ABŞ Prezidenti Donald Trampın “sərhəd çarı” adlandırdığı sərhəd təhlükəsizliyi rəisi Tom Homan 2025-ci ilin dekabrından etibarən Minnesota ştatının Minneapolis şəhərində həyata keçirilən və ölkə daxilində geniş narazılığa səbəb olan immiqrasiya əməliyyatları ilə bağlı mətbuat konfransı keçirib.
Turkustan.az xəbər verir ki, Homan bildirib: “Buradakı səylərimiz nəticəsində Minnesota artıq cinayətkarlar üçün əvvəlki qədər təhlükəsiz yer deyil”. O əlavə edib ki, bölgədəki əməliyyatlara son qoyulmasını Prezident Trampa təklif edib və ABŞ lideri bu təklifi qəbul edib.
İki aydan artıq davam edən əməliyyatların Minnesota ştatını Amerika xalqı üçün “daha təhlükəsiz bir yerə” çevirdiyini iddia edən Homan vurğulayıb: “Təkrar edirəm, bura artıq cinayətkarlar üçün sığınacaq deyil”.
Fevralın 4-də keçirilən mətbuat konfransında Homan 700 federal agentin “Minneapolisdən dərhal ayrılacağını” açıqlayıb. Onun sözlərinə görə, qüvvələrin geri çəkilməsi bu həftə başlayıb və gələn həftə də davam edəcək.
Minnesota qubernatoru Tim Walz isə fevralın 10-da mətbuata açıqlamasında dekabrda başlayan qanunsuz immiqrantlara qarşı əməliyyatların “həftələr və ya aylar deyil, günlər içində” başa çatacağına ümid etdiyini bildirib.
ABŞ hökumət rəsmilərinin məlumatına görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) bölmələrinin Minneapolis–Sent-Pol metropoliten ərazisində keçirdiyi əməliyyatlar nəticəsində 4000-dən çox şəxs saxlanılıb.
Aytən Yaşar/ Turkustan.az