2026-cı ildə gözlənilən 13 VACİB HADİSƏ


Britaniyanın nüfuzlu "Financial Times" (FT) qəzeti 2026-cı il üçün qlobal siyasi və iqtisadi prosesləri əhatə edən illik proqnozunu dərc edib.

Turkustan.az-ın məlumatına görə, nəşr qeyd edir ki, ötən il üçün irəli sürülmüş 20 ehtimaldan yeddisi doğrulmayıb və bu, proqnozların hazırlandığı dövrdən bəri ən zəif nəticə kimi qiymətləndirilir.

FT 2026-cı ilin əsas risklərini və gözləntilərini yenidən diqqət mərkəzinə gətirib.

1. Ukrayna və Rusiya müharibəsi – Ukrayna prezidenti Volodimir Zelenski Rusiyayla mümkün sülh razılaşması çərçivəsində Donbasdan imtina etməyə məcbur olmayacaq. Qəzet yazır ki, bu cür addım konstitusion, hərbi və siyasi baxımdan Kiyev üçün son dərəcə risklidir. Ukraynanın kapitulyasiyası yalnız müdafiə xəttinin tam və gözlənilməz şəkildə çökməsi halında mümkün ola bilər. Donbas ətrafında demilitarizasiya zonasının yaradılması ideyası isə həm Ukrayna, həm də Rusiya üçün qəbuledilməz sayılır.

2. Donald Tramp və tarif siyasəti – ABŞ prezidenti Donald Tramp yarımkeçiricilər və əczaçılıq məhsulları üzrə yeni gömrük rüsumlarının tətbiqindən geri çəkiləcək. Buna səbəb kimi fond bazarlarında dəyər itkisi, Çinin və digər ölkələrin cavab addımları, həmçinin ABŞ-da istehlak qiymətlərinin artması göstərilir. Qəzet qeyd edir ki, bu amillər Trampın sərt tarif kampaniyasını zəiflədib.

3. ABŞ Konqresi və aralıq seçkiləri – 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərindən sonra Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu itirə bilərlər. Bu halda Demokratlar Tramp administrasiyasına qarşı istintaqlara başlamaq imkanı əldə edəcək. Qəzet impiçment prosesinin başlanmasını da istisna etmir, lakin Trampın bunun qarşısını almaq üçün bütün siyasi resurslarını səfərbər edəcəyi vurğulanır.

4. Fransada siyasi vəziyyət – 2026-cı ildə Fransada növbədənkənar parlament seçkiləri keçirilməyəcək. Siyasi partiyalar diqqəti 2027-ci ilin yazına planlaşdırılan prezident seçkilərinə yönəldib. Qəzet xatırladır ki, 2024-cü ildə keçirilən parlament seçkiləri Emmanuel Makronun koalisiyasını zəiflədib və təkrar seçkilər partiyalar üçün cəlbedici deyil.

5. Almaniya və ifrat sağçılar – Kansler Fridrix Merts Xristian-Demokrat İttifaqının ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası ilə əməkdaşlığını qadağan edərsə, ciddi siyasi sınaqla üzləşə bilər. Xüsusilə qarşıdan gələn beş regional seçkidə AfD-nin mümkün uğurları bu təzyiqi daha da artıra bilər.

6. Yaponiya hökuməti – Qəzetin proqnozuna əsasən, Yaponiyada baş nazir Sanae Takaici 2026-cı ildə də vəzifəsində qalacaq. Financial Times qeyd edir ki, inflyasiya və faiz dərəcələrinin artmasına baxmayaraq, Takaici hələ də ictimai və siyasi dəstəyə malikdir.

7. Böyük Britaniyada daxili risklər – FT yazır ki, Böyük Britaniyanın baş naziri Kir Starmer və Leyboristlər Partiyası may ayında keçiriləcək yerli seçkilərdə çətinliklərlə üzləşə bilər. Zəif nəticələr partiya daxilində narazılıqları gücləndirə və hakimiyyətin yuxarı eşalonunda dəyişikliklərə səbəb ola bilər.

8. Səudiyyə Ərəbistanı–İsrail münasibətləri – Səudiyyə Ərəbistanı 2026-cı ildə İsraillə münasibətləri normallaşdırmayacaq. Ər-Riyad Fələstin dövlətinin yaradılmasına aparan konkret və aydın yol xəritəsi tələb edir. İsrailin baş naziri Benyamin Netanyahu bu tələbi rədd edir və FT-yə görə, hətta hakimiyyət dəyişikliyi olsa belə, İsrailin mövqeyində ciddi dəyişiklik gözlənilmir.

9. "Tesla" və elektromobil bazarı – Qəzet bildirir ki, İlon Maskın Tesla şirkəti ABŞ, Avropa İttifaqı və Çin bazarlarında əvvəlki payını bərpa edə bilməyəcək. ABŞ-da elektromobillər üçün federal vergi güzəştlərinin müddətinin bitməsi, Avropada tənzimləyici qeyri-müəyyənlik və Çində artan rəqabət şirkətin mövqelərini zəiflədir.

10. Mərkəzi bankların siyasəti – Dünyanın aparıcı mərkəzi bankları faiz dərəcələrinin endirilməsi siyasətini davam etdirəcək. İstisna kimi yalnız Yaponiya Mərkəzi Bankı göstərilir.

11. Çin yuanının məzənnəsi – Qəzet proqnozlaşdırır ki, yüksək ticarət profisiti və iqtisadiyyatda deflyasiya əlamətləri səbəbindən Çin yuanının məzənnəsi 2026-cı ildə bahalaşmayacaq.

12. Qızıl bazarı – Financial Times qızılın qiymətinin bir unsiya üçün 5 min dolları keçəcəyini ehtimal edir. Buna səbəb kimi mərkəzi bankların aktiv alışları, büdcə kəsirləri, geosiyasi risklər və “fiat” valyutalara inamın azalması göstərilir.

13. Süni intellekt sektoru – FT hesab edir ki, süni intellekt sahəsində formalaşmış bazar şişirdilməsi partlaya bilər. Investorlar artıq texnologiya nəhənglərinə daha tənqidi yanaşır, xüsusilə Nvidia-nın mövqeləri Google-un irəliləyişi və Meta səhmlərinin ucuzlaşması fonunda sual altına düşür.

Beləliklə, FT-nin 2026-cı il üçün proqnozu dünyada siyasi qeyri-müəyyənliyin və iqtisadi risklərin davam edəcəyini, bir çox sahədə isə kəskin dönüşlərin mümkün olduğunu göstərir. https://modern.az/


MANŞET XƏBƏRLƏRİ