“Gürcü ssenarisi”: Ruben Bakıdadır, Karapetyan seçkiyə girir


Rusiyalı məşhur oliqarx, milyarder Samvel Karapetyanın təsis etdiyi partiyanın Ermənistanda bu il keçiriləcək parlament seçkilərində iştirak edəcəyi iddia edilib.

Turkustan.az xəbər verir ki, Ermənistanın rusiyayönlü media qurumları Karapetyanın ötən ilin noyabrında partiya təsis etdiyini, ancaq təsis qurultayı haqda mediaya geniş informasiya verilmədiyini xatırladıb. Bildirilib ki, İrəvandakı “Dvin” otelində keçirilən təsis qurultayında partiyanın necə adlandığı da açıqlanmayıb.

“Hraparak” yazıb ki, Samvel Karapetyanın yaratdığı və seçkilərə qatılacaq partiya "Güclü Ermənistan" adlanacaq.

Qeyd edək ki, bu ssenarinin Rusiya tərəfindən cızıldığı haqda iddialar var. İddiaya görə, gürcü əsilli rusiyalı milyarder Bidzina İvanişvili ilə Gürcüstanda reallaşdırılan ssenari indi də Ermənistana tətbiq edilir. İlk cəhd Ruben Vardanyan üzərindən edilmişdi. Rusiya vətəndaşı olan erməni əsilli milyarder Vardanyan vətəndaşlıqdan imtina edərək, Xankəndiyə gəlir, burda “milli qəhrəmana” çevrilir və nəticədə Ermənistana qayıdaraq, seçkilərə qatılıb, “Erməni arzusu”nu hakimiyyətə gətirir.

Ancaq bu ssenari alınmadı, Azərbaycan Ruben Vardanyanı cinayət məsuliyyətinə cəlb edə bildi və onun hazırda Ermənistandakı yaxın aylar və illərdəki seçkilərə qatıla bilməsi üçün Bakı türməsindən azad ediləcəyi ehtimalı çox azdır.

Bundan sonra isə erməni əsilli rusiyalı digər milyarder - Samvel Karapetyan dövriyyəyə buraxıldı. O da Vardanyan kimi “milli və dini təəssübkeşlik” üzərindən siyasətə qarışdı və daha çox kilsənin müdafiəçisi kimi çıxış edərək, ənənəvi “rusiyayönlü kontingent”in rəğbətini qazanmağa çalışdı.

R.Köçəryanın zaminə götürülməsi üçün ödənişi etməsi, üstəlik, kilsələrin təmirinə vəsait xərcləməsi bu “xeyriyyəçi” iş adamını getdikcə siyasətin mərkəzinə daşıdı. Nəhayət, onun müxalifətin və kilsə təmsilçisinin aksiyalarını maliyələşdirməsi təsdiqlənəndən sonra Karapetyanın sahibi olduğu “Taşir”in tabeliyindəki “Ermənistan Elektrik Şəbəkəsi”nə qarşı çirkli pulların yuyulması, vergidən yayınma və digər ittihamlarla cinayət işi başlandı. Karapetyan isə hakimiyyətin zorla ələ keçirilməsinə çağırışda da ittiham olundu və 2025-ci ilin iyununda həbs edildi.

Karapetyan yalnız Yeni il qabağı, 30 dekabrda ev dustaqlığına buraxılıb. Onun həbsdə olduğu vaxt partiya təsis etməsi, amma bunu ictimaiyyətdən gizlətməsi, o cümlədən ev dustaqlığına buraxılan kimi yeni iddianın - partiyasının seçkilərə qatılacağının mediaya sızması diqqət çəkir.

Xatırladaq ki, “Forbes”ə görə, S.Karapetyanın sərvəti Vardanyandan az qala 3 dəfə çoxdur - 4,5 milyard dollar. /axar.az/


MANŞET XƏBƏRLƏRİ