçinin, "Azərbaycan Silahlı Qüvvələrinin Veteranı" medalı, "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilir.
Faiq Qasımovun qardaşı, "Qorxmazçılar batalyonun komandiri Həsənqulu Qasımov ( Həsən Qorxmaz) Qubadlı rayonunun Yuxarı Cibikli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bundan sonra qəhrəmanımız qardaşının intiqamını almaq, üçün hərbçi olmağı qərara alır və qardaşının qisasını alacağına söz verir və sözünü tutur.
Qəhrəmanımız Aprel döyüşlərində iştirakı ilə bağlı deyır: "Milli Qəhrəmanımız Şükür Həmidovun rəhbərliyi altında biz düşməni geri otuzdurib mövqelərimizi bərkitdik. Düşmənin yalvarışını biz gördük. Hər bir hərbi qulluqçumuzda, zabitimizdə, əsgərimizdə, hamıda yüngüllük hissi var idi. Bu bayrağı qürur hissi ilə biz bura (qeyd: Lələtəpəyə) yerləşdirdik. Gün o gün olsun ki, Ali Baş Komandanımızın hər bir əmri, göstərişi ilə Azərbaycan ordusu hər dəqiqə hazırdır itirilmiş torpaqlarımızı bərpa etməyə".
Ən böyük arzusu Qubadlı rayonunun Qayalı kəndində qardaşı Həsən Qorxmazın məzarını ziyarət etmək olsa da, o bu arzusuna çatmır. Lakin vəsiyyətinə uyğun olaraq qardaşının ifa etdiyi mahnının sədaları altında II Şəhidlər xiyabanında dəfn olunur.
Uşaqlıqdan idmana marağı olur. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevdən dərs alır, idmanın sirlərini öyrənir. Əliyar Əliyev onun həm məşqçisi həm də ilk Komandiri olur.
Qeyd, edim ki, qəhrəmanımızın digər qardaşı Birinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə qəlpə yarası alır və bir müddət sonra vəfat edir.
Yaxın qohumu və sinif yoldaşı olan Zəkiyyə Quliyeva deyir ki, "Faiqlə uşaqlığımız bir yerdə keçib. O həmikşə qohumlar arasında da, məktəbdə də çox sevilib. Sinifdə də lider idi. İstər savadda, istər davranışda, idtərsə də dünya görüşündə bizdən çox fərqliydi. Çox sadə, səmimi, qəlbi təmiz insan idi. Bir tikəsini belə bölüşərdi yanındakılarla. O qədər mərhəmətliydi ki... "
Qardaşı Gəray Qasımov:" Qubadlıya o vaxt hücum olanda hamı qərara aldı ki, arvad uşağı kənddən çıxartsın, kişilər qalsın döyüşməyə. Mən də ailədəki xanımları, uşaqları İmişliyə dostumun evinə aparıb qoydum və geri gəldim. Həsən Qorxmaz gəlib görür evdə heç kim yoxdur. Məsələni öyrənir, qayıdır ku, "gedirdisə, elə atadının qəbrini də aparaydı!" Mən bunu eçidəndə elə bir hala, düşdüm, elədiyimə də peşiman oldum. Gedib hamısını gətirib, təzədən qaytardım kəndə. Bax onlar belə oğul idi."
Ailə üzvləri ona bir neçə dəfə təqaüdə çıxmağı təkid etsələr də, o qətiyyətlə rədd edir və cavabında deyir: "Yox! Bu hərbi paltarı, botinkanı mən torpaqlarımızı azad etməyənə qədər, Həsən Qorxmazın məzarını ziyarət etmədən, torpaqlarımız işğaldan azad edilmədən çıxartmayacam!"
General-mayor Polad Həşimovun ölüm xəbərindən sarsılan və göz yaşlarını tuta bilməyən qəhrəmanımız çox keçmədən öz şəhidliyi ilə doğmalını göz yaşına boğur... Lakin bu dəfə təkcə kədərdən deyil, həm də qürurdan!
Öz vəsiyyətinə əsasən İgidimiz Həsən Qorxmasın gözəl, unudulmaz səsi ilə son mənzilə köçən qəhrəmanım! Əminəm ki, biz səni qürurla xatırladığımız kimi, igid qardaşın da səni qürurla, fəxrlə qarşılayıb!
Bu vətənin zəfər tarixini yazan qəhrəman qardaşları heç vaxt unutmayacaq, daim fərəhlə, rəhmətlə, qürurla yad edəcəyik!
Sevinc Bəhmənli



