Epşteyn işində adı çəkilən şəxslərin siyahısı ABŞ Konqresinə təqdim edildi


ABŞ Ədliyyə Nazirliyinin Konqresə, milyarder Ceffri Epşteynlə bağlı sənədlərdə adı keçən şəxslərin siyahısını göndərdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ mediasında yer alan xəbərlərə görə, sözügedən sənəd Epşteyn işi çərçivəsində toplanmış materiallarda adları hallanan şəxslərlə bağlı məlumatları əhatə edir. Epşteyn ABŞ-da yetkinlik yaşına çatmayan qızları istismar edən şəbəkə yaratmaqda ittiham olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı.

Məlumata əsasən, sənəd Senat və Nümayəndələr Palatasının Məhkəmə Komitələrinin sədrlərinə təqdim olunub. Altı səhifəlik sənəddə Epşteyn materiallarına tətbiq edilən redaktə və məxfilik tədbirlərinin səbəbləri izah edilir.

Politiconun müxbiri Coş Gerşteyn tərəfindən yayımlanan məlumata görə, sənədlərdə adı keçən tanınmış şəxslər arasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton, “Microsoft”un həmtəsisçisi Bill Qeyts, “Meta”nın təsisçisi Mark Zuckerberg, ABŞ-ın vitse-prezidenti JD Vance, ABŞ dövlət katibi Marko Rubio və Prezident Donald Tramp də yer alır.

Qeyd olunur ki, sənədlərdə adının çəkilməsi həmin şəxslərin hər hansı cinayətdə təqsirli olması anlamına gəlmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ