Suriyada atəşkəs razılaşması əldə edildi


Suriyada Dəməşq hökuməti ilə Xalq Müdafiə Bölmələri (YPG) arasında yeni atəşkəs razılaşması əldə olunub.

Turkustan.az xəbər verir ki, razılaşma təmas xəttindən hərbi qüvvələrin çıxarılmasını, eləcə də YPG-nin və əvvəllər onun nəzarətində olmuş ərazilərin Suriyada yaradılan yeni mərkəzləşdirilmiş idarəetmə sisteminə mərhələli şəkildə inteqrasiyasını nəzərdə tutur. Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, sənəd Suriya hökumət qüvvələri ilə YPG bölmələri arasında atəşkəs rejiminin təmin olunmasını, həmçinin hər iki tərəfin hərbi və inzibati strukturlarının tədricən birləşdirilməsini əhatə edir.

Razılaşmaya əsasən, sabitliyin möhkəmləndirilməsi məqsədilə təmas xəttindən hərbi qüvvələr geri çəkiləcək, Suriya Daxili İşlər Nazirliyinin təhlükəsizlik bölmələri isə Haseke və Qamışlı şəhərlərinin mərkəzlərinə yerləşdiriləcək. Bundan əlavə, bölgədə təhlükəsizlik qüvvələrinin inteqrasiyası prosesi aparılacaq və YPG-nin də daxil olduğu yeni hərbi bölmələr formalaşdırılacaq.

Saziş həmçinin əvvəllər YPG-nin nəzarətində olmuş ərazilərdə fəaliyyət göstərən qondarma muxtar inzibati strukturların Suriya dövlət qurumlarına inteqrasiyasını, eləcə də dövlət qulluqçularının vəzifələrinin qorunmasını nəzərdə tutur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ