Bayram günlərində qidalanma ilə bağlı risklər müəyyən qədər artır. Mütəxəssislər bildirirlər ki, ağır və uyğun olmayan qida kombinasiyaları həzm problemlərinə, halsızlığa və mədə narahatlıqlarına səbəb ola bilər. Bu baxımdan bayram süfrəsində düzgün seçim və qida balansının qorunması əsas şərt kimi qiymətləndirilir.
Bəs bayram günlərində hansı qidaları eyni vaxtda qəbul etmək olmaz və nələrə diqqət yetirilməlidir?
Globalinfo.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, bayram və məclis günlərində orqanizm çoxlu miqdarda qidanı problemsiz şəkildə həzm etmək üçün uyğun deyil.
Onun sözlərinə görə, sağlamlığa zərər verməmək üçün həddindən artıq yeməkdən çəkinmək, gündəlik qəbul edilən kiçik porsiyalara üstünlük vermək vacibdir:
“Qidaların mənşəyi bəlli olmalı, düzgün bişirilməsinə və saxlanılmasına diqqət yetirilməlidir. Həzmi asanlaşdırmaq üçün yeməklər yaxşı çeynənməli, qazlı və rəngli şirəli içkilər əvəzinə kifayət qədər su qəbul edilməlidir. Tövsiyə olunan norma hər kiloqram bədən çəkisinə görə təxminən 30 millilitr sudur. Bayram süfrələrində xüsusilə mayonezli salatlar, kremli tortlar və tərkibində yumurta çox olan şirniyyatlar riskli qidalar hesab olunur və hazırlandıqdan sonra tez istehlak edilməlidir”.
Mütəxəssis əlavə edib ki, ət və ət məhsulları, xüsusən toyuq və balıq əti yaxşı bişirilməli və yalnız istehlak ediləcək qədər hazırlanmalıdır:
“Süd məhsulları tez xarab olduğundan, həmçinin bəzi insanlarda laktoza həssaslığı yaratdığından ehtiyatla qəbul olunmalıdır. Yeməklərin hazırlanması zamanı tərəvəzlər yaxşı yuyulmalı, çiy ətlə təmasdan sonra sanitar-gigiyena qaydalarına ciddi əməl edilməlidir. Ət, tərəvəz və çörək üçün ayrı-ayrı doğrama lövhələri və bıçaqlardan istifadə edilməsi tövsiyə olunur. Ağır və yağlı yeməklərlə birlikdə mayonezli salatların qəbulu mədəni həddindən artıq yüklədiyindən bu qidalar az miqdarda istehlak olunmalıdır. Yeməklərlə birlikdə qazlı içkilər məsləhət görülmür. Xüsusilə azyaşlılar, yaşlı insanlar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar qida qəbulunda daha diqqətli olmalıdırlar”.

Məhsəti Hüseynova
Ekspertin sözlərinə görə, ürəkbulanma, qusma, qarın ağrısı və ishal kimi əlamətlər qida zəhərlənməsinə işarə edə bilər:
“Belə hallarda ağır yeməklərdən uzaq durmaq, bol maye qəbul etmək, əlamətlər 24 saatdan artıq davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır. Eyni zamanda yeməkləri gec saatlara saxlamamaq, yeməkdən sonra isə imkan daxilində açıq havada qısa gəzinti etmək həzmi asanlaşdırır”.
“Refresh Group” MMC-nin qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov da bildirib ki, bayram günlərində dadlı təamlar hazırlanarkən qida təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.
Onun sözlərinə görə, əsas məqamlardan biri qidaların düzgün temperatur rejimində saxlanılması və istehlak edilməsidir:
“Xüsusilə isti qidalar 5-65 (bəzi mənbələrdə 5-60) dərəcə Selsi temperatur aralığında qəbul edilməməlidir. Bu temperatur diapazonu beynəlxalq praktikada “təhlükəli zona” kimi tanınır. Məhz bu aralıqda bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır. İsti yeməklər və hazır qida məhsulları maksimum iki saat ərzində yeyilməlidir”.

Seymur Qafarov
S.Qafarov qeyd edib ki, soyuq qidalar istər məişətdə, istərsə də ictimai iaşə müəssisələrində istehlak miqdarına uyğun hazırlanmalı və 0-5 dərəcə Selsi temperaturda soyuducuda saxlanmalıdır:
“Bayram günündən ertəsi günə qalan qidalar mümkün qədər az miqdarda hazırlanmalı, saxlamaq zərurəti yaranarsa, salatların tərkib hissələri – yaşıl noxud, qarğıdalı dənələri, bişmiş çuğundur, kartof, xiyar və pomidor ayrı-ayrılıqda saxlanılmalı, yalnız ertəsi gün birləşdirilməlidir. Bu qayda həm yağlı, həm də mayonezli salatlara aiddir. Ət və ət məhsullarında mikrobioloji çirklənmənin qarşısını almaq üçün yeməklərin daxili temperaturu ən azı 75 dərəcə Selsi olmalı və bu temperaturda minimum iki dəqiqə saxlanmalıdır. Bu halda bakterial çirklənmə riski aradan qalxmış hesab olunur”.
Ekspert onu da əlavə edib ki, qidaların üst-üstə və həddindən artıq ağır şəkildə qəbul edilməsi tövsiyə olunmur:
“Şorbalar, əsas yeməklər, qarnirlər, desertlər, meyvələr və qənnadı məmulatları arasında müəyyən fasilə verilməsi daha məqsədəuyğundur. Yeməkdən sonra qısa gəzinti isə həzm prosesini asanlaşdırır və növbəti gün mədədə ağırlıq hissinin yaranmasının qarşısını alır”.